Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etəməsi iki ölkə arasında gərginlik yaradıb. Polşa Prezident Administrasiyasından verilən məlumata görə, bu qərara Kiyevin Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrindən birinə "UPA Qəhrəmanları" adının verilməsi səbəb olub. Xatırladaq ki, keçmiş Ukrayna Üsyançı Ordusu (UPA) Polşa tərəfindən 1943–1945-ci illərdə Volın və Şərqi Qalisiya ərazilərində polyak əhalisinin kütləvi şəkildə qətlə yetirilməsində ittiham olunur.
Qeyd edək ki, Volodimir Zelenski bu ordenlə 2023-cü ildə, Polşanın sabiq prezidenti Andjey Duda tərəfindən Polşa-Ukrayna münasibətlərinin inkişafına və təhlükəsizlik sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə təltif edilmişdi.
Varşavanın bu qərarından dərhal sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa 2022-ci ildə layiq görüldüyü “Polşa qarşısında xidmətlərinə görə” ordenindən imtina etdiyini açıqlayıb.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Aparatının rəhbəri Kirill Budanov da 2025-ci ildə aldığı “Polşaya xidmətlərinə görə” Qızıl Zabit Xaçından imtina edib. Bu, Navrotskinin Zelenskini "Ağ Qartal" ordenindən məhrum etməsinə cavab olub.
"Ukrayna heç bir başqa millətə öz tarixini necə öyrətməyi diktə etmir. Buna görə də, biz öz milli yaddaşımıza və ləyaqətimizə olan haqqımızı özümüzdə saxlayırıq.
Əminəm ki, Polşa Prezidentinin bu jestinin ədalət və ya bu kimi şeylərlə heç bir əlaqəsi yoxdur. Axı, məsələn, italyan faşist diktatoru və Hitlerlə əməkdaşlıq edən Benito Mussolini hələ də "Ağ Qartal" ordeninə sahibdirsə, hansı ədalətdən danışa bilərik?
Bunu nəzərə alaraq, Polşa Prezidentinin keçən il mənə təqdim etdiyi "Polşaya Xidmətə görə" Qızıl Zabit Xaçından imtina edirəm", - Budanov imtinasını şərh edərkən bildirib.
“AzPolitika.info”

Şərhlər