Polşa və Ukrayna münasibətlərində İkinci Dünya Müharibəsi dövrünün tarixi hadisələri fonunda yeni və ciddi diplomatik gərginlik baş qaldırıb. Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.
Varşavanın bu addımına cavab olaraq Ukrayna xarici işlər naziri Polşa ordenini geri qaytaracağını bəyan edib.
“AzPolitika” xəbər verir ki, Polşa Prezident Administrasiyasından verilən məlumata görə, bu qərara Kiyevin Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrindən birinə "UPA Qəhrəmanları" adının verilməsi səbəb olub.
Prezident Karol Navrotski qərarı bu cür əsaslandırıb: “Polşa Respublikasının Prezidenti bu ali dövlət mükafatının şərəfini qorumağa borcludur. Buna görə də, Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsinə razılıq verməsindən sonra mən onu 'Ağ Qartal' ordenindən məhrum etmək qərarına gəldim”.
Qeyd edək ki, Volodimir Zelenski bu ordenlə 2023-cü ildə, Polşanın sabiq prezidenti Andjey Duda tərəfindən Polşa-Ukrayna münasibətlərinin inkişafına və təhlükəsizlik sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə təltif edilmişdi.

Varşavanın bu qərarından dərhal sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa 2022-ci ildə layiq görüldüyü “Polşa qarşısında xidmətlərinə görə” ordenindən imtina etdiyini açıqlayıb. Sibiqa Zelenskinin mükafatdan məhrum edilməsini "Varşavanın strateji səhvi" adlandırıb və bundan yalnız Mosvkanın qazanacağını vurğulayıb.

Ukraynalı nazir öz "Facebook" hesabında yazıb: “Təəssüf edirik ki, Varşavada emosiyalar üstün gəldi və polşalı siyasətçiləri təkcə Prezident Zelenskiyə deyil, bütövlükdə Ukrayna dövlətinə qarşı əsassız, impulsiv və təhqiramiz addımlar atmağa sövq etdi. Mövcud şəraitdə mən mənə verilən mükafatı saxlamağı qeyri-mümkün hesab edirəm və onu Polşa tərəfinə qaytarmaq niyyətindəyəm”.
Xatırladaq ki, Ukrayna Üsyançı Ordusu (UPA) İkinci Dünya Müharibəsi və müharibədən sonrakı dövrdə, əsasən Qərbi Ukrayna ərazisində Stepan Banderanın siyasi nəzarəti altında fəaliyyət göstərmiş millətçi silahlı partizan birləşməsidir. UPA-nın bəyan etdiyi əsas məqsəd həm SSRİ, həm də nasist Almaniyasının nəzarətindən kənar, müstəqil Ukrayna dövləti yaratmaq olub.
Lakin 1943–1945-ci illərdə Volın və Şərqi Qalisiya ərazilərində polyak əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi iki ölkə arasında bu gün də sağalmayan tarixi yaradır. Polşa tərəfi bu qırğınlara görə birbaşa UPA-nı məsuliyyətli hesab edir. Polşalı tarixçilərin əksəriyyətinin qiymətləndirmələrinə görə, həmin hadisələrdə 35-40 min polyak qətlə yetirilib. Polşanın siyasi diskursunda isə bu rəqəmin 100 minə yaxın olduğu səsləndirilir. Polşa parlamenti bu hadisələri rəsmən soyqırımı kimi tanıyıb.
Ukrayna tarixçiləri də Volında polyakların kütləvi qətlini etiraf etsələr də, regional münaqişə zamanı cavab tədbirləri nəticəsində yerli ukraynalı əhali arasında da böyük itkilərin olduğunu diqqətə çatdırırlar.
Son illərdə Varşava və Kiyev bu tarixi ziddiyyətləri yumşaltmaq üçün mühüm addımlar atmışdı. 2023-cü ildə Volın hadisələrinin mərkəzi olan Lutsk şəhərində hər iki ölkə başçısının iştirakı ilə anım mərasimi keçirilmiş, Qərbi Ukraynada qurbanların məzarlarının ekshumasiya işlərinə başlanılmışdı. Lakin son rəsmi adlandırma qərarı tərəflər arasında gərginliyi yenidən pik həddə çatdırıb.
Rasim
“AzPolitika.info”

Şərhlər