“Ruslar həm ukraynalılara, həm də öz hökumətlərinə nifrət edir”
Açıq işğal, müharibə qaydalarının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı ağır silahlardan istifadə edilməsi və s. reallıqlarla üz-üzə qalan Ukrayna cəmiyyətinin artıq bir neçə ildir yaşadığı dəhşəti, Rusiya cəmiyyəti də, hələlik qismən də olsa, yaşamağa başlayıb. Ukraynanı bu ədalətsiz və amansız müharibə səbəbindən milyonlarla insan tərk etməli olub. Rusiyadan da kütləvi axın var. Hələlik bu, Ukraynadakı miqyaslara çatmasa da, hadisələr bu cür davam etsə, bir müddət sonra Rusiayadan da axının həmin miqyaslara çatacağını istisna etmək olmaz.
Digər yandan, ukraynalıların, necə deyərlər, getməyə yerləri vardı, Avropa və ABŞ onları pis-yaxşı qarşıladı, yerləşdirdi, təmin etdi və sair. “İzqoy” vəziyyətinə salınmış rusiyalıları isə heç də hər yerdə qucaq açıb gözləmirlər…
Tanınmış rusiyalı politoloq Andrey Kolesnikovun nüfuzlu “Neue Zürcher Zeitung” qəzetindəki yazısında bu mövzuya toxunulur və Rusiya cəmiyyətinin vəziyyəti təhlil edilir.
Müəllif yazır ki, “PUA-larla mühasirəyə alınmış” Moskva başda olmaqla, Rusiya şəhərlərində insanlar özlərini reallıqdan təcrid etməyə çalışırlar. Lakin bunun fonunda kollektiv narazılıq artır.
O qeyd edir ki, Rusiya cəmiyyəti tədricən hardasa uzaqdakı savaş statusundan çıxmış və gündəlik həyata nüfuz etməyə başlamış bir müharibədə yaşamağa öyrəşir: “Yay fəsli bunu xüsusilə nəzərə çarpdırır. Milyonlarla rus üçün bağ evləri əsas istirahət yeri olaraq qalır, lakin onların tanış şəhərdən kənar həyatı indi benzin çatışmazlığı, mobil telefon xidmətləri və internetdə kəsintilər, qiymətlərin artması, hava səyahətlərinə qoyulan məhdudiyyətlər və Ukrayna dronlarının müntəzəm hücumları ilə müşayiət olunur. Cəbhədən yüzlərlə kilometr aralıda belə, insanlar gecələr dronların səsinə oyanırlar. Buna baxmayaraq, ölkədə kütləvi panika yoxdur…”
Müəllifin fikrincə, Qərbin Rusiya cəmiyyətinin açıq üsyanın astanasında olması barədə təsəvvürləri yanlışdır: “Cəmiyyətin əsas reaksiyası laqeydlik və fatalizmin(qaçılmazlığın) kombinasiyasıdır. İnsanlar müharibə onlara şəxsən təsir edənə qədər baş verənlər haqda düşünməməyi üstün tuturlar. Yanacaqları tükənərsə, onu tapmağa çalışırlar. Rabitə əlaqəsi kəsilərsə, rabitənin işlədiyi bir yer axtarırlar. İnternet bağlanarsa, yeni VPN quraşdırırlar. Əgər bunlardan hansısa alınmırsa, bunu da sadəcə, növbəti narahatçılıq kimi qəbullanırlar.
Lakin bu, cəmiyyətin sakit olduğu anlamına gəlmir. Müharibə yorğunluğu tədricən qıcıqlanmaya çevrilir. İnsanlar həyatın çətinləşdiyini hiss edirlər, eyni zamanda baş verənlərə təsir etmək üçün praktik olaraq heç bir güclərinin olmadığını başa düşürlər. Buna görə də, onlar yeni şərtlərə uyğunlaşır, onları "yeni normallığın” növbəti mərhələsi kimi qəbul edirlər”.
“Cəmiyyəti nə rejimi müdafiə etməyə, nə də ona üsyan etməyə hazırdır”
Kolesnikov hesab edir ki, bu gün Rusiya cəmiyyəti nə mövcud rejimi müdafiə etməyə can atır, nə də ona qarşı fəal mübarizə aparmağa hazırdır. Əgər rejim hakimiyyətdə qalarsa, insanlar uyğunlaşmağa davam edəcəklər. Əgər o, daxili səbəblərdən çökərsə, əksəriyyət də bu faktı sakitcə qəbul edəcək. Əsas strategiya kollektiv fəaliyyət deyil, fərdi yaşamdır.
Müəllif başqa bir paradoksu qeyd edir. Ənənəvi olaraq kollektivist hesab edilən bir ölkə olan Rusiya faktiki olaraq fərdiyyətçilər cəmiyyətinə çevrilib. İnsanlar dövlətə ümid və etibar etmirlər. Onlar Vətən və milli birlik haqqında rəsmi ritorikanı şifahi şəkildə dəstəkləyə bilərlər, amma praktikada dövlətin daim vətəndaşları aldatdığına və insanlara yalnız özlərinin həll etməli olduğu yeni problemlər yaratdığına əmindirlər.
Müəllif hesab edir ki, bu hisslər hətta Kremldə də başa düşülür. Məhz buna görə də hakimiyyət orqanları onsuz da zəifləmiş ictimai konsensusu tamamilə məhv etmək potensialından qorxaraq yeni açıq səfərbərlikdən yayınırlar və başqa üsullarla orduya əsgər toplamağa çalışırlar.
Kolesnikov ictimai psixologiyadakı dəyişikliyə xüsusi diqqət yetirir. Onun fikrincə, bir çox rusiyalı müharibədən o qədər bezib ki, müharibəyə tez bir zamanda son qoyacağına inandıqları istənilən qərarı dəstəkləməyə hazırdırlar. Hətta nüvə silahına əl atılmasını belə. Rusiyada keçirilən sorğularda bəzi sorğu iştirakçılarının taktiki nüvə silahlarının istifadəsini dəstəkləməsi də bununla izah olunur. Onların məntiqinə görə, belə bir zərbə Ukraynanı təslim olmağa məcbur edəcək, Qərb buna qarşılıqlı nüvə zərbəsi ilə cavab verməyəcək və nəticədə həyat normal vəziyyətinə qayıdacaq. Eyni zamanda, nüvə müharibəsi ehtimalı artıq eyni qorxunu doğurmur - onilliklər ərzində dövlət təbliğatı bu cür söhbətləri demək olar ki, adi hala gətirib.
Müəllif hesab edir ki, müharibənin əsas ziddiyyətlərindən biri onun Rusiyanı təhdidlərdən qorumaq şüarı altında başlaması, lakin bir neçə il sonra dronların müntəzəm olaraq Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiya şəhərlərinə hücum etməsidir.
“Wildberries” anbarlarında, neft email zavodlarında böyük yanğınlar, itkilər və ətrafda kilometrlərlə uzanan qalın tüstü... Kolesnikov yazır ki, hətta bu hadisələr belə, qısa zamanda artıq “tanış şəhər mənzərəsi”nin bir hissəsinə çevrilir. Yaxınlıqda anbarlar yanarkən, insanlar uşaqları ilə gəzməyə, idman və istirahət etməyə davam edirlər. Hava limanları bağlansa və uçuşlar geciksə də, insanların əksəriyyəti sadəcə məhdudiyyətlərin aradan qaldırılmasını sakitcə gözləyir…
Müəllif rusların hazırkı əhval-ruhiyyəsini "cibdə gizlədilən orta barmaq işarəsi" kimi təsvir edən Nina Xruşşovadan sitat gətirir. O qeyd edir ki, cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin bu, demək olar ki, heç vaxt açıq şəkildə ifadə olunmur: “İnsanlar zahiri sədaqət göstərə bilərlər, lakin daxildə hökumətə inamsızlıqla və qıcıqla ilə baxırlar”.
Müəllifin fikrincə, bu, xüsusilə Moskvadan kənarda nəzərə çarpır: “Əgər paytaxtda, laqeydlik psixoloji müdafiənin bir formasına çevrilibsə, regionlarda daha çox qəzəb və nifrət yayılıb - eyni zamanda ukraynalılara, hökumətə və baş verən hər şeyə qarşı. Amma orada belə, heç kim etirazların vəziyyəti ciddi şəkildə dəyişdirəcəyini gözləmir”.
E.Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər