İstanbulda keçirilən Sıfır Tullantı Forumu çərçivəsində Enerji üzrə Yüksək Səviyyəli Dialoq iclasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov geniş nitqlə çıxış edib.
“AzPolitika” xəbər verir ki, Komitə sədri Azərbaycanın qlobal iqlim hədəfləri, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan yaşıl layihələr və Avropanın enerji təhlükəsizliyinə yönəlmiş meqa-dəhlizlər barədə ölkəmizin strateji vizyonunu təqdim edib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın liderliyi ilə ucalan "0 atık" (Sıfır Tullantı) fəlsəfəsinin bəşəriyyət üçün etik və ekoloji zərurət olduğunu vurğulayan Sadiq Qurbanovun çıxışında qeyd edib ki, Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsi üçün güclü qanunvericilik bazası formalaşdırılıb:
"Ekoloji təmiz kənd təsərrüfatı", "Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi" və "Bərpa olunan enerji mənbələri" haqqında qanunlar bu sahədəki fəaliyyətin hüquqi sütunlarıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 2030-cu il Milli Prioritetlərində "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" strateji hədəf seçilib.
Paris Sazişi öhdəliklərinə uyğun olaraq, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağı qarşıya məqsəd qoyub.
İşğaldan azad edilmiş ərazilərin rəsmi olaraq "Yaşıl Enerji Zonası" elan edildiyini deyən S.Qurbanov, bu bölgədə tətbiq olunan insan-təbiət harmoniyasından bəhs edib: “Ağalı, Füzuli və Ağdamda qurulan "Ağıllı şəhər və kənd" infrastrukturunda məişət tullantıları resurs kimi yenidən dövriyyəyə qatılır. Binaların üzərində 5 MVt-dan çox günəş paneli quraşdırılıb, ağıllı işıqlandırma və izolyasiya texnologiyaları tətbiq olunur.
Bölgənin su ehtiyatlarından səmərəli istifadə edilərək ümumi gücü 307 MVt olan 38 hidroelektrik stansiyası (HES) artıq istismara verilib”.
Komitə sədri əlavə edib ki, Azərbaycanın bu unikal təcrübəsi Bakının ev sahibliyi etdiyi COP29 İqlim Konfransı (Bakı Maliyyə Məqsədinin qəbulu) və WUF13 (13-cü Ümumdünya Şəhərsalma Forumu) platformalarının "Davamlı və Yaşıl Şəhərlərin İnşası" vizyonu ilə tam qovuşur.
Sadiq Qurbanov Azərbaycanın təkcə regional deyil, qlobal miqyaslı Yaşıl Enerji Dəhlizlərinin inşasına rəhbərlik etdiyini bildirib:
| Dəhliz adı | Strateji əhəmiyyəti və hədəfi |
| 1. Xəzər-Qara Dəniz-Avropa | Xəzərin 157 QVt-lıq külək gücü Gürcüstan və Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və Avropaya ötürüləcək. İlkin hədəf: 4 QVt (4000 MVt). |
| 2. Mərkəzi Asiya-Azərbaycan-Avropa | Qazaxıstan və Özbəkistanın yaşıl enerjisinin Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Avropaya nəqli üzrə üçtərəfli saziş icra olunur. |
| 3. Naxçıvan-Türkiyə-Avropa | "Yaşıl Enerji Zonası" olan Naxçıvanın yüksək günəş enerjisi potensialı Türkiyə vasitəsilə qitə Avropasına çatdırılacaq. |
| 4. Azərbaycan-Türkiyə-Avropa | Cənub Qaz Dəhlizinin yaşıl transformasiyası çərçivəsində, daxili bərpa olunan enerji hesabına sərbəstləşən qaz həcmlərinin və "yaşıl hidrogenin" Avropaya nəqli nəzərdə tutulur. |
Çıxışın sonunda komitə sədri bu nəhəng şəbəkəni daxili resurslarla bəsləmək üçün ölkədə icra olunan meqa layihələri (230 MVt-lıq Qaradağ GES, 240 MVt-lıq Xızı-Abşeron KES, Cəbrayıldakı 240 MVt-lıq "Şəfəq", Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt-lıq layihələr) Azərbaycanın dövlət tərəfindən idarə olunan "yaşıl mühərriki" adlandırıb.
“AzPolitika.info”

Şərhlər