İlham Əhmədov, dosent
2026-cı ildə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik hesabat adi imtahan nəticələri deyil, milli təhsildəki ciddi böhranı göstərən güzgüdür.
Hesabata görə, orta statistik abituriyent riyaziyyat üzrə testlərin təxminən 29–34 faizini, fizika üzrə 34–36 faizini, kimya üzrə 30–32 faizini, informatika üzrə 34–38 faizini, tarix üzrə 24–29 faizini, coğrafiya üzrə isə 23–26 faizini düzgün cavablandırmışdır. Müqayisə üçün deyim ki, sovet dövründə universitetlərdə müsabiqədə iştirak etmək üçün ən azı 60 faiz bal toplanmalı idi.
DİM-in təhlilinə əsasən, orta statistik məzun məktəb proqramının təxminən 40–77 faizini mənimsəmir (yəni təxminən 40 faizini mənimsəyir). Bu qiymətləndirmə reallığı əks etdirirsə, deməli, məsələ artıq təkcə təhsil problemi deyil. Bu, insan kapitalı, iqtisadi inkişaf və milli təhlükəsizlik problemidir. Bu, artıq milli təhlükəsizlik məsələsidir.
Məktəb proqramını mənimsəməyən şagird universitet proqramını mənimsəyə bilərmi?
Pedaqogikada "kumulyativ öyrənmə" deyilən bir prinsip var: yeni bilik əvvəlki biliklərin üzərində qurulur. Məsələn, cəbri bilməyən tələbə ali riyaziyyatı, məktəb fizikasını mənimsəməyən tələbə mühəndisliyi, məntiqi oxu bacarığı olmayan tələbə isə akademik tədqiqatı normal şəkildə mənimsəyə bilməz. Universitet təhsili məktəbin davamıdır.
Əgər məktəbin təməli zəifdirsə, universitet həmin boşluğu tam doldura bilməz. Bu səbəbdən dünyanın aparıcı universitetləri qəbul zamanı yalnız attestata deyil, fundamental hazırlığa da xüsusi diqqət yetirirlər. Əslində, universitetlərin qarşılaşdığı problemlərin böyük hissəsi məktəbdən başlayır.
Akademik səriştəsizlik universitetlərin ciddi problemidir
Bir çox ölkələrdə universitetlər zəif məktəb hazırlığını kompensasiya etməyə çalışırlar. Nəticədə ali məktəb ali təhsil vermək əvəzinə orta məktəb biliklərini təkrarlamağa məcbur olur. Bu proses "akademik devalvasiya" yaradır. Universitet elmi düşüncə formalaşdırmalı olduğu halda, baza savadlılığı ilə məşğul olur. Belə vəziyyətdə universitetlərin dünya səviyyəli nəticələr göstərməsi çətinləşir.
İnsan kapitalı nədir?
İnsan kapitalı sadəcə diplomlu insanların sayı deyil, bilik, bacarıq, yaradıcılıq, məhsuldarlıq və innovasiya potensialı deməkdir.
Əgər məzun mürəkkəb mətnləri anlaya bilmirsə, analitik düşünə bilmirsə, problem həll etmə bacarığı zəifdirsə, rəqəmsal bacarıqlara malik deyilsə, onda onu yüksək keyfiyyətli insan kapitalı kimi qəbul etmək çətindir. İnsan kapitalının əsas göstəricisi diplom deyil, məhsuldarlıqdır.
Post-neft iqtisadiyyatı nə tələb edir?
XX əsrdə iqtisadiyyatın əsas resursu neft idi. XXI əsrdə isə əsas resurs bilikdir. Bu gün inkişaf etmiş ölkələrdə iqtisadi artımın əsas mənbələri innovasiya, texnologiya, elmi tədqiqat və yüksək ixtisaslı əməkdir.
Post-neft iqtisadiyyatına keçid üçün güclü məktəb, güclü universitet və güclü elm sistemi vacibdir. Əgər bu zəncirin ilk halqası zəifdirsə, sonrakı mərhələlər də zəifləyir. Bu səbəbdən təhsil sisteminin keyfiyyəti iqtisadi siyasətin ayrılmaz hissəsidir.
