Rusiya hazırkı hökumətin korrupsiya siyasəti və Ukraynada uzun sürən müharibə ucbatından özünü “sosial partlayış ərəfəsində” tapıb.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Marxayev deyib.
Rusiya Kommunist Partiyasından olan deputatının mediada yayımlanan paylaşımında Kreml açıq şəkildə ittiham edilir.
"Uzun müddət qaçdığım SVO mövzusuna qayıdaraq, etiraf etmək məcburiyyətindəyəm: korrupsiya qalmaqalları səmərəsiz rəhbərliyin ucbatından ən fəal və reproduktiv əhalinin davamlı itkiləri ilə üst-üstə düşür. Şəhərlərimizə hücumlar dayanmır, onların coğrafiyası genişlənir", - deputat yazıb.
Onun sözlərinə görə, “Prezident administrasiyası bəyan edir ki, Ukraynanın denasifikasiyası və demilitarizasiyası” artıq bütün ölkəyə (Ukraynaya-red.) aid deyil və yalnız ələ keçirilmiş ərazilərlə məhdudlaşır. Bütün bunların fonunda Marxayev hakimiyyətdən “SVO-nu tamamlamaq üçün aydın ictimai plan” təqdim etməyi tələb edir, əks halda daxili problemlərin daha da artacağını bildirir: "Vəziyyət belə davam edərsə, sosial partlayış və xaos daha real olacaq və bunun üçün bütün məsuliyyət “dəyişməz” hökumətin üzərinə düşəcək".
Marxayev hökumətin iqtisadi siyasətini də sərt tənqid edib. Onun sözlərinə görə, son 25 ildə mənzil-kommunal xidmətlərinin tarifləri 366% artıb, kommunal infrastruktur isə çökməkdə davam edir. Deputat qeyd edib ki, bir çox Rusiya sakinləri, xüsusən də pensiyaçılar gəlirlərinin əhəmiyyətli hissəsini mənzil-kommunal xidmətlərə xərcləməyə məcburdurlar.
Eyni zamanda o, korrupsiya qalmaqalları və məmurların həbsi fonunda rusiyalı milyarderlərin sayının artdığını qeyd edib. Marxayevin fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, Rusiyaya dörddə bir əsrdir rəhbərlik edən komanda “xalqın ehtiyacları ilə əlaqəni itirib”: "Rusiya işğal olunsaydı, xarici düşmən nə edərdi? O, resursları mənimsəyər, sənayeni talayar, tarifləri şişirdər və özünə malikanələr tikərdi. Lakin işğal baş verməsə də hakimiyyət hər hansı bir təcavüzkardan daha effektiv şəkildə bütün bunların öhdəsindən gəlib”.
“AzPolitika.info”

Şərhlər