ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq Kiyev, Vaşinqton və Moskva arasındakı danışıqlar prosesinin faktiki olaraq dayandırıldığını bəyan edib.

"AzPolitika" xəbər verir ki, Kelloq hazırda Amerika tərəfinin daha çox İranla danışıqlara diqqət yetirdiyini bildirib.

Keçmiş elçi üçtərəfli təmasların dondurulmasını müsbət qiymətləndirib: "Danışıqlar prosesi faktiki olaraq dayandırılıb. Bu, pis deyil, əksinə, həqiqətən yaxşıdır".

O, Ukraynanın təkbaşına da Rusiyaya qarşı effektiv şəkildə müqavimət göstərməyə davam etdiyini vurğulayıb.

Kelloqun sözlərinə görə, ABŞ-nin Rusiyaya qarşı sanksiya təzyiqi qüvvədə qalır və hazırda yeni məhdudiyyətlər paketi üzərində iş hələ yekunlaşmayıb. O, həmçinin Rusiyanın hərbi əməliyyatları Ukrayna sərhədlərindən kənara – Baltikyanı ölkələrə və Polşaya genişləndirmək üçün kifayət qədər resursunun olmadığını diqqətə çatdırıb.

ABŞ Prezidenti Donald Trampın hələ də münaqişənin dinc yolla nizamlanmasının tərəfdarı olduğunu qeyd edən Kelloq, özünün 2026-cı ilin yayının sonunda Ukraynaya səfər etməyi planlaşdırdığını bildirib.

Digər tərəfdən, "Ukrayinska Pravda" qəzetinin mənbələri Kiyevin Rusiyaya təzyiqi artırmaq və payızda sülh danışıqlarının bərpası üçün şərait yaratmaq məqsədilə yeni hərbi-diplomatik kampaniyaya başladığını iddia edir.

Məlumata görə, rəsmi Kiyev Vaşinqtonun iştirakı ilə olan əvvəlki danışıqlar formatını tükənmiş hesab edir və Avropa ölkələrinin prosesə daha aktiv cəlb olunmasına ümid bəsləyir. Paralel olaraq, Ukrayna rəhbərliyi Rusiyanın hərbi, enerji və nəqliyyat infrastrukturuna, xüsusən də ilhaq edilmiş Krımı Rusiya ərazisi və Moskvanın nəzarətindəki digər Ukrayna bölgələri ilə birləşdirən logistik marşrutlara zərbələr endirməkdə israrlıdır.

Ukrayna mediasının həmsöhbətləri hesab edirlər ki, yeni diplomatik proses üçün əlverişli şərait bu ilin oktyabr-noyabr aylarında yarana bilər. O vaxta qədər isə Kiyev öz mövqelərini möhkəmləndirməyə və avropalı müttəfiqlərlə əməkdaşlığı inkişaf etdirməyə fokuslanacaq.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da Moskva, Kiyev və Vaşinqton arasında üçtərəfli məsləhətləşmələrdə "pauza" yarandığını təsdiqləmişdi. Danışıqların dəqiq nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Rusiya tərəfi isə şərtlərini dəyişməz saxlayır. Prezident Vladimir Putin başda olmaqla, Rusiya rəhbərliyi yekun saziş əldə olunana qədər atəşkəsi, münaqişənin cəbhə xətti boyu dondurulmasını, Ukrayna ərazisində Qərb hərbçilərinin yerləşdirilməsini qəti şəkildə rədd edir və Rusiyanın dondurulmuş aktivlərinin qaytarılmasını tələb edir.

Rasim

"AzPolitika.info"