Menu

MAAŞ, PENSİYA VƏ MÜAVİNƏTLƏR YENİDƏN ARTIRILACAQ? – Mühüm AÇIQLAMA

05.08.2026, 23:23
MAAŞ, PENSİYA VƏ MÜAVİNƏTLƏR YENİDƏN ARTIRILACAQ? – Mühüm AÇIQLAMA

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin əhəmiyyətli dərəcədə artırılması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən gündəmə gətirib.

Sosial sahəyə ayrılan vəsaitin artması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni addımların atılacağı ilə bağlı müzakirələri gücləndirir. Bununla yanaşı, ilin ikinci yarısında hökumətin bu istiqamətdə hansı qərarları verəcəyi maraq doğurur.

İlin ikinci yarısında maaş, pensiya və sosial müavinətlər artırıla bilər? Sosial ödənişlərin artırılması üçün hazırkı iqtisadi şərait kifayət edirmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib ki,2026-cı ilin ilk yarısında sosial xərclərin artması dövlətin sosial siyasətə prioritet verdiyini göstərir. Bununla belə, büdcədə sosial xərclərin artması avtomatik olaraq ilin ikinci yarısında maaş, pensiya və sosial müavinətlərin yenidən artırılacağı anlamına gəlmir.

Onun sözlərinə görə, belə qərarlar adətən dövlət büdcəsinin icrası, neft gəlirlərinin səviyyəsi, inflyasiya, iqtisadi artım və fiskal imkanlar nəzərə alınmaqla qəbul edilir: “Əgər ilin ikinci yarısında büdcə gəlirləri proqnozlaşdırılandan yüksək olarsa, xüsusilə enerji sektorundan daxilolmalar sabit qalsa və inflyasiya əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərərsə, hökumətin müəyyən sosial paketlər açıqlaması mümkündür. Bu, minimum əməkhaqqı, minimum pensiya və ya bəzi sosial müavinətlər üzrə mərhələli artımlar şəklində ola bilər”.

A.Nəsirli qeyd edib ki, hazırkı iqtisadi şərait müəyyən imkanlar yaratsa da, eyni zamanda ehtiyatlı yanaşmanı da tələb edir: “Qeyri-neft gəlirlərinin artması və vergi daxilolmalarının yüksəlməsi müsbət amillərdir. Digər tərəfdən, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji qiymətlərində mümkün dəyişikliklər və inflyasiya riskləri dövlətin əlavə sosial öhdəliklər götürərkən balanslı qərarlar verməsini zəruri edir”.

Ekspert sonda vurğulayıb ki, sosial ödənişlərin artırılması yalnız büdcə imkanları ilə deyil, həm də makroiqtisadi sabitliyin qorunması ilə uzlaşdırılmalıdır: “Çünki gəlirlərin əsassız artırılması inflyasiya təzyiqlərini gücləndirə və sosial artımların real təsirini azalda bilər. Buna görə də hökumətin qərarları, böyük ehtimalla, həm iqtisadi göstəricilərin dinamikasına, həm də ilin sonuna doğru büdcənin icra nəticələrinə əsaslanacaq”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Şərhlər

Rasim 2026-08-08 01:25:29

30 ildir sosial ədalət varmıdır? Yoxdur, bundan sonrada nəyinsə dəyişəcəyinə ümid etmək sadəlövhlükdür. Gəlin özümüz-özümüzü aldatmayaq. Bu hökümətin üzvlərinə verəsən o cüzi pensiyanı deyəsən get yaşa, o zqman görərlər ki, nə günə salıblar zavallı xalqı.

Ferz 2026-08-05 14:31:47

PENSİYA VƏ MÜAVİNƏTLƏR YENİDƏN ARTIRILACAQ? - niyə sual işarəsi ilə

Roma 2026-08-05 12:18:12

Pensiya sistemimiz başdan-ayağa tam sosial ədalətsiz bir sistemdir və onun da "baş arxitektoru, fırıldaqçığa görə həbs edilən Səlim Müslümovdur". Belə ki, birisi 200-300 manat alır və dava-dərmanına, kommunal xərclərinə çatdırmır, qidalanmağı, geyim-keçimindən isə danışmağa dəyməz. Digər birisi 2-3 min, hətda 5-10 min, bəzi hallarda bundan da çox alır və "xan kefində" dolanır. Sual olunur, niyə, nə səbəbə pensiyala arasındakı bu nisbət10-15 və bundan da çox fəqlidir. Bəyənmədiyimiz Sovet dönəmində pensiyalar arasındakı nisbət heç 2:1-dən artıq deyild, belə ki, minimal pensiya 70 rubl, maksimal isə 120 rubl təşkil edirdi və bu da özündə sosial ədalətliliyi təmin edirdi... Beləliklə, bu məsələyə baxılmalı və minimum pensiya məbləği bu günkü reallığı nəzərə alaraq 500-750 manat, maksimal pensiya, yəni yuxarı hədd 1000-1500 manat olmalıdır, və düşünürəm ki, bu heç büdcəyə də demək olar ki, təsir etməyəcək, yuxarı pensiyalar göstərdiyim həddə endirilməli, aşağı hədd də qaldırılmalıdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol