Menu

Hörmüz boğazı üçün iki günlük təklif: İran ABŞ-dan nə istəyir?

09.11.2026, 17:15
Hörmüz boğazı üçün iki günlük təklif: İran ABŞ-dan nə istəyir?

İranın xarici işlər naziri Abbas Arakçının ABŞ-a ünvanladığı son açıqlama Vaşinqton-Tehran qarşıdurmasında diplomatik ritorikanın yenidən sərtləşdiyini göstərir. Arakçı Hörmüz boğazının açılması ilə bağlı Tehranın iki günlük təklifinin qüvvədə qaldığını bildirib. ABŞ-ın İranın şərtlərini qəbul etməyəcəyi təqdirdə hərbi qarşıdurmanın daha ağır nəticələr doğuracağı barədə xəbərdarlıq edib. İranlı nazirin Amerika ordusuna qarşı sərt ifadələri isə bu bəyanatın real hərbi imkanlara, yoxsa siyasi təzyiq və çəkindirmə məqsədinə əsaslandığı sualını gündəmə gətirir. Bəs Arakçının açıqlaması siyasi blefdir, yoxsa İranın hərbi strategiyasını əks etdirir? Vaşinqton Tehranla razılaşmaya üstünlük verəcək, yoxsa müharibəni davam etdirmək yolunu seçəcək?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hər iki tərəf bir-birinə qarşı hərbi xarakterli təhdidlər səsləndirir. Son vaxtlar isə bu təhdidlərin intensivliyi daha da artıb:

"ABŞ İranı yeni hərbi əməliyyatlarla hədələyir, rəsmi Tehran isə mümkün hücuma sərt cavab verəcəyini bəyan edir. Bu isə tərəflər arasında yeni hərbi toqquşma ehtimalının diplomatik razılaşma perspektivindən daha real göründüyünü deməyə əsas verir. Məsələ ondadır ki, ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başlayarkən qarşısına qoyduğu hədəflərin heç birinə tam nail ola bilməyib. Əsas məqsəd İranın nüvə proqramını ləğv etmək idi. Lakin artıq amerikalı rəsmilər də etiraf edirlər ki, İranın nüvə obyektlərinin sıradan çıxarılması cəhdi gözlənilən nəticəni verməyib. Eyni zamanda rəsmi Tehranın nüvə proqramından imtinasına nail olmaq da mümkünləşməyib. Təbii ki, bu baxımdan ABŞ-ın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün yenidən hərbi əməliyyatlara başlama ehtimalı istisna edilmir. Rəsmi Tehran da öz növbəsində belə bir ssenariyə sərt təhdidlərlə cavab verir".


Politoloqun sözlərinə görə, Hörmüz boğazı ətrafında da yeni gərginlik ocağı yaranıb:

"İran ABŞ-a qarşı hərbi-siyasi təzyiqlərini məhz bu strateji su yolu üzərindən artırmağa çalışır. Lakin indiki mərhələdə Tehranın bu addımlarının Vaşinqtonu geri çəkilməyə məcbur edəcəyi inandırıcı görünmür. Böyük ehtimalla, tərəflər arasında növbəti hərbi toqquşmalar baş verə bilər. Çünki Hörmüz boğazının açılması müqabilində ABŞ-ın İrana qarşı bütün istiqamətlərdə həyata keçirdiyi təzyiq siyasətindən tamamilə imtina edəcəyini düşünmək sadəlövhlük olardı. Vaşinqton İranın blokadasına da xüsusi önəm verir və ölkəni iqtisadi baxımdan zəiflətməyə çalışır. Bununla da Tehranı ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməyə məcbur qoymaq istəyir. Bütün bunları nəzərə alsaq, Hörmüz boğazı ətrafında siyasi sövdələşmələrin aparılması hazırkı şəraitdə İranın öz hədəflərinə çatmasına imkan verəcək amil kimi görünmür. Böyük ehtimalla Tramp administrasiyası ən azı yanvarın 3-dək İrana qarşı siyasi vasitələrdən daha çox hərbi təzyiq mexanizmlərindən istifadə etməyə çalışacaq".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol