Vaşinqtonun mərkəzində nəhəng “86 47” rəqəmləri peyda olub. ABŞ rəsmiləri bunu ölkənin 47-ci prezidenti Donald Trampa qarşı potensial təhdid kimi qiymətləndirirlər.

"AzPolitika"nın "ABC News"a istinadən məlumatına görə, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyri-adi yazı İkinci Dünya Müharibəsi Milli Memorialının yaxınlığındakı qazonda aşkar edilib. Yerdən baxdıqda bu rəqəmlər sadəcə tapdalanmış və ya solmuş ot sahələri kimi görünür, lakin yuxarıdan, xüsusən də Corc Vaşinqton Monumentindən onların forması aydın seçilir.

Hüquq-mühafizə orqanları təsvirlərin qazona hansı üsulla çəkildiyini araşdırır. Bu məqsədlə mütəxəssislər artıq torpaq və bitki örtüyündən nümunələr götürüblər.

Yerli medianın yaydığı məlumata görə, “86 47” kombinasiyası Donald Trampın ünvanına təhdid kimi yozula bilər. Amerika slanqında “to 86” ifadəsi bəzən “kimdənsə canını qurtarmaq / uzaqlaşdırmaq” mənasında işlədilir və ya zorakılığa çağırış kimi şərh oluna bilər; 47 rəqəmi isə ABŞ-ın 47-ci prezidenti kimi Trampla əlaqələndirilir.