Qlobal süni intellekt və çip bazarına yön verən ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın baş icraçı direktoru (CEO) Censen Huanqın adı son illərin ən böyük beynəlxalq qalmaqala qarışıb.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, milyarder iş adamı Çin kəşfiyyatının hədəfi olmaqda və dövlət əhəmiyyətli texnoloji məlumatların sızmasına şərait yaratmaqda şübhəli bilinir.
Məlumata görə, Censen Huanq şirkət əməkdaşlarına daxili məktub göndərərək barəsində yayılan iddiaları qismən təsdiqləyib. O, ailəsinə sadiq qalmadığını etiraf edərək hər kəsdən üzr istəyib: "Mən həyat yoldaşıma sadiq olmadım. Hərəkətlərim ona və uşaqlarımıza zərər verdi. Buna heç bir bəraət yoxdur. Səhmdarların və direktorlar şurasının etimadını doğrultmadığım üçün məsuliyyəti tam üzərimə götürürəm".
Milyard dollarlıq çip alışı və Çin kəşfiyyatının izi
ABŞ kəşfiyyatının hesabatlarına əsasən, İT rəhbərinin gizli münasibətdə olduğu şəxs Sinqapurda fəaliyyət göstərən və "Nvidia"nın ən böyük alıcılarından biri olan "Megaspeed" şirkətinin keçmiş rəhbəri Alis Huanqdır. İddialara görə, bu qadın Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əməkdaşlıq edib. Onun Censen Huanqa yaxınlaşaraq ABŞ-nin Çinə tətbiq etdiyi süni intellekt çipləri məhdudiyyətini yumşaltmağa və həssas texnoloji məlumatları Pekinə ötürməyə çalışdığı ehtimal olunur.
Qeyd edək ki, sözügedən şirkətin "Nvidia"dan 4,8 milyard dollar dəyərində avadanlıq aldığı bildirilir.
Şirkət müstəqil araşdırmaya başladı, səhmlər ucuzlaşdı
Məsələnin rəsmiləşməsindən sonra "Nvidia"nın Direktorlar Şurası daxili və müstəqil istintaqın başladıldığını elan edib. Şirkət hələlik ABŞ-nin milli təhlükəsizliyinə və ya korporativ məlumatlara zərər dəydiyini təsdiqləyən bir dəlil tapılmadığını bildirsə də, bu xəbər dünya birjalarına təsirsiz ötüşməyib. Belə ki, "Nvidia"nın səhmləri qısa müddətdə 4 faizdən çox dəyər itirib.
Trampdan müdafiə, Konqresdən çağırış
Qalmaqal ABŞ Konqresində də ciddi narahatlıq yaradıb. Respublikaçı konqresmenlər texnologiya rəhbərinin milli təhlükəsizlik protokolları ilə bağlı hesabat verməsi üçün Konqresə çağırılmasını tələb ediblər.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Censen Huanqı müdafiə edərək onun möhtəşəm işlər gördüyünü və yaxşı bir insan olduğunu söyləyib. Çin Xarici İşlər Nazirliyi isə ABŞ kəşfiyyatının iddialarını "əsassız qara yaxma kampaniyası" adlandıraraq rədd edib.
Qalmaqala baxmayaraq, Censen Huanqın "Nvidia"dakı baş direktor vəzifəsini davam etdirəcək.
"AzPolitika.info"


Şərhlər