Rusiya federal telekanalları Ukrayna dronlarının Moskvaya etdiyi son kütləvi hücumu və Kapotnyadakı neft emalı zavodunda baş verən güclü yanğını öz yekun xəbər buraxılışlarında tamamilə görməzdən gəliblər. Rəsmi təbliğat hadisəni ört-basdır etməyə çalışsa da, müharibənin Moskva səmalarına daşınması Kremldə ciddi narahatlıq və siyasi suallar doğurub.

“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Moskvaya qarşı həyata keçirdiyi bu kütləvi hücum müharibə başlayandan bəri ən irimiqyaslı hava zərbəsi hesab olunur. Ukrayna Prezidenti Volodimir Zelenski hədəflərin vurulmasından sonra Vladimir Putini müharibəni dayandırmağa çağırıb və əks halda zərbələrin davam edəcəyini bəyan edib. Zelenski eyni zamanda vurğulayıb ki, Avropanın iştirakı olmadan Moskva ilə danışıqlar aparmaq qeyri-mümkündür.

Rusiya Xarici İşlər Nazirliyi "heç kimlə təmaslardan imtina etmədiklərini" bildirsə də, Kreml Avropanı sülh prosesində vasitəçi kimi qəbul etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıq şəkildə bəyan edib ki, Avropa münaqişədə Kiyevin tərəfində yer aldığı üçün vasitəçi ola bilməz. Peskov həmçinin Moskvaya zərbələri Ukraynanın cəbhədəki "çətin vəziyyəti" ilə əlaqələndirib və hava hücumundan müdafiə sistemlərinin işini yüksək qiymətləndirib. Dövlət televiziyalarının təbliğatçıları isə Kapotnyadakı yanğın görüntülərini çəkən moskvalıları "vətən xaini" adlandıraraq, onlara qarşı cinayət işinin açılmasını tələb edirlər.


Digər tərəfdən, Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov kimi radikal və müharibə tərəfdarı olan siyasətçiler Kiyevi təslim olmağa məcbur etmək üçün daha sərt hərbi tədbirlərə keçməyi tələb edirlər.

"Levada-Mərkəzi" və İctimai Rəy Fondunun son rəy sorğuları göstərir ki, dron hücumları Rusiya cəmiyyətində qorxu və təşvişi pik həddə çatdırıb. Hakimiyyətin sakitlik nümayiş etdirmək cəhdlərinə baxmayaraq, xalq arasında uzanan müharibədən yorğunluq və narahatlıq artır. Bu gərginlik fonunda Rusiyada Putinin sərəncamı ilə sentyabrın 20-nə təyin edilmiş Dövlət Dumasına seçkilər yaxınlaşır.

Rusiyalı müxalif siyasətçi Andrey Pivovarov mövcud vəziyyəti şərh edərkən bildirib ki, Kapotnya zərbələri Rusiya elitasında və cəmiyyətində şok effekti yaradıb:

"Moskva alovlar içində idi və müharibə dövründə belə bir şey hələ baş verməmişdi. İndi həm müharibə əleyhdarları, həm də "Z-vətənpərvərlər" hakimiyyətdən eyni şeyi tələb edirlər: "Əgər buna başlamısınızsa, lütfən, ya vəd etdiyiniz gücü göstərib bitirin, ya da bizi incitməyi dayandırın". Lakin Kremldə sülh üçün real addımlar görünmür".

Pivovarovun fikrincə, Vladimir Putinin ən böyük qorxusu zəif görünmək və "məğlubedilməz lider" imicini itirməkdir:

"Ukrayna cəbhəsində irəliləmək mümkün olmadığı üçün, mən sentyabr seçkiləri ərəfəsində daxili auditoriyaya 'kiçik bir qələbə' göstərmək məqsədilə fərqli bir istiqamətdə - bəlkə də NATO-nun zəifliyini yoxlayacaq məntiqsiz və gözlənilməz bir təxribatın törədiləcəyini istisna etmirəm".

Sosioloqlar da qeyd edirlər ki, Rusiya hakimiyyətinin atacağı növbəti addımlar cəmiyyətdəki bu artan daxili təzyiqi neytrallaşdırmağa yönələcək.

Rasim Əliyev

“AzPolitika.info”