Ötən cümə günü Kiyevdə keçirilən brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya bir həftə vaxt verdi. Zelenskinin ultimatumu Belarus-Ukrayan sərhədində yerləşdirilən və işğalçı Rusiya ordusunun Ukraynaya zərbələrini korrektə edən retranslyatorlarla bağlı olub.

Onun iddiasına görə, bu avadanlıqlar Rusiya dronlarını idarə etmək üçün istifadə olunur: "Qüllələrdə retranslyasiya stansiyaları var. O, onları çıxara bilərmi? Müharibə istəmədiyini deməyin nə mənası var? Sadəcə bu avadanlığı çıxarın, sadəcə söndürün. Düşünürəm ki, bunun üçün bir həftə kifayət edərdi. Və mən bir həftə deyirəm, çünki hazırda hər gün buna görə mülki vətəndaşlarımız ölür, uşaqlar yaralanır. Əgər o, bunu etməsə, biz edəcəyik".

O da məlumdur ki, Minsk Rusiyanın müdafiə sənayesi üçün komponentlər istehsal edir və Belarusun neft emalı zavodları Ukraynanın məlum PUA hücumlarından sonra Rusiyanı benzinlə təmin edir. Hazırda Belarusdan Rusiyaya yanacaq ixracı 13 dəfə(!) artıb. Zelenski Lukaşenkoya xəbərdarlığında bu məsələyə də toxunub və rus ordusunu yanacaqla təmin etməyi dayandırmağı tələb edib.

Bir sözlə, məsələ kifayət qədər ciddidir və yaxın günlərdə Ukraynanın Belarus ərazisinə zərbələr endirməsini istisna etmək olmaz. Doğrusu, hələ 2022-ci ilin fevralında rus qoşunlarının məhz Belarus ərazisindən Kiyevə doğru hərəkətə keçməsi Ukraynanın bu qonşu ölkəyə qarşı hərbi cavab tədbirləri görməsini legitimləşdirir. Lakin müharibənin 5-ci ilinin getməsinə baxmayaraq, Kiyev Belarusa hər hansı hərbi zərbə endirməyib. İndi isə görünür, Kiyev bunun zamanının çatdığı fikrindədir. Sərhəddəki retranslyasiya stansiyalarının fəaliyyəti isə bunu üçün əsas kimi istifadə oluna bilər…


Qeyd edək ki, cəmi bir neçə gün əvvəl Lukaşenko sanki “ürəyinə damırmış kimi” "Əl-Ərəbiyyə" qəzetinə verdiyi müsahibədə Zelenskidən üzr istəmişdi. Buna səbəb onun daha əvvəl Zelenskinin ünvanına işlətdiyi kəskin ifadələr idi: "Əgər Vladimir Aleksandroviç inciyibsə, bu sözlərə görə ondan üzr istəyirəm. Bəlkə də, bir qədər həddi aşmışam. Onun döyüşdüyünü nəzərə alaraq, bunu etmək bəlkə də lüzumsuz idi. Yəqin ki, mənim bu barədə belə kəskin danışmağım lazım deyildi”.

Lukaşenkonun sözlərinə görə, Belarus Ukrayna ilə döyüşmək istəmir. Üstəlik o, Belarusun hərbi cəhətdən də Ukrayna qarşısında zəif olduğunu etiraf etmişdi: “Ukrayna Rusiyaya hücum etdiyi kimi Belarusa da hücum etsə, Belarus (bunu başa düşürük, buna görə də döyüşmək istəmirik), hərbi cəhətdən çox həssasdır. Çünki Ukrayna ordusu üçün Belarus ovcunun içindəki kimi görünür. Biz yaxşı başa düşürük ki, bu zaman istehsal və logistika kimi əsas həyati obyektlərimiz hücuma məruz qalacaq. Dedikləri kimi, onlar artıq Belarusda 500 belə hədəfi seçiblər… Kiyevə Belarus ərazisindən hücum etsə, Rusiya üçün cəbhə xətti (və təbii ki, bizim üçün də), Belarus-Ukrayna sərhədi boyu 1500 kilometr uzadılmalıdır. Müharibənin hazırkı vəziyyətini nəzərə alsaq, ruslar və mən bu hissənin müdafiəsini təmin edə bilməyəcəyik”.

Lukaşenkonun bu açıqlamaları hansı məqsədlə verdiyini demək çətindir. Bu, doğrudan da Belarusun zəifliyinin etirafı və Rusiyaya növbəti “bizi qatmayın” mesajı idi, yoxsa Kremlin sifarişilə Ukraynanı Belarusa qarşı əməliyyatlara “ürəkləndirmək” və ikinci cəbhə açmaq cəhdi idi? Bu sualın cavabından asılı olmayaraq, Belarusa qarşı hər hansı hərbi əməliyyat, yaxud zərbə şəxsən Lukaşenko üçün olduqca arzuolunmaz, hətta təhlükəlidir.

İndi Zelenskinin konkret tarix müəyyən etməsi Lukaşenkonu çətin seçim qarşısında qoyur. 5-ci ildir Rusiya kimi nəhəngə qarşı döyüşən, dözüb dayanan, bütün məhrumiyyətlərə tab gətirən, üstəlik Belqoroda məlum hücum əməliyyatı timsalında birbaşa Rusiya ərazisinə girməyi belə gözə alan Ukrayna üçün Belarusa zərbə endirmək elə də çətin addım kimi görünmür. Üstəlik də nəzərə alsaq ki, Lukaşenkonun etiraf etdiyi kimi, Belarus ərazisi Ukrayna ordusunun “ovcunun içindədir”.

Sirr deyil ki, Belarus ordusunun sayı və döyüşə hazırlığı ürəkaçan səviyyədə deyil. Həmçinin, hərbi analitiklərin dediyinə görə, Belarus zatən öz hərbi potensialının, hərbi texnikasının və s. əhəmiyyətli hissəsini kömək üçün Rusiyaya verib. Digər yandan, belaruslar Ukraynaya qarşı döyüşməyə qətiyyən həvəsli deyillər və onların beyni rus cəmiyyəti qədər Ukraynaya və bütünlükdə ətraf xalqlara, ölkələrə, millətlərə qarşı nifrətlə, imperiyaçılıq ədası və iddiası ilə zəhərlənməyib.

Lukaşenko hamıdan gözəl bilir ki, təcrübəli Ukrayna ordusu ilə birbaşa qarşıdurma Belarus üçün olduqca ağır nəticələr verə bilər.

Üstəlik, Lukaşenkonun indiyə qədər əsas öyündüyü məqam qonşuluqdakı böyük müharibəyə rəğmən, Belarusun stabillik adası olaraq qalması idi və təbii ki, bu da onun siyasətinin, səylərinin nəticəsi hesab olunur. Zelenski isə sərhəddəki qüllələrə, yaxud məsələn, Mozır şəhərindəki böyük neft email zavoduna bir zərbə ilə Lukaşenkonun bütün zəhmətini və “sabitlik qarantı” imicini yerə vura bilər. Belə zərbələr olsa, Moskvanı belə müdafiə edə bilməyən Putinin Belarusu müdafiə edəcəyinə qətiyyən ümid etməyə dəymir.

Belarus qayıdıb Kiyevə cavab zərbələri endirsə, Minskin vəziyyəti daha da pisləşəcək. Çünki Ukraynanın sonrakı cavab zərbələri daha şiddətli olacaq.

Bu zaman nə baş verəcək?

Ukrayna və ukraynalılar üçün PUA və raket zərbələri çoxdan adi hal alıb, lakin Belarus və belaruslar üçün bu zərbələr şok effekti yaradacaq. Bu zaman zatən Lukaşenko hakimiyyətinə qarşı narazılığını gizlətməyən Belarus əhalisinin reaksiyasını təsəvvür etmək çətin deyil. Nəticədə, Belarusda sabitlik pozulsa, bunun tezliklə Rusiyaya, rus cəmiyyətinə də adlaması ehtimalını qəti istisna etmək olmaz…

Beləliklə, Lukaşenko çətin seçim qarşısındadır. Zelenskinin tələblərini yetirmək də, yetirməmək də onun üçün çətin olacaq. Hazırda Belarusun dövlət kanalları Kreml təbliğatçıları stilində Zelenskiyə məlum ultimatumuna görə “alov püskürür”. Lukaşenkonun özü isə hələlik susur. Görünür, anlayır ki, bu dəfə Zelenskidən təkrar üzr istəmək belə köməyə çatmaya bilər…

Cəlal Məmmədli

“AzPolitika.info”