Almaniya milli komandasının türk əsilli sabiq futbolçusu, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" portalının məlumat bazasına daxil edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumat sözügedən resursun rəsmi səhifəsində yer alıb.
Keçmiş yarımmüdafiəçi Ukraynaya qarşı yönəlmiş fəaliyyətlərdə, o cümlədən Rusiyanın hərbi addımlarına açıq dəstək nümayiş etdirməkdə və ictimai rəyi manipulyasiya etməkdə ittiham olunur.
Ukrayna tərəfinin bu qərarına səbəb Mesut Özilin İstanbulda keçirilən veteranların matçından sonra verdiyi qalmaqallı bəyanat olub. Belə ki, o, Beynəlxalq Futbol Assosiasiyasını (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) ikili standartlarda ittiham edib.
Keçmiş futbolçu Rusiyanın Ukraynaya təcavüzünə görə beynəlxalq turnirlərdən kənarlaşdırılmasını tənqid edərək, oxşar sanksiyaların İsrailə tətbiq olunmamasından gileylənib və Rusiyaya qoyulan qadağaların ləğvini tələb edib.
Qeyd edək ki, "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan şəxslərin şəxsi məlumatlarını dərc edən qeyri-hökumət platformasıdır. Siyahıya indiyədək Kiyev rejimini tənqid edən bir çox tanınmış siyasətçi, jurnalist və mədəniyyət xadimi daxil edilib.
"AzPolitika.info"


Şərhlər