Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatına sahib olan Qazaxıstan dünya okeanına çıxış problemini kökündən həll etməyə hazırlaşır. Rəsmi Tehran Qazaxıstana strateji əhəmiyyətli Çabahar limanından istifadə imkanları yaratmağa hazır olduğunu rəsmən təsdiqləyib.

Paralel olaraq, Bəndər-Abbas limanında Qazaxıstan üçün torpaq sahəsinin rəsmiləşdirilməsi prosesi artıq başa çatmaq üzrədir. Logistik zəncirin ən mühüm halqası olan Zahidan–Çabahar dəmir yolu xəttində isə işlərin 90%-dən çoxu tamamlanıb və xətt tezliklə istifadəyə veriləcək.

“AzPolitika” xəbər verir ki, bu regional gəlişmə sadəcə iki ölkə arasında logistik razılaşma deyil, bütün Avrasiya məkanında qüvvələr nisbətini və ticarət xəritəsini dəyişdirəcək strateji addımdır.

Ekspertlərin fikrincə, prosesin arxasında dayanan əsas geo-iqtisadi tezislər aşağıdakılardan ibarətdir:

-Qazaxıstan üçün okeana birbaşa açılış Açıq dənizə birbaşa çıxışı olmayan və uzun illərdir coğrafi qapalılıqdan əziyyət çəkən Qazaxıstan üçün bu layihə əsl geo-iqtisadi sıçrayışdır. Astana bu gedişlə qlobal bazarlara, xüsusilə Cənub-Şərqi Asiya və Afrikaya çıxış üçün unikal imkan qazanır;

-“Şimal - Cənub” dəhlizinin qlobal alternativə çevrilməsi Qazaxıstan -Türkmənistan - İran - Hindistan marşrutunun tam gücü ilə işə düşməsi, onu Süveyş kanalına və ənənəvi qərb marşrutlarına qarşı ən real və təhlükəsiz alternativlərdən birinə çevirir. Bu, həm zaman, həm də maliyyə baxımından qlobal yükdaşımalarda inqilabi dəyişiklik deməkdir;

-Rusiya və Çin asılılığından qurtulma xətti İndiyə qədər Mərkəzi Asiya regionunun xarici dünyaya açılan əsas qapıları Rusiya və ya Çin ərazisindən keçirdi. İranın təqdim etdiyi imkanlar sayəsində region artıq iki böyük gücdən olan nəqliyyat asılılığından çıxmağa başlayır və tam müstəqil "Cənub vektoru" formalaşır;

-Hörmüz böhranından kənar strateji üstünlük əldə olunur. Çabahar limanının yerləşdiyi coğrafi mövqe regional hərbi-siyasi risklərdən uzaqdır. Liman Oman körfəzinin sahilində, birbaşa Hind okeanına çıxışda yerləşir. Bu isə o deməkdir ki, gəmilər hər an qlobal böhran ocağına çevrilə bilən və dəniz nəqliyyatının ən dar "darboğazı" hesab olunan Hörmüz boğazına daxil olmadan birbaşa açıq sulara çıxa biləcəklər.

Məsələyə daha geniş geosiyasi müstəvidə yanaşdıqda aydın olur ki, baş verənlər sadəcə növbəti bir logistik dəhliz deyil. Bu, Avrasiyanın daxili balansını, güc mərkəzlərini yenidən formalaşdıra biləcək yeni bir Türk-İran-Hind ticarət qurşağının tədricən bərqərar olmasıdır.

Qazaxıstan üçün Bəndər-Abbasda torpaq sahəsi və Çabaharda infrastruktur əldə etmək sadəcə “limanda bir nöqtə” demək deyil. Bu, rəsmi Astananın böyük sulara, milyardlarla dollarlıq böyük ticarətə və qlobal geopolitikaya birbaşa daxil olması deməkdir.

E.Rüstəmli

“AzPolitika.info”