Son zamanlar beynəlxalq analitiklər öncəki dönəmlərlə müqayisdə Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyindən nisbətən az yazırlar. Bunun səbəbi həm tərəflər arasında xeyli vaxtdır heç bir danışığın getməməsi, həm də Rusiya Prezidentinin qələbə qazananadək döyüşəcəkləri ilə bağlı səsləndirdiyi bəyanatlardır. Əgər Kreml Ukraynaya təcavüzdən öncə Kiyevin işğal edilməsini və Ukrayna Silahlı Qüvvələrinin demilitarizasiyasını qələbə sayırdısa, indiki məqamda Putinin qələbə modelinin nədən ibarət olması tam mənası ilə bəlli deyil.

Hazırda bütün diqqətlər bu üzücü müharibənin nə zaman bitəcəyinə yox, onun necə davam edəcəyinə və hansı nəticələrlə yekunlaşacağına yönəlib. Müharibənin beşinci ili getsə də, Vladimir Putinin tez-tez vurğuladığı “qələbə”nin əlaməti nəinki görünmür, əksinə müharibənin Rusiyaya vurduğu ziyanlar getdikcə ölkə əhalisini daha ciddi məhrumiyyətlərə düçar edir. Putin “Qərb dünyası Ukrayna vasitəsilə bizi məhv etmək istəyir”, ”Biz mütləq qalib gələcəyik” tipli tezislərlə öz təcavüzünə haqq qazandırmağa və müharibəni naməlum vaxtadək davam etdirməyə çalışır. Elə bu səbəbdən də o, yaranmış mürəkkəb vəziyyətlərdən çıxmaq üçün məntiqli söz tapa bilmədiyindən absurd fikirlər səsləndirir.

Putin Ukraynaya hücum etməmişdən əvvəl özünün müstəsna liderlik qabiliyyətinə fanatikcəsinə inandığından qurduğu işğal planının mütləq baş tutacağına tam əmin idi. Amma reallıqda o, gözlədiyindən fərqli mənzərə ilə qarşılaşsa da, planının baş tutmaması ilə barışmadı. Putin özü-özünə hesabat verəndə də strategiyasının fiaskoya uğraya biləcəyini qəbul etmək istəmir. Əgər o, bir tərəfdən müharibə planının uğursuzluğa düçar olduğunu və vəziyyətin pisləşdiyini anlayırsa, digər tərəfdən isə öz ideyasının düzgünlüyünə hədsiz inandığından, hər şeyin yolunda getdiyini zənn edir. Ümumi nəticədə isə o, ziddiyyətlər burulğanına düşür və gerçəkliklə qarşılaşanda dərin narahatlıq hissi keçirir. Bu cür düşüncə tərzi psixologiyada “koqnitiv dissonans” adlanır. Yəni, həqiqətin qəbul edilməsi Putin üçün olduqca ağırdır. O, mental baxımdan həqiqətlə barışmaq və buna müvafiq siyasət yürütmək əvəzinə, illər ərzində beynində qurduğu fantaziyanı qorumağa çalışır. Belə adamlar baş verənləri yaxşı dərk etsələr də, öz ideyalarından əl çəkə bilmirlər. Putinin absurd fikirlər səsləndirməsi və həqiqəti qəsdən təhrif etməsi buradan qaynaqlanır.

Putinin ”Biz heç bir müharibəyə başlamamışıq, Rusiya tərəfindən heç bir təcavüz yoxdur. Biz Qərbin dəstəyi ilə hərbi əməliyyatlara başlayan Ukraynanın addımlarına cavab veririk” kimi fikirlər söyləməsi özünü qoruma refleksindən irəli gəlir. Bundan sonra Rusiyanın rəsmi təbliğat sistemi Putinin strateji düşüncə zəifliyini ört-basdır etmək məqsədilə onun dörd il bundan öncəki bəyanatlarını ictimai yaddaşdan çıxarmağa, əvəzində isə yeni yalanlar uydurmağa çalışacaq.

Müharibənin təsirindən gərginlik keçirən Putin bəzən özü də bilmədən həqiqətləri dilinə gətirir. Məsələn, o, hərbi qulluqçuların mükafatlandırılması mərasimindəki çıxışında Rusiyanın hərbi məqsədlərinin diqqətlə, amma israrla və ardıcıllıqla davam etdiriləcəyini bildirməklə yanaşı, bunun daha böyük risklər və döyüş meydanında daha böyük itkilərə səbəb olacağını söyləyib. Sonra o, Rusiyanın öz istədiyinə çatanacan döyüşəcəyini vurğulayıb və əsgərləri daha cəsarətli olmağa çağırıb. Bunun mənası odur ki, Putin nəyin bahasına olursa-olsun, yaxın perspektiv üçün Donetsk vilayətinin Kramotorsk və Slavyansk şəhərlərini işğal etmək planını reallaşdırmaq niyyətindədir. Yəqin ki, o, bu tapşırığın yerinə yetirilməsi üçün yaxın bir il ərzində qismən səfərbərliyə də gedə bilər.

Putin öz çıxışlarında açıq şəkildə deyir ki, itkilər böyük olsa da, biz qalib gəlməliyik. Deməli, belə anlaşılır ki, Rusiya ordusu indiyədək verdiyi itkilərdən dəfələrlə artıq itiklərə məruz qalacaq. Lakin Rusiya ordusunun məhz “ət hücumları” sayəsində bütün Donbas ərazisini işğal edə biləcəyi də bəlli deyil. Hipopetik olaraq, Rusiyanın dəhşətli itkilər bahasına Donetsk vilayətinin yerdə qalan hissəsini də işğal etməsi mümkündür. Ancaq bu, Rusiyanın qələbə qazanması anlamına gəlmir, çünki müharibə artıq klassik ön cəbhə xətti anlayışından çıxaraq, dronlar və raketlər vasitəsiylə asanlıqla rəqib ərazisinin arxa cəbhəsinə keçib. Əgər Rusiya Ukrayna şəhərlərini raket/dron atəşinə tutursa, Ukrayna bunun cavabını getdikcə daha intensiv şəkildə verir. Perspektivdə isə Ukraynanın ballistik raket zərbələrinin işə salınacağı gözlənilir.

Ukrayna dronlarının zərbələri nəticəsində Moskva və Sankt Peterburq səmalarının məşhər gününü xatırladan qara buludlarla örtürldüyünü görən Putinin ictimaiyyəti sakitləşdirməyə və hərbçiləri ruhlandırmağa yönəlmiş sözləri öz kəsərliliyini sürətlə itirir və cəfəngiyat kimi qarşılanır. Yaranmış kritik vəziyyətdən çıxmaq üçün Kreml texnoloqları göbbelssayağı yeni təbliğat üsuluna əl atıblar. Onlar Kreml rəhbərinin Rusiya üçün müqəddəs biri olduğunu, onun məhz ilahi tərəfindən xilaskar kimi seçilməsi fikrini ictimai düşüncəyə yeritmək niyyətindədirlər. Putindən xilaskar obrazı düzəltməklə xalqı müharibənin müqəddəs amallar uğrunda aparıldığına inandırmaq istəyirlər. Bu baxımdan Pravoslav Kilsəsi, xüsusilə də onun patriarxı Kirill əlahiddə canfəşanlıq göstərir. Maraqlıdır ki, bu təbliğat paradına Putinin ətrafındakılar da qoşulub. Belə ki, Rusiyanın baş diplomatı Sergey Lavrov da Putini az qalır ki, peyğəmbər elan etsin. Rusiya Dövlət Dumasının spikeri Volodinin Putini böyük strateq və Rusiyanı qələbəyə aparan dahi sərkərdə kimi təqdim etmək cəhdi gülünc alınıb. Onun dörd-beş dəfə hürkəkcəsinə və inamsızlıqla səsləndirdiyi “Rusiya, Putin, Qələbə” şüarına deputataların könülsüzcəsinə və candərdi əl çalmaları elita içərisində Putinə olan etimadın sarsıldığının bariz əlamətidir.

Görünür, müharibə uzandıqca Putinin koqnitiv dissonansı tədricən öz yerini daha qorxulu psixi sindromlara verəcək. Demək olar ki, bunun əlamətləri özünü artıq göstərir. Rusiya Prezidentinin “dvijuxa” və ya “Xüsusi Hərbi Əməliyyat bitəndən sonra biz nəylə məşğul olacağıq, buna çox öyrəşmişik” kimi sözləri ilkin təzahür forması kimi dəyərləndirilə bilər. Kremldə əyləşənlər müharibəni dayandırmaq yollarını müzakirə etmək əvəzinə, Putini ilahiləşdirməyə cəhd göstərməklə onu məsxərə obyektinə çevirirlər. Müharibənin Rusiyaya vurduğu fəsadlardan adekvat nəticə çıxarmayan Kreml rəsmiləri gerçəkilyi yalanla əvəzləməklə ölkələrini daha böyük bəlaların ağuşuna atırlar.

Vaqif NƏSİBOV

“AzPolitika.info”