Ukraynanın Moskvaya bugünkü PUA hücumunu Kreml təbliğatçıları və “Z-bloqerlər”i hiddətlə qarşılayıblar. Lakin bu baş verənlərə görə müharibəni başlayan Kreml sahibini yox, Ukraynanın Moskvadakı neft zavoduna zərbələrini lentə alan insanları günahlandırıblar…

“AzPolitika” xəbər verir ki, Kreml təbliğatçıları Ukrayna Silahlı Qüvvələrinin Moskvaya indiyə qədər baş vermis ən böyük dron hücumundan sonra videogörüntülər paylaşan rusiyalılara qarşı repressiyalara çağırıblar.

Kremlin əsas təbliğatçılarından olan Vladimir Solovyovun “Soloviev Live” kanalında aparıcı Armen Qasparyan Moskva neft emalı zavoduna edilən dron hücumunu lentə alan Moskva sakinlərinə qarşı "vətənə xəyanət" maddəsilə cinayət işlərinin açılmasını tələb edib. O, Ukrayna kanallarında Moskvaya hücumla bağlı təxminən yüz video yayımlandığını deyib və təhlükəsizlik qüvvələrini bu videoları çəkənləri tapıb həbs etməyə çağırıb. Qasparyan bu insanları "alçaqlar", “fahişələr” və “Ukrayna Silahlı Qüvvələrinin könüllü köməkçiləri" adlandıraraq, onların həbs olunmalı və dindirilmə zamanı "cəzalandırılmalı" olduqlarını bildirib.


Vladimir Solovyovun özü də paytaxta hücumların videolarını çəkdiyinə görə moskvalıların həbs edilməli olduğunu deyib. Üstəlik, Kreml təbliğatçısı moskvalıları hücumlar zamanı isterikaya düşdüklərinə görə ittiham edib və bundan qorxanları paytaxtı tərk etməyə çağırıb: "Əgər zəifsinizsə, rusluğa aid heç nəyiniz yoxdursa, xainlərin yolunu tutun. Vətəni tərk edin".

Həmçinin bax: MOSKVANIN BİR HİSSƏSİ ALOV VƏ TÜSTÜ İÇİNDƏ - Ukrayna PUA-larının hücumu panikaya səbəb oldu + VİDEOLAR

Solovyov İosif Stalinin 1942-ci ilə aid sözlərindən də sitat gətirib: "Vəziyyəti xilas etmək və Vətənimizi müdafiə etmək istəyiriksə, ordumuzda ən sərt qaydalar və dəmir nizam-intizam yaratmalıyıq… Panika yaradanlar və qorxaqlar yerindəcə məhv edilməlidir". Ardınca Solovyov əlavə edib: "Vəssalam. İsterika lazım deyil, düşünmək lazımdır".

Qeyd edək ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, 18 iyun gecəsi və səhər "Moskvaya yaxınlaşan" 194 Ukrayna dronu vurulub. PUA-ların sayına görə, bu, müharibənin başlanğıcından bəri paytaxta edilən ən böyük hücum olub. Hava hücumu nəticəsində Kapotnyadakı neft emalı zavoduna həftə ərzində ikinci dəfə zərbə endirilib. Zavodda böyük yanğın baş verib. Pilotsuz təyyarələrin qalıqları həmçinin "Sadovod" və "Belaya Daça" ticarət mərkəzinin ərazisinə düşərək yanğına səbəb olub.

“AzPolitika.info”