Ermənistan parlamentinin sədri Ruben Rubinyanın ölkənin sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanı ölkənin müstəqilliyinin əsas düşmənləri adlandırması İrəvanın daxili siyasi gündəmində diqqətçəkən müzakirələrə yol açıb. Bu bəyanat təkcə keçmiş hakimiyyətlə hazırkı siyasi rəhbərlik arasındakı qarşıdurma baxımından deyil, həm də Ermənistanın Azərbaycanla münasibətlərində yeni mərhələyə keçmək cəhdləri kontekstində maraq doğurur. Bəs Rubinyanın bu sərt açıqlamasının arxasında hansı siyasi hesablamalar dayanır? İrəvanın keçmiş rəhbərlərə münasibətində dəyişiklik Azərbaycanın maraqları baxımından hansı nəticələr doğura bilər? Ermənistan gələcəkdə Azərbaycana qarşı cinayətlərdə ittiham olunan bu şəxslərin təhvil verilməsi məsələsini gündəmə gətirə bilərmi?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan politoloq Əli Mustafanın sözlərinə görə, bu məsələdə diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, istər Levon Ter-Petrosyan, istər Robert Koçaryan, istərsə də Serj Sarqsyan Ermənistanın prezidenti olub və hər üçü Qarabağın işğalı prosesində iştirak edib. Onları birləşdirən ümumi cəhət də məhz budur:
"Düzdür, Ter-Petrosyan sonrakı prezidentlərdən müəyyən qədər fərqlənib. Belə ki, o, müəyyən dövrdə Azərbaycanla anlaşmaq və barışığa nail olmaq istəyib. O, sülh sazişinin vacibliyini anlayırdı, lakin bu niyyətini reallaşdıra bilmədi. Görünən odur ki, Robert Koçaryan və Serj Sarqsyan da onun bu siyasətinə mane olublar. Ancaq vacib bir məqamı da unutmaq olmaz. Azərbaycan torpaqlarının işğalı məhz Ter-Petrosyanın prezidentliyi dövründə baş verib. Buna görə də o, həmin siyasi mirasın və Azərbaycana qarşı törədilən cinayətlərin əsas məsul şəxslərindən biridir. Nə vaxtsa münaqişənin səbəbkarlarının müəyyənləşdirilməsi və mühakimə olunması məsələsi gündəmə gələcəksə, Ter-Petrosyan da məsuliyyətə cəlb edilməlidir. Onun sonrakı prezidentlərdən fərqli siyasi mövqeyə malik olması bu məsuliyyəti aradan qaldırmır. Bəs Ruben Rubinyan nə üçün sabiq prezidentləri Ermənistanın düşmənləri kimi təqdim edir? Düşünürəm ki, burada əsas məsələ Rusiyanın regiondakı geosiyasi maraqları ilə bağlıdır. Ermənistan uzun müddət Rusiyanın təsir dairəsində olub. SSRİ dağılanda Ermənistanın prezidenti Levon Ter-Petrosyan idi. O, 1991-1998-ci illərdə ölkəyə rəhbərlik edib. 1998-2008-ci illərdə Robert Koçaryan, 2008-2018-ci illərdə isə Serj Sarqsyan prezident olub. Yəni Ter-Petrosyan müstəqil Ermənistanın ilk prezidenti idi. Bununla belə, hesab edirəm ki, sonrakı siyasi rəhbərliklər Rusiyanın Cənubi Qafqaz siyasətinin alətinə çevriliblər. Bu mənada, Qarabağın işğalı həm Azərbaycanı, həm də Ermənistanı Rusiyanın təsir dairəsində saxlamaq üçün istifadə edilən vasitələrdən biri olub. Nəticədə Ermənistanın müstəqil dövlət kimi formalaşmasına da ciddi maneələr yaranıb. Paşinyan da dəfələrlə bu məqama diqqət çəkib. Onun mövqeyinə görə, Qarabağın işğalı siyasəti, Azərbaycan və Türkiyə ilə davamlı düşmənçilik Ermənistanın müstəqil dövlət kimi inkişafına mane olub. Hesab edirəm ki, bu yanaşmada müəyyən həqiqət var".

Politoloqun sözlərinə görə, Ermənistanın Qərbə inteqrasiya etməsi, Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirməsi və ya gələcəkdə NATO ilə münasibətlərini inkişaf etdirməsi suveren dövlət kimi onun öz seçimidir:
"Ancaq Rusiya hazırda Ermənistanı da yenidən özünün de-fakto təsir dairəsinə qaytarmağa çalışır. Paşinyan və komandası isə bu siyasəti qəbul etmir. Məhz buna görə də Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında siyasi qarşıdurma davam edir. Sabiq prezidentlər və onların ətrafında formalaşan siyasi şəbəkələr də bu baxımdan Rusiyanın Ermənistandakı təsir mexanizmləri kimi çıxış edirlər. Onlar ölkənin müstəqil siyasi kursunu dəstəkləmək əvəzinə, Moskvanın maraqlarına uyğun siyasi mübarizə aparırlar. Ruben Rubinyanın açıqlamasını da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Əslində, burada Paşinyan hakimiyyəti ilə sabiq prezidentlər arasında mübarizə yalnız hakimiyyət uğrunda siyasi rəqabət deyil. Bu, eyni zamanda, Ermənistanın gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsi uğrunda mübarizədir. Paşinyan və komandası ölkəni Rusiyanın təsirindən çıxararaq daha müstəqil və suveren siyasət yürütməyə çalışır. Sabiq prezidentlər isə əksinə, Rusiyanın regiona qayıdışını təmin edən siyasi qüvvələr kimi çıxış edirlər. Ona görə də hesab edirəm ki, Ruben Rubinyanın sabiq prezidentləri Ermənistanın düşmənləri kimi xarakterizə etməsinin arxasında məhz bu siyasi reallıq dayanır. Bu mənada, onun mövqeyini əsaslı sayıram. Həmin şəxslərin Azərbaycana təhvil verilməsi məsələsinə gəlincə, hələlik bu, real görünmür. Çünki Ermənistan cəmiyyətində ictimai rəy belə bir qərarı qəbul etməyə hazır deyil. Paşinyan hökumətinin bu addımı atması ciddi daxili siyasi narazılıq yarada bilər. Bununla belə, düşünürəm ki, gələcəkdə vəziyyət dəyişə bilər. Zamanla Ermənistan cəmiyyəti də bu şəxslərin ölkənin müstəqilliyinə və suverenliyinə vurduğu zərəri daha aydın dərk edər. Rusiyanın Ermənistandakı təsir mexanizmlərindən və keçmiş siyasi elitanın qalıqlarından xilas olmaq zərurəti daha aydın görünə bilər. Azərbaycan isə öz torpaqlarının işğalında və xalqımıza qarşı törədilən cinayətlərdə məsuliyyəti olan şəxsləri unutmamalıdır. Belə şəxslərin məsuliyyətə cəlb olunması məsələsi hər zaman gündəmdə qalmalıdır".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər