Rusiyanın Krıma aparan son etibarlı quru yolu olan R-280 magistralı Ukraynanın aramsız dron hücumları nəticəsində Rusiya ordusunun özünün indi "ölüm yolu" adlandırdığı yola çevrilib.

“AzPolitika” xəbər verir ki, "The Telegraph"-da dərc edilən yazıda belə deyilir.

Yazıda qeyd olunduğu kimi, hazırda Krımı Rusiya ilə birləşdirən iki quru yolu var.

Birincisi, Kerç boğazı üzərindən keçən körpüdür. Lakin bu körpü o qədər zədələnmiş və növbəti hücumlara qarşı həssasdır ki, Moskva uzun müddətdir əsasən yanacağı və hərbi yükləri onun vasitəsilə daşımır.

İkincisi, R-280 yoludur. Bu avtomobil yolu, Rostovdan, işğal olunmuş Mariupol və Melitopoldan keçərək Azov dənizinin sahili boyunca Krıma qədər 480 kilometrdən çox uzanan əsas arteriyalardan biridir. Bu yol Zaporojye və Xersondan Krım yarımadasının özünə qədər bütün cənub cəbhəsində döyüşən rus qoşunları üçün əsas təchizat yoludur və o, hazırda daim hücum altındadır.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin analitiki Nazariy Barçuk deyib ki, Ukrayna Silahlı Qüvvələri mayın birinci yarısından başlayaraq cənubdakı Rusiya logistikasına zərbələr endirir

Onun sözlərinə görə, "logistika blokadası"nın elan edilməsi Ukraynanın imkanlarının nümayişi və əməliyyatın uğuruna vurğudur. Ukrayna pilotsuz təyyarə bölmələrindən yayılan görüntülər kampaniyanı ən kiçik detalları ilə göstərir. Yanacaq və təchizat yük maşınlarının çoxu alov içindədir.

İndi Rusiya Krım anbarlarını, dəmir yolu şəbəkələrini və ya neft emalı zavodlarını necə müdafiə etməyi düşünür. Heç nə alınmır…

Əvvəlcə çoxları Ukraynanın Rusiyanın yaxın və orta mənzilli radar və zenit-raket sistemlərini niyə məhv etdiyini düşünürdü. İndi görünür ki, Ukrayna Silahlı Qüvvələri bununla işğalçılara böyük itkilər verməyə və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli dərəcədə səpələnməsinə nail olub.

"Dəhlizlər yaranıb və bu da Ukrayna dronlarının Rusiyanın hava hücumundan müdafiə sistemlərinə uğurla nüfuz etməsinə və zərbələr endirməsinə imkan verib", - deyə Barçuk bildirib.

Ukraynanın zərbələri 100-240 kilometr dərinlikdə fəaliyyət göstərən dronlar - o cümlədən "Hornet", "Darts", "FP-2" və uzun mənzilli "Begemot" tərəfindən həyata keçirilir.

Cəbhə xəttindəki Rusiya qoşunları artıq təchizat, silah, dron və rotasiya təchizatında fasilələrlə üzləşirlər, lakin ən aktual məsələ yanacaqdır.

Barçuk qeyd edib ki, "Rusiya ordusu sadəcə olaraq rabitə cihazlarını, batareya stansiyalarını və sairəni doldurmaq üçün lazım olan generatorlara yanacaq tapa bilmir".

Onun dediyi kimi, hər yük maşını üç-beş ton yük daşıyır, yüzlərlə belə nəqliyyat vasitəsinin məhv edilməsi cəbhədəki qüvvələr üçün "həqiqətən dəhşətli vəziyyət" yaradır.

Bu hücumlar mülki əhaliyə də təsir edib: Sevastopol və Yevpatoriyada yanacaq çatışmazlığı kritik həddə çatıb, yanacaq kuponları tətbiq edilib və turistlər də yanacaqsız qalıblar.

Qalan marşrutlar — avtomobil, dəmir yolu, dəniz və hava yolu da ya pisləşib, ya da çox risklidir.

Nəticədə bir nəfər də olsun Ukrayna əsgəri Krım torpağına ayaq basmadan belə, strateji mənzərə dəyişib. Krım Rusiyanın onu lazımi şəkildə təmin edə bilmədiyi bir vəziyyətdə qalarsa, bu, gələcək danışıqlarda Ukraynaya ciddi bir üstünlük verir.

Beləliklə, dörd ildən çox davam edən müharibənin Rusiya üçün əsas nəticələrindən biri - Krımı təchiz etməyin artıq heç bir təhlükəsiz yolu qalmayıb!

Kremlin mətbuat katibi Dmitri Peskov isə yaranmış vəziyyətə əhalinin reaksiyasını "əsassız panika" adlandırıb…

C.Məmmədli

“AzPolitika.info”