Ermənistan və Rusiya arasında təbii qaz tədarükü barədə uzunmüddətli razılaşmalar mövcuddur və tərəflərdən birinin öz üzərinə götürdüyü öhdəliklərdən birtərəfli qaydada imtina edəcəyi bir vəziyyəti təsəvvür etmək çətindir.
"AzPolitika"nın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə keçirdiyi brifinqdə bəyan edib.
“Bu cür addım atılmır. Bu, müqavilə öhdəliklərinə uyğun gələn bir davranış növü deyil”, — deyə hökumət başçısı bildirib.
Bununla yanaşı, Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti hadisələrin mümkün inkişaf ssenarilərinin hamısını təhlil edir.
“Səkkiz ildən artıqdır ki, mən Rusiya prezidenti ilə birlikdə işləyirəm, onu faktlara əsaslanan rasionallığa malik bir insan kimi tanıyıram. Əgər onun hər hansı bir narahatlığı varsa, biz səbirlə bu narahatlıqları aradan qaldırmağa çalışacağıq”, — deyə Baş nazir vurğulayıb.
Paşinyan, həmçinin müvafiq dəvət alacağı təqdirdə Moskvaya səfər edəcəyini də bildirib:
“Əgər belə bir dəvət gəlsə, gedəcəyəm. Onu mütləq rədd etməyəcəyəm”.
Rusiya Prezidenti Vladimir Putinin indiyədək onu parlament seçkilərində qazandığı qələbə münasibətilə niyə təbrik etməməsi barədə sualı şərh edərkən isə Baş nazir belə cavab verib:
“Ümid edək ki, təbrik edəcək”.

Şərhlər