Qabil Hüseynli: "Musəvinin əsəbi və imperiya nostaljisi ilə yüklənmiş ritorikasını təhlil etdikdə görürük ki, İrəvan növbəti dəfə özünə xas olan klassik xəyanəti təkrarlayıb"

 "Bakı heç vaxt öz suveren ərazisinin böyük güclərin rəqabət meydanına və ya geosiyasi oyun poliqonuna çevrilməsinə imkan verməyib və verməyəcək"

"İranın Azərbaycandakı keçmiş səfiri Abbas Musəvinin bu yaxınlarda Cənubi Qafqazda regional kommunikasiyalarla bağlı verdiyi bəyanatda, əslində, təəccüblü heç nə yoxdur. Onun reaksiyası və hazırda baş verən proseslər Ermənistanın əsrlər boyu mütəmadi olaraq regionda dağıdıcı “Troya atı” rolunu üzərinə götürən ənənəvi siyasi davranışının növbəti təzahürünə verilmiş reaksiyadır. Bunu anlamaq üçün tarixi paralellərə nəzər salmaq kifayətdir".

Bu fikirləri "AzPolitika"ya açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib. 

Xatırladaq ki, İranın Azərbaycandakı keçmiş səfiri və hazırda İran Prezident Administrasiyasının rəsmisi Seyid Abbas Musəvi ABŞ və ya Avropa İttifaqı rəsmilərinin Cənubi Qafqazın kommunikasiya xətlərinə nəzarət etmək və ya monitorinq aparmaq cəhdlərinin bölgəyə sülh gətirmədiyini, öz geosiyasi maraqlarını təmin etməyə xidmət etməyə yönəldiyini bildirib. 

"Kənar qüvvələrin (məsələn, Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasının) sərhəd və nəqliyyat bölgələrində mövcudluğu İranın milli təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirilir...Ermənistan Respublikası ilə çox yaxşı münasibətlərimiz olsa da, Amerika şirkətlərinin Allah xatirinə sərhədlərimizə gəlməyəcəyi barədə xəbərdarlıq edildi. Xüsusilə həssas olmağımız təbiidir. Bu şirkətlərin hərbi və ya mülki olması məlum deyil" - deyə o, bildirib..

Qabil Hüseynli Musəvinin Ermənistanla bağlı narahatlığının əsassız olmadığını bildirir: "Birinci Dünya müharibəsinin faciəli hadisələrini xatırlamaq yetərlidir. Osmanlı imperiyasında rəsmi şəkildə “milleti-sadiq” (“sadiq millət”) adlandırılan erməni əhalisi dövlət üçün ən kritik məqamda türklərə arxadan zərbə vurdu. Bir əsr sonra – 2020-ci ildə tarix Ermənistan dövlətçiliyinin müstəqil qərar qəbul etmək qabiliyyətinin zəifliyini yenidən nümayiş etdirdi. Mübahisəsiz faktdır ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun tam məğlubiyyətdən, kapitulyasiyadan və qalıqlarının məhv edilməsindən xilas olması yalnız Rusiya Prezidenti Vladimir Putinin müdaxiləsi sayəsində mümkün oldu.

Bu gün Abbas Musəvinin əsəbi və imperiya nostaljisi ilə yüklənmiş ritorikasını təhlil etdikdə görürük ki, İrəvan növbəti dəfə özünə xas olan klassik xəyanəti təkrarlayıb. Bu dəfə isə qurban son illərdə Ermənistana geniş siyasi və iqtisadi dəstək göstərmiş qonşu dövlət – İran İslam Respublikası olub".

