İsrail ordusuna Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz tərəfindən Livanda "atəşi dayandırmaq" tapşırığı verilib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Channel 12" xəbər kanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu hərbi əməliyyatları dayandıracaq, lakin Livanın cənubunda nəzarət altında olan bölgələrdə mövcud mövqelər saxlanılacaq.

Qeyd edək ki, İsrail bu qərarı İranın hədəsindən sonra qəbul edib. 

İran bu gün  ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın birinci bəndini yerinə yetirməməsi ilə əlaqədar Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığı bəyan edib.

Bu qərar İsrail ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq qəbul edilib.

Bəyanatda qeyd olunub ki, bu, "ilk addımdır" və eskalasiya davam edəcəyi təqdirdə sonrakı tədbirlərin görülməsi mümkündür.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqaiisə  bildirmişdi ki, öhdəliklər tamamilə aydındır və anlaşma memorandumunun birinci bəndi tərəflərin qarşılıqlı öhdəliklərinin ən vacib hissəsini, yəni Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasını əhatə edir: "Biz öz öhdəliklərimizə əməl etdik, lakin qarşı tərəf öz müttəfiqlərini, xüsusən də İsraili Livanda atəşkəsə məcbur etməli idi, biz isə bunu müşahidə etmədik və bu, atəşkəs razılaşmasının açıq şəkildə pozulması hesab olunur".

O bildirmişdi ki, ABŞ öz öhdəliklərini yerinə yetirmək üçün ən qısa zamanda lazımi tədbirlər görməlidir, əks halda bütün memorandum problemlərlə üzləşəcək.

"AzPolitika.info"