Son günlər sosial şəbəkələrdə, eləcə də müxtəlif xəbər saytlarında iyul ayından etibarən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılacağı ilə bağlı məlumatlar yayılıb.
Paylaşımlarda minimum əmək pensiyasının 320 manatdan 350 manata, yaşa görə sosial müavinətin 220 manatdan 250 manata çatdırılacağı, veteranlara verilən aylıq təqaüdün də hazırkı 80 manatdan 130-150 manatadək artırılacağı iddia olunur. Müzakirə olunan məsələlər arasında pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalının artırılması da var. Bu halda tələb olunan kapitalı toplaya bilməyən şəxslər əmək pensiyası deyil, yalnız yaşa görə sosial müavinət almaq hüququ əldə edəcəklər.
Məlumatlarda əlilliyə görə sosial ödənişlərin artırılması ilə bağlı da müxtəlif fikirlər səsləndirilsə də, hazırda bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur. Xatırladaq ki, sonuncu artımlar ötən il həyata keçirilib. Həmin dəyişikliklərdən sonra üçüncü dərəcə əlilliyə görə sosial müavinət 150 manatdan 180 manata, ikinci dərəcə üzrə 220 manatdan 250 manata yüksəldilib. Birinci dərəcə əlilliyi olan şəxslər üçün ödənişlərdə də artım tətbiq olunub.
Bəs həqiqətən də növbəti aydan pensiya və sosial ödənişlərin artımı gözləniləndirmi?
Mövzunu “AzPolitika”ya şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, yaxın dövrdə belə bir sosial paket açıqlanacağına dair gözləntisi yoxdur.

İqtisadçının sözlərinə görə, adətən bu tip qərarlar dövlət büdcəsinin hazırlanması və təsdiqlənməsi prosesində nəzərdə tutulur: “Belə növbəti aydan bu cür sosial paketlərin həyata keçiriləcəyinə dair mənim gözləntim yoxdur. Bu barədə yayılan məlumatlar daha çox şaiəyə bənzəyir. Adətən pensiyaların, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması ilə bağlı qərarlar növbəti ilin dövlət büdcəsi hazırlanarkən tənzimlənir və həmin məqsədlər üçün büdcədə vəsait nəzərdə tutulur”.
X.Kərimli qeyd edib ki, hazırda büdcə parametrlərində belə bir dəyişiklik nəzərdə tutulmayıb: “Bu baxımdan hesab etmirəm ki, yaxın aylarda hansısa artımlar baş versin. Təbii ki, yekun qərar hökumətin səlahiyyətindədir və istənilən vaxt belə bir addım atıla bilər. Ancaq mövcud vəziyyətə əsasən mən sosial ödənişlərin artırılmasını gözləmirəm”.
İqtisadçı əlavə edib ki, əgər sosial ödənişlərin artırılması planlaşdırılırsa, bunun maliyyə mənbələri və büdcə təminatı əvvəlcədən müəyyənləşdirilməlidir: “Belə qərarlar qəbul edilərsə, ilin sonunda və ya növbəti ilin büdcəsində bunun üçün maliyyə ehtiyatının ayrılıb-ayrılmadığı görünəcək. Hazırda büdcəyə dəyişiklik məsələsi gündəmdə olmadığı üçün pensiya və sosial müavinətlərdə əlavə artımların baş verəcəyini gözləmirəm”.
Bir daha qeyd edək ki, hazırda pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılacağı ilə bağlı rəsmi qərar açıqlanmayıb.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
İstehlak səbətinə yenidən baxilmirsa,minumum ə/haqqının orta ayl em haqqinin60 faizə çatdıra bilmirsinizsə onda minumum ə haqqından gəlir vergisini azaldın 200 manat sözünü vergi məcəlləsində çıxardıb da 144 əmsalı artıq köhnəlib 120 əmsalı dan danışın
Vətəndaş yığıdığı kapitalın 90 %-ni pensiya idarəsi 144 aya bölərək vətəndaşa hissə hissə verir . Əgər ki 12 il yaşamasa, və yaxud da 65 yaşa çatmamış həyatını itirərsə bu vəsait də batır.. ad da olur social nazirlik pensiya verir. Yəni Vətəndaş öz vəsaitini yığır, sonra bu vəsiti aylara bölməklə özü özünə qaytarır, ümumi pulun 10 %-ni isə pensiya idarəsi özünə götürür.. Öz zəhmətilə qazandığı və sosial sığortaya ödənən şəxsi pul Banka qoyulsaydı nəvə nəticən 100 il keçsə belə faiz alacaqdı və istənilən vaxtı pulu Tam götürmək mümkün olardı.
Sosial müavinətlərin, pensiya və digər sosial ödənişlərin artırılması təqdirəlayiq haldır. Kaş ki bu sözdə deyil, əməldə özünü büruzə verəydi. Əks halda bu xalqı aldatmaqdan başqa bir şey deyil. Yaşayarıq görərik.
Bizim pensiya sistemimiz, sosial ədaləti olmayan bir sistemdir. Belə ki, biri 220 man. və ya 300-400 manat, digəri isə 2-3 min və hətda 5-10 min alanlar da var. Sual olunur hanı sosial ədalət, az alan dərman və kommunal xərclərini bağlaya bilmədiyi halda, çox alan "xan kefində" yaşayır. Sovet dönəmində az pensiya alan 70 rubl, yuxarı alan isə 120 rubl alırdı və nisbət 2:1-dən artıq olmurdu. İndi iə nisbət bəzi halda 20-30 və bəzən daha çox olur və bu da sosial ədalətsiz bir sistemin olmasının göstəricisidir. Hazırkı pensiya sisteminin "baş memarı" olmuş fırıldaqçı, sabiq nazir Səlim Müslümovdur. Bir çoxları bilmədiyi halda onu tərifləyirlər ki, "ay kasıbın adamıydı, onun vaxtı hamı dolanırdı və s."... Pensiya sistemi düzgün, sosial ədalət prinsipləri ilə həyata keçirilməli və bu günkü gündə aşağı hədd 750-800 manat, yuxarı isə 1500-1600 manat olmalıdır.
Heç kim heç nə gözləməsin, heç bir artım-filan olmayacaq. Bu baş altına yastıq qoymaqdır. Milləti yat-küt etnəkdən ötrü ki, bahlığı həzm etsinlər. Məgər görmürsünüz ki, hökumət neçə illədir eyni priyomdan istifadə edir. Mətbuatı burub-fitvalayıb bir il qabaq anons verdirir ki, guy tezliklə artım olacaq. Yazıq mətbuat da düz bir il əsir-yesir olur, artım baş vermir ki vermir. Bu pəstəha düz növbəti ilin ikinci ayına qədər çəkir. Hər il belə olur. Üzümü oxuculara tutub bir söz demək istəyirəm. Xahiş edirəm ki, hökumətin də dediyini mənim də dediyimi təqviminizin bir küncünə yazasınız. Hökumət deyir ki, artım olacaq. Mənsə deyirəm ki, yalandır. Artım olsa-olsa bir də gələn ilin fevral ayında olacaq. Baxın görün kim düz deyəcək. Mən, yoxsa hökumət. Mənəmi daha çox inanmaq olar, yoxsa hökumətəmi?
Allah şair Qabile rehmet eylesin o bir defe Milli meclisin iclasında gördü ki mesele olunmaq istemir ,onda cuşe gelib bir şer dedi "Ümşd Senedşr ancaq Azerbaycan Esgeri". Ve mesele o deqiqe "Hell olundu".
pensiya yaşını aşağı salmaq lazımdır. Millətin çoxu pensiyanı torpağın altıənda alacaqmı?