Politoloqun sözlərinə görə, Musəvi açıq şəkildə Qafqazın “onların sivilizasiya təsir zonası” olduğunu bildirərək iki əsr əvvəlki tarixi sərhədlərə istinad edir: "Lakin eyni zamanda etiraf etməyə məcbur qalır ki, İrəvan Tehranın arxasınca regiona Amerika strukturlarını cəlb edib. Bütün bunlar aydın şəkildə göstərir ki, Ermənistan sürətlə təkcə Qərblə Rusiya arasında qarşıdurma meydanına çevrilmir (bunu son parlament seçkiləri də açıq şəkildə nümayiş etdirdi), həm də artıq Qərblə İran arasında birbaşa geosiyasi toqquşma zonasına çevrilməkdədir. İrəvan xarici güclərə itaətkar şəkildə öz suverenliyini güzəştə gedərək bütün qonşuların təhlükəsizliyini risk altına qoyur.

Azərbaycanın mövqeyini və uzunmüddətli strategiyasını həmişə fərqləndirən əsas cəhət isə məhz belə qlobal qarşıdurmalardan və böyük dövlətlərin geosiyasi mübarizəsindən qəti şəkildə uzaq durmaq olub. Bakı heç vaxt öz suveren ərazisinin böyük güclərin rəqabət meydanına və ya geosiyasi oyun poliqonuna çevrilməsinə imkan verməyib və verməyəcək".

Qabil Hüseynli qeyd edir ki, Bu uzaqgörən siyasətin təməlini Prezident İlham Əliyev hələ prezidentliyinin ilk illərində qoyaraq, kənardan tətbiq olunmağa çalışılan ssenarilərin uzunmüddətli risklərini dərhal düzgün qiymətləndirib: "Bunun parlaq nümunəsi ABŞ-nin müdafiə naziri Donald Ramsfeldin 2004-cü ildə Bakıya səfəridir. Həmin səfərin əsas məqsədi Azərbaycanın ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsinə razılıq almaq idi. Vaşinqton hesab edirdi ki, gənc və kifayət qədər təcrübəli olmadığı düşünülən Azərbaycan Prezidenti dünyanın ən güclü dövlətinin diplomatik təzyiqlərinə tab gətirə bilməyəcək. Lakin məlum olduğu kimi, bu cəhd uğursuzluqla nəticələndi və Bakı qəti şəkildə imtina etdi.

Bu suveren qərar təbii olaraq həmin dövrdə ABŞ administrasiyasının narazılığına səbəb oldu və bunun nəticəsi kimi 2005-ci ilin payızında xaricdən maliyyələşdirilən qondarma “rəngli inqilab” cəhdi baş verdi. Böyük xarici təzyiqlərə, daxili təxribatlara və siyasi şantaja baxmayaraq, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan uğurla çıxdı. Bu gün müşahidə etdiyimiz sabit və balanslaşdırılmış xarici siyasət də məhz həmin qətiyyətli mövqenin nəticəsidir".

Politoloqun sözlərinə görə,  hazırda Azərbaycanın Rusiya və İranla sabit, proqnozlaşdırılan və mehriban qonşuluq münasibətləri formalaşıb: "Türkiyə ilə sarsılmaz, səmimi və qardaşlıq əlaqələri mövcuddur. Bununla yanaşı, Bakı ABŞ-nin hazırkı administrasiyası ilə konstruktiv münasibətlər saxlayır və Çinlə strateji tərəfdaşlığı inkişaf etdirir.

Avropa İttifaqının Azərbaycana qarşı sanksiya təzyiqləri və qərəzli qətnamələr vasitəsilə ölkəyə təsir göstərmək istiqamətində etdiyi çoxsaylı uğursuz cəhdlərdən sonra Brüssel də bu siyasətin nəticəsiz olduğunu anlayaraq münasibətlərin yaxşılaşdırılması və qarşılıqlı faydalı əməkdaşlıq yoluna qayıtmağa məcbur olub.

Azərbaycanın müstəqil xarici siyasəti dövlətlərin milli maraqlarını necə qorumalı və özlərini başqalarının müharibələrinə cəlb etdirməməli olduqlarını göstərən uğurlu beynəlxalq nümunə sayıla bilər. Diqqətçəkən məqam ondan ibarətdir ki, müxtəlif üçüncü tərəflərin çoxsaylı təxribatlarına baxmayaraq, Bakı ABŞ və İsraillə İran arasında davam edən gərgin qarşıdurmaya cəlb olunmayıb. 

