Amerika Prezidenti Donald Tramp ABŞ və İranın müqavilə bağladığını açıqlayıb.
"AzPolitika" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran İslam Respublikası ilə saziş bağlandı. Hamını təbrik edirəm", - Tramp bildirib.
O, dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib: “Dünya gəmiləri, mühərriklərinizi işə salın. Mən indi Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına və eyni zamanda ABŞ tərəfindən dəniz blokadasının dərhal ləğvinə icazə verirəm”.
ABŞ lideri əlavə edib ki, bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək. Bir çox prezident İranla sülh bağlamağa çalışıb və məndən əvvəl hamısı uğursuz olub.
"Region liderləri ilk dəfə olaraq əsl Sülhə nail olmağa kömək edə biləcək bir Prezident tapıblar" - deyə o, bildirib.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə razılığa gəlindiyini təsdiqləyərək, memorandumun iyunun 19-da İsveçrədə imzalanacağını bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərifin “ABŞ ilə İran arasında sülh sazişinin əldə olunduğunu elan etməkdən məmnunluq duyuruq” açıqlamasından sonra İran dövlət televiziyasının mövzu ilə bağlı xəbərində belə deyilib: “Silahlı qüvvələrin və xalqın qəddar düşmən qarşısındakı müqaviməti ABŞ-ı müharibənin başa çatdığını qəbul etməyə məcbur etdi.”
İranın Mehr xəbər agentliy isə ABŞ-İran sülh müqaviləsinin layihəsi 14 bənddən ibarət olduğunu bəyan edib:
1. Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların daimi və dərhal dayandırılması.
2. ABŞ İranın daxili işlərinə qarışmamağı və İranın suverenliyinə hörmət etməyi öhdəsinə götürür.
3. Dəniz blokadasının 30 gün ərzində tamamilə ləğvi.
4. ABŞ qoşunlarını İranı əhatə edən ərazilərdən çıxarmağı öhdəsinə götürür.
5. İranın razılığı ilə 30 gün ərzində Hörmüz boğazının yenidən açılması.
6. Neft, neft-kimya məhsullarının satışına sanksiyaların dayandırılması və İranın maliyyə aktivlərinə tam çıxışı.
7. ABŞ və müttəfiqləri İrana ən azı 300 milyard dollar dəyərində yenidənqurma planları təqdim edirlər.
8. Nüvə məsələləri üzrə yekun razılaşmaya nail olmaq və ABŞ-nin əsas və ikinci dərəcəli sanksiyalarının, eləcə də BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin qətnamələrinin tamamilə ləğvi üçün 60 gün ərzində danışıqlar aparılması.
9. İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) sadiqliyini bir daha təsdiqləyir və nüvə silahı istehsal etməməyi öhdəsinə götürür.
10. ABŞ regionda qoşunlarının sayını artırmamağı və yeni sanksiyalar tətbiq etməməyi öhdəsinə götürür.
11. 60 günlük son danışıqlar dövründə İranın bloklanmış 24 milyard dollarlıq vəsaitini azad etmək. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İrana verilməlidir.
12. Sazişin icrası üçün monitorinq mexanizmi yaradılmalıdır.
13. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək.
14. İranın dondurulmuş aktivlərinin yarısı azad edilənə, İran neftinə sanksiyalar dayandırılana və dəniz blokadası qaldırılana qədər yekun danışıqlar başlamayacaq. Zənginləşdirilmiş materialların və uran zənginləşdirilməsinin taleyi, sanksiyaların ləğvi və İranın iqtisadi bərpa proqramı ilə bağlı yekun razılaşma əldə ediləcək.
İranın raket proqramı və müqavimət qruplarına dəstək müzakirələri gündəmdən birdəfəlik çıxarılıb.
Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, İranın İsrailin Livana son hücumuna cavab verməyə hazırlaşdığı bir dövrdə tərəflər arasında sülh sazişi qüvvəyə minib.

Şərif sosial media hesabında paylaşdığı açıqlamada deyib: “Gərgin diplomatik danışıqlardan sonra ABŞ ilə İran arasında sülh sazişinin əldə olunduğunu məmnuniyyətlə elan edirik. Tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə həyata keçirilən hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırıldığını bəyan ediblər.”
Şərif əlavə edib ki, sazişin rəsmi imzalanma mərasimi iyunun 19-da, cümə günü, İsveçrədə keçiriləcək.
Pakistan Baş naziri açıqlamasında həmçinin bildirib: “Münaqişənin diplomatik yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İrana təşəkkür etmək istəyirik. Bundan əlavə, vasitəçilik prosesində iştirak edən qardaş ölkə Qətərin rəhbərliyinə razılaşmanın əldə olunmasına verdiyi dəstəyə görə səmimi minnətdarlığımızı bildiririk. Həmçinin, Səudiyyə Ərəbistanı rəhbərliyinə və Türkiyəyə bu prosesdə göstərdikləri dəyərli töhfələrə görə xüsusi təşəkkür edirik.”
Elman
"AzPolitika.info"

Şərhlər
Sahi bu neçəncidi. Deyek ki, lap oldu Bunu İran terfden kim imzaladı. Bu yox adammı. Yoxsa. Sizce yoxun imzasına Tramp inanacaqmı. O da, həqiqətən də ortada bir saziş varsa əgər.