Rusiya-Ukrayna müharibəsi ilə Yaxın Şərqdəki eskalasiya vahid geopolitik müstəvidə kəsişir. İyulun 25-də Xəzər dənizində Ukrayna PUA-larının hərbi yüklər daşıyan gəmilərə endirdiyi zərbə regionda gərginliyi pik nöqtəsinə çatdırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton səfəri ərəfəsində gerçəkləşən bu əməliyyat yalnız hərbi deyil, həm də ciddi siyasi mesajlar ehtiva edir.

“AzPolitika” Rusiya mətbuatına istinadla və ekspert rəyləri əsasında Ukrayna müharibəsinin Xəzər hövzəsinə sıçraması, Moskva-Tehran hərbi-strateji tərəfdaşlığının dərinlikləri və Qərbin bu ittifaqa qarşı mümkün həmlələrini təqdim edir:

İyulun 25-də Xəzər dənizində baş verən insident Rusiya və İran arasında logistika zəncirinin birbaşa hədəfə alındığını göstərdi. Ukrayna Təhlükəsizlik Xidmətinin (UXT) məlumatına görə, uzaqməsafəli PUA-lar vasitəsilə Rusiyaya məxsus "Molniya" raket katerinə və hərbi təyinatlı yüklər daşıyan, beynəlxalq sanksiyalar altında olan "Port Olya-2" və "Begey" gəmilərinə zərbələr endirilib.

Tehran tərəfi isə Ukraynanı Həştərxandan Ənzəliyə qayıdan İran ticarət gəmisinə hücum etməkdə və bir dənizçini öldürməkdə ittiham edib. İranın xarici işlər naziri Abbas Əraqçı bu addımı "BMT Nizamnaməsinin kobud pozulması" adlandıraraq, cavabsız qalmayacağını bəyan edib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə cavabında bildirib ki, Rusiya təcavüzünə PUA və digər silahlar verən İran özünü "qurban" kimi qələmə verə bilməz.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Ukrayna Xəzər dənizində uzunməsafəli zərbələr sayəsində, o cümlədən İranın iştirakı ilə hərbi yüklərin daşınmasında istifadə olunan gəmilərə qarşı çox əhəmiyyətli nəticələr əldə edib.

Hücumun vaxtı xüsusi diqqət çəkir. Əməliyyat Zelenskinin ABŞ Prezidenti Donald Trampla iyulun 28-də Vaşinqtonda keçirilən görüşündən cəmi bir neçə gün əvvəl baş tutub. Amérika mediası (CNN) bu gedişi Ukraynanın imkanlarını göstərmək və Vaşinqtona "biz eyni cəbhədəyik" mesajını vermək cəhdi kimi dəyərləndirib.

Bununla yanaşı, ABŞ-də də anti-Rusiya və anti-İran sanksiyalarının birləşdirilməsi təşəbbüsü güclənir. Donald Tramp Konqresə müraciət edərək, mərhum senator Lindsi Qrem tərəfindən irəli sürülən Rusiya və İrana qarşı vahid sanksiya paketinin qəbul olunmasını dəstəkləyib.

Həmçinin Zelenski Rusiyanın Yaxın Şərqdəki ABŞ obyektlərinə dair kəşfiyyat məlumatlarını İrana ötürdüyünü bəyan edib. Vaşinqton bu məlumatların yoxlanılacağını bildirib.

Ukraynanın bu gözlənilməz gedişinə qarşı Tehranın birbaşa hərbi cavab vermək imkanları şübhə altına alınır. Ekspertlərin qənaətincə, İran hərbi gücünü birbaşa Ukraynaya qarşı yönəldə bilməyəcək.

Çattanuqa Universitetinin professoru, İran üzrə ekspert Səid Qolkar bildirib ki,Tehranın qəzəbli olduğu şübhəsizdir, lakin onun Ukraynaya qarşı hərbi güc tətbiq etmək imkanları məhduddur. “Cavab olarsa, bu, daha çox kiberəməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya xaricdəki Ukrayna maraqlarına dolayısı ilə zərbə vurmaq şəklində ola bilər," – o qeyd edib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sabiq direktoru Neyt Svonson isə vurğulayıb ki, Ukrayna məsələsində İran “daha çox hürür, nəinki dişləyir”. Onun sözlərinə görə, simvolik addımlar istisna olunmur, lakin nə Ukraynanın, nə də İranın yeni cəbhələr açmaqda maraqlı olduğunu düşünmür.

Fransanın Politologiya İnstitutunun və Karnegi Fondunun eksperti Nikol Qrayevski Rusiya-İran münasibətlərinin hazırkı vəziyyətini geniş təhlil edərək maraqlı məqamlara toxunur: “Rusiya İrana iri silah sistemləri (məsələn, modern HHM sistemləri) verməkdə çətinlik çəkir, çünki bu silahlara Ukrayna cəbhəsində özünün ehtiyacı var. Lakin Moskva Tehrana kosmik peyk görüntüləri, hədəflərin müəyyənləşdirilməsi, kiberrepressiya texnologiyaları və PUA detalları təmin edir”.

Suriyada Bəşər Əsəd, Venesuelada Nikolas Maduro rejiminin çökməsindən sonra Kremlin “mütəffiqinə kritik anda arxa durmur" imici formalaşıb. Nikol Qrayevski bildirir ki, İran Suriya deyil - onun özünün güclü hərbi sənayesi var. Lakin İranda daxili xaos və ya rejimin çökmə təhlükəsi yaransa, Rusiya genişmiqyaslı ordu ilə deyil, Xüsusi Əməliyyat Qüvvələri və özəl hərbi şirkətlər (ÖHŞ) vasitəsilə məhdud müdaxilə edə bilsin.

Sanksiyalar hər iki ölkəni yaxınlaşdırsa da, iqtisadi müstəvidə ciddi rəqabət var. Rusiya sanksiyalardan yayınmaq üçün İranın illərdir istifadə etdiyi "kölgə flotu"na və Çindəki müstəqil neftayırma zavodları ("çayniklər") bazarına daxil olaraq İranı sıxışdırıb.

Həm Rusiya, həm də İran Çin bazarından asılıdır. Lakin Pekin Hörmüz boğazındakı gərginlikdə marqlı deyil, çünki Körfəz monarxiyaları ilə geniş ticarət əlaqələrinə malikdir. Çin eskalasiyanı cilovlamağa çalışdığı halda, Moskva İranı dəstəkləyərək prosesləri Qərbə qarşı təzyiq rıçaqı kimi saxlamağa çalışır.

Beləliklə, Xəzər dənizindəki son PUA zərbələri göstərdi ki, Ukrayna müharibəsi artıq yalnız Şərqi Avropanın deyil, Yaxın Şərq və Xəzər regionunun da təhlükəsizlik arxitekturasını kökündən dəyişir. Rusiya və İran sanksiyalardan yayınmaq və avtoritar nəzarət metodlarını bölüşmək üçün strateji ittifaqı dərinləşdirirlər. Lakin bu ittifaqın daxili iqtisadi ziddiyyətləri və Ukraynanın artan uzaqməsafəli zərbə imkanları Moskva-Tehran oxunun dayanıqlılığını ciddi sınaq qarşısında qoyur.

Rasim Əliyev

“AzPolitika.info”