Süni intellekt dövründə zəif təhsilin təhlükəli riskləri
Süni intellekt dövrü təhsilin əhəmiyyətini azaltmır. Əksinə, onu daha vacib edir. Keçmişdə zəif təhsil alan insan sadəcə aşağı maaşlı işdə çalışa bilərdi. Bu gün isə vəziyyət fərqlidir. Süni intellekt ilk növbədə standart və təkrarlanan işləri əvəz edir. Yaxın gələcəkdə yaradıcı düşünənlər, analitik qərar verənlər və mürəkkəb problemləri həll edənlər əmək bazarında daha vacib olacaqlar.
Əgər təhsil sistemi bu bacarıqları formalaşdırmırsa, ölkə gələcək əmək bazarında rəqabət qabiliyyətini itirə bilər.
Milli təhlükəsizlik aspekti
Təhsil milli təhlükəsizliyin vacib elementidir. Müasir dünyada təhlükəsizlik yalnız hərbi məsələ deyil. Milli təhlükəsizliyin əsas komponentləri texnoloji təhlükəsizlik (ölkə öz texnologiyalarını yarada bilmirsə, xarici texnologiyalardan asılı olur), informasiya təhlükəsizliyi (tənqidi düşüncəsi zəif olan cəmiyyət dezinformasiyaya daha həssas olur), iqtisadi təhlükəsizlik (aşağı məhsuldarlıq iqtisadi zəiflik yaradır), kadr təhlükəsizliyi (yüksək ixtisaslı kadrların çatışmazlığı strateji sahələri risk altına salır) və elmi təhlükəsizlikdir (elm istehsal etməyən ölkə başqa ölkələrin elmi məhsullarından asılı olur).
Təhsilin zəifləməsi, məktəb və universitet sistemində keyfiyyət probleminin uzun müddət davam etməsi innovasiya potensialının zəifləməsinə, texnoloji asılılığın artmasına, məhsuldarlığın aşağı düşməsinə, beynəlxalq rəqabət qabiliyyətinin zəifləməsinə, beyin axınının sürətlənməsinə və sosial bərabərsizliyin artmasına səbəb olacaqdır.
20 il əvvəl qəbul edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nda bütün bu məsələlər ətraflı şərh edilmişdir. Çox təəssüf ki, ETN menecerləri dövlət əhəmiyyətli belə strateji məsələlərdən xəbərsizdirlər.
Əgər bu proseslər bir neçə il ərzində davam edərsə, bu, çox pisdir; əgər onilliklər ərzində özünü göstərərsə, çox dağıdıcı nəticələr verə bilər.
DİM hesabatının əsas mesajı
DİM hesabatını adi imtahan statistikası kimi qəbul etmək olmaz. Bu hesabat əslində milli həyəcan siqnalıdır: Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir.
Bu vəziyyət təkcə müəllimlərin, məktəblərin və ya universitetlərin problemi deyil, bu, ölkənin gələcək inkişaf modelinin problemidir. Çünki təhsil millətin gələcəyidir.
Təbii sərvətlər tükənə bilər, infrastruktur köhnələ bilər, maliyyə resursları azala bilər. Lakin güclü insan kapitalına malik ölkələr bu problemləri həll edə bilirlər.
Tarix göstərir ki, inkişaf etmiş dövlətlər ilk növbədə məktəblərini və universitetlərini gücləndirmişlər. Çünki məktəb sadəcə təhsil müəssisəsi deyil, gələcəyin iqtisadiyyatını, elmini, texnologiyasını və təhlükəsizliyini yaradan bir institutdur.
Əgər məktəb proqramının böyük hissəsi mənimsənilmirsə, universitetlər zəif baza üzərində işləyirsə və insan kapitalının keyfiyyəti aşağı düşürsə, bu artıq yalnız təhsil problemi deyil. Bu, ölkənin gələcək rəqabət qabiliyyəti, milli inkişafı və milli təhlükəsizlik strategiyası ilə bağlı çox mühüm məsələdir. Çünki XXI əsrdə dövlətlərin əsas sərvəti düşünən, yaradan və öyrənən insanlardır.

Şərhlər