Məhz bu praqmatik və ölçülüb-biçilmiş siyasətin nəticəsində Azərbaycan bu gün bütün əsas regional və qlobal aktorların hörmət etdiyi güclü və özünə güvənən dövlət kimi çıxış edir".

"Abbas Musəvinin müsahibəsində bəhs etdiyi TRIPP layihəsinə gəldikdə isə (o, bu layihəni yanlışlıqla və ya qəsdən regionun bütün nəqliyyat-logistika sistemi ilə əlaqələndirir), Azərbaycanın həmin layihə ilə heç bir əlaqəsi yoxdur. Bu, sırf ABŞ-Ermənistan layihəsidir və burada tərəflərin rolu və pay bölgüsü İrəvanla onun Qərbdəki tərəfdaşları arasında müəyyənləşdirilib.

Rəsmi Bakının prinsipial və dəyişməz mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində ölkənin milli infrastrukturunun idarə edilməsinə cəlb olunan hər hansı üçüncü dövlətin strukturları və ya xarici özəl şirkətlər nə olub, nə də bundan sonra olacaq. Azərbaycan öz nəqliyyat və kommunikasiya infrastrukturunun idarə olunmasını yalnız milli suverenlik prinsipləri əsasında həyata keçirir", - deyə Q.Hüseynli vurğulayır.

Politoloqun sözlərinə görə, Bakı Tehranla münasibətləri də inkişaf etdirməkdə maraqlıdır: "Azərbaycan hesab edir ki, cari ilin iyul ayının sonunadək Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi tam başa çatdırılacaq və istifadəyə veriləcək. Bu körpü Azərbaycanın əsas hissəsini İran ərazisi vasitəsilə Naxçıvanla birləşdirən Araz dəhlizinə yeni nəfəs verəcək.

Bununla yanaşı, Azərbaycan Bakı ilə Tehran arasında Araz dəhlizinin digər mühüm komponenti olan dəmir yolunun tikintisinə dair əldə edilmiş bütün razılaşmaların da tam və vaxtında icra olunacağına ümid edir.

Xatırlatmaq lazımdır ki, hələ 2022-ci ildə Ermənistan ərazisində fəaliyyət göstərən qısamüddətli iki aylıq Avropa monitorinq missiyasının sürətlə uzunmüddətli, genişləndirilmiş və faktiki olaraq hərbiləşdirilmiş struktura çevrilməsi ilə bağlı ilk narahatlığı məhz Azərbaycan dilə gətirmişdi.

Bakı hələ o zaman açıq şəkildə bəyan edirdi ki, Avropa müşahidəçilərinin regionda peyda olması Cənubi Qafqaza sabitlik gətirməyəcək, əksinə, gərginliyi daha da artıracaq. Lakin diqqətəlayiq hal ondan ibarətdir ki, həmin dövrdə Moskva və Tehran bu geosiyasi yeniliyə olduqca təmkinli və passiv münasibət göstərirdi. Bundan da maraqlısı odur ki, İranın rəsmi nümayəndələri, o cümlədən səfir Mehdi Sobhani öz bəyanatlarında Ermənistandakı Avropa missiyasının mövcudluğunu faktiki olaraq müdafiə edir, vəziyyəti yumşaltmağa çalışırdılar.

Bu gün isə Qərb şirkətləri və missiyaları artıq İran sərhədlərinə qədər gəlib çatdığı və Abbas Musəvinin özü bundan narahatlığını ifadə etdiyi bir vaxtda, qonşularımızın gecikmiş ayılması Azərbaycanın strateji uzaqgörənliyinin və illər əvvəl səsləndirdiyi xəbərdarlıqların nə qədər əsaslı olduğunu bir daha təsdiqləyir".

Elman

"AzPolitika.info