Mərkəzi Bankın son rəsmi göstəriciləri ölkə iqtisadiyyatı üçün kifayət qədər nikbin mənzərə ortaya qoyur. Baş bankın valyuta ehtiyatları 13.7 milyard dolları keçərək tarixi zirvəyə yaxınlaşıb, uçot dərəcəsi isə 6.5% səviyyəsində saxlanılır. Kağız üzərində hər şey qaydasındadır: likvidlik yüksəkdir, makroiqtisadi sabitlik təmin edilib.

Lakin reallıq sıravi vətəndaş və biznes üçün tamamilə fərqlidir. Kommersiya bankları bazara 18-24%-lik illik faiz dərəcələri ilə kredit təklif edir. Yəni Mərkəzi Bankın elan etdiyi uçot dərəcəsindən 3-4 dəfə baha. Məhz bu təzadlı mənzərə haqlı bir sual doğurur: 

İqtisadi baxımdan ən böyük yanlışlıqlardan biri Mərkəzi Bankın valyuta ehtiyatlarını kredit resursu kimi görməkdir. 13.7 milyard dollar ölkənin xarici şoklara dözümlülüyünü təmