ABŞ-də iki gün sonra başlayacaq Futbol üzrə Dünya Çempionatının iştirakçıları olduqca xoşagəlməz münasibətlə qarşılaşıblar.
“AzPolitika” xəbər verir ki, dünya idman mediasında və sosial şəbəkələrdə ABŞ hökuməti milli futbol komandalarına qarşı hörmətsizliyə, yersiz yoxlamalara və məhdudiyyətlərə görə kəskin tənqid olunmaqdadır.
Eyni zamanda, Dünya Çempionatını Amerikada təşkil edən və "Dünya Kubokunda hər kəsin xoş qarşılanacağına” söz verən FİFA prezidenti Canni İnfantino tənqid atəşinə tutulur. Onun verdiyi zəmanətlərə baxmayaraq, Amerika hakimiyyəti turnir iştirakçılarına və azarkeşlərə qarşı hörmətsiz, hətta düşmən münasibəti göstərməkdə ittiham olunur.
ABŞ hökumətinin “qonaqpərvərliyi”nə dair bir neçə nümunə:
Somalidən olan və ABŞ-yə diplomatik pasportla gələn, 2025-ci ildə Afrikanın ən yaxşı hakimi seçilmiş Amar Avtan sadəcə ABŞ-yə buraxılmayıb və geri göndərilib.
İran milli komandasının ABŞ-də qalması qadağan edilib. İran yığması Meksikada qalmağa və yalnız oyunlar üçün ABŞ-yə uçmağa və geri dönməyə məcburdur.
İraq milli komandasının oyunçusu Aymen Hüseyn Çikaqo hava limanında yeddi saat dindirilib, telefonu yoxlanılıb. Sonradan onu buraxsalar da, komandanın fotoqrafını buraxmayıblar və o, geri göndərilib.
Cənubi Afrika komandasının viza problemləri yaranıb. Komanda ABŞ-yə iki gün gecikərək gələ bilib. Ölkənin idman naziri bu vəziyyəti "alçaldıcı" adlandırıb.
Şotland azarkeşlərin bir qisminə əvvəlcə ölkəyə giriş üçün icazə verilib, sonradan bu icazələr ləğv edilib. Olduqca baha qiymətə bilet almış, otellər sifariş etmiş həmin insanlar nəticədə ciddi ziyana düşüblər.
Eyni zamanda, idman mediası yazır ki, iştirakçı ölkələrin futbol federasiyaları idmançıların üzərində aparılan axtarışlardan qəzəbləniblər. Bəzən bu axtarışlar alçaldıcı forma alıb. Seneqal, Özbəkistan, hətta İtaliya yığmaları da bu cür münasibətlə qarşılaşıblar.
Qeyd edək ki, Dünya Kubokunun Amerikada keçirilməsi qərarı lap əvvəldən, xüsusilə də Avropada ciddi narazılıqla qarşılanmışdı.
“AzPolitika.info”

Şərhlər