Bir cəmiyyətin məktəbə, təhsilə münasibəti onun tarixi, mental, mədəni xüsusiyyətlərinin məcmusu üzərində formalaşır. Bu sarıdan Azərbaycanın, azərbaycanlıların məktəbə münasibəti hər zaman yalnız elm, təhsil ocağı deyil, həm də uşaqlarımız üçün ədəb-ərkan, mədəniyyətimizə və adət-ənənələrimizə sədaqət üzərində fokuslanıb.
Məlum olduğu kimi, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Layihədə təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur. Yəni zatən mövcud olan geyim tələbləri hüquqi baxımdan təsbit edilir, tanınır.
Bu dəyişikliyin düzgün anlaşılması üçün bəri başdan mövzuyla bağlı daha çox suallar yaranan məqamlara toxunaq.
Birincisi, müəllimlərin geyimi ilə bağlıdır. Qanunvericilikdə nəzərdə tutulan dəyişiklik təhsilverənlər, müəllimlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsinə dair hüquqi əsas yaratsa da, konkret tələblər qoymur. Bunlar yalnız aidiyyəti dövlət qurumu tərəfindən müəyyən ediləcək. Bunlar dövlət ümumi təhsil müəssisələrinə aiddir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.

İkincisi, bu dəyişikliklər yeni məktəbli formasının tətbiqi və ya mövcud qaydaların dəyişdirilməsi anlamına gəlmir. Bu, sadəcə ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının qanunvericilikdə əks etdirilməsidir.
Odur ki, məsələyə emosional və ya məişət prizmasından deyil, təhsil idarəçiliyi, məktəb mühiti, bu mühitin mental, ailə dəyərlərimizə uyğunluğu və uşaqların inkişafı baxımından yanaşmaq lazımdır.
Əslində söhbət təkcə geyimdən getmir. Müzakirənin mərkəzində məktəbin necə bir mühit olması, şagird və müəllimlərin hansı dəyərlərə söykənərək fəaliyyət göstərməsi, tədris prosesinin hansı prinsiplərlə təşkili dayanır. Müasir dünyada məktəb yalnız bilik verilən məkan deyil. Burada uşaqlar cəmiyyət içində davranmağı, kollektivin üzvü olmağı, ümumi qaydalara hörmət etməyi və gələcək peşə həyatına hazırlığı öyrənirlər. Bu baxımdan təhsil müəssisələrində müəyyən standartların mövcudluğu idarəetmənin və tədris prosesinin ayrılmaz hissəsi hesab olunur. Özü də təkcə bizim regionda, yaxud postsovet məkanında deyil, bir çox inkişaf etmiş ölkələrdə belədir.

Məsələn, Böyük Britaniyada dövlət məktəblərinin böyük əksəriyyətində vahid məktəbli forması tətbiq olunur. Britaniya hökumətinin və təhsil qurumlarının yanaşmasına görə, məktəbli forması yalnız xarici görünüş məsələsi deyil; o, məktəbə aidlik hissinin formalaşdırılması, sosial fərqlərin görünən təsirlərinin azaldılması və təhsil mühitində nizamın qorunması vasitələrindən biridir.

Oxşar yanaşma Yaponiya təcrübəsində də var. Bu “gündoğar ölkə”də məktəb forması uzun illərdir təhsil sisteminin mühüm elementi hesab olunur. Yapon mütəxəssislər bunun uşaqlarda kollektiv məsuliyyət hissinin, intizamın və ictimai davranış vərdişlərinin formalaşmasına müsbət təsir göstərdiyini vurğulayırlar. Bu yanaşmaların müsbət nəticələri isə uzun illərdir yaponların davranışlarında, cəmiyyətdəki fərdlər arasında münasibətlərdə, təhsil və elm səviyyəsində və s. özünü göstərməkdədir.

Üstəlik, əksər təhsil ekspertlərinin üzərində xüsusi durduqları məqamlardan biri məktəb mühitində şagirdin diqqətinin əsas məqsəddən – təhsildən yayınmamasıdır. Dünyanın müxtəlif ölkələrində aparılan müşahidələr göstərir ki, məktəb daxilində zahiri görünüş ətrafında yaranan rəqabət, dəb meyilləri, yaxud müxtəlif cərəyanlara aidiyyətin nümayişi bəzən tədris prosesinin ikinci plana keçməsinə səbəb ola bilir. Buna görə də bir çox ölkələr məktəb daxilində müəyyən vahid standartların tətbiqini məqsədəuyğun hesab edir.
Məsələnin digər tərəfi müəllimlərlə bağlıdır. Təhsil müəssisəsi cəmiyyətin ən vacib institutlarından biri olduğu üçün burada çalışan şəxslərin peşəsinə uyğun xarici görünüşü də ciddi əhəmiyyət daşıyır. Müəllimin geyimi onun bilik və bacarığının göstəricisi olmasa da, peşəkar mühitin formalaşmasında rol oynayan elementlərdən biridir. Bu, həm də müəllimin özünə, öz peşəsinə hörmətinin, öz işinə ciddi yanaşmasının, məsuliyyətinin göstəricisidir.

Bir çox inkişaf etmiş ölkələrdə müəllimlər üçün ayrıca məktəb forması tətbiq olunmasa da, işgüzar və peşəkar görünüşlə bağlı daxili qaydalar mövcuddur. Məqsəd müəllimin fərdiliyini məhdudlaşdırmaq deyil, onun məktəbin nümayəndəsi kimi fəaliyyət göstərdiyini və peşə standartlarını təmsil etdiyini vurğulamaqdır. Yuxarıda qeyd etdiyimiz qanuna dəyişiklikdə də söhbət müəllimlər üçün konkret məktəb formasından getmir, sadəcə geyimlə bağlı əvvəldən qüvvədə olan müəyyən tələblərin qanunvericilik səviyyəsində təsbitindən gedir.
Digər yandan, təhsil idarəçiliyi sahəsində çalışan mütəxəssislər hesab edirlər ki, geyim məsələsindəki vahid yanaşma ilk növbədə məktəbdaxili münasibətlərin sağlam qurulmasına xidmət edir. Şagird, müəllim və valideyn arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər sistemi formalaşdırmaq üçün məktəbdə hər kəsin qəbul etdiyi ümumi qaydaların olması yalnız müsbət hal kimi dəyərləndirilə bilər.

Bu kontekstdə məktəbli forması və müəllimlər üçün işgüzar üslub tələbləri yalnız zahiri görünüş məsələsi kimi deyil, daha geniş təşkilati mədəniyyətin tərkib hissəsi kimi baxıla bilər. Odur ki, məktəb daxilində qaydaların hamıya eyni şəkildə şamil olunması həm ədalətlilik hissini gücləndirir, həm də kollektiv məsuliyyət anlayışını möhkəmləndirir. Ayrıseçkilik olmur. Unutmayaq ki, bir çox hallarda geyimlə bağlı rəqabət, maddi üstünlük əlamətlərinin təzahürü müəllim kollektivlərində də problemlər yarada bilir…
Məsələnin mühüm tərəflərindən biri də valideynlərin bütün bunlara münasibətidir. Məktəbdə ailənin dəstəyi, əməkdaşlığı, iştirakı olmadan davamlı nəticələr əldə etmək çətin olur. Uşaqların qaydalara hörmət etməsi, məsuliyyət hissi qazanması və məktəb mühitinə uyğun davranışı ilk növbədə ailədən gələn tərbiyəyə bağlıdır. Doğrudur, müasir dövrdə bir zamanların şagirdlərinin “müəllimi görəndə gizlənməyə yer axtarırdıq” yanaşması yoxdur. Nə də valideynlər övladlarını təhsil ocağına verərkən müəllimə “əti sənin, sümüyü mənim” demirlər. Münasibətlər sistemi dəyişib, müasirləşib, onun hüquqi sistemə bağlılığı artıb. Ancaq bu, heç də əvvəldə qeyd etdiyimiz tarixi mədəni davranış qaydalarımızdan imtina anlamına gələ bilməz…

Bütün bunlar göstərir ki, təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi geyim mövzusundan daha geniş məna daşıyır. Burada söhbət məktəbin idarəetmə fəlsəfəsindən, peşəkar mühitin qorunmasından, şagirdlərin sosiallaşmasından və təhsilin keyfiyyətinə təsir göstərə biləcək digər amillərdən gedir. Odur ki, bu məsələyə təhsil sisteminin uzunmüddətli inkişaf hədəfləri kontekstində yanaşmaq lazımdır. Çünki məktəbdə formalaşan davranış mədəniyyəti və dəyərlər hər zaman cəmiyyətin gələcəyinə təsir edən mühüm amil olaraq qalacaq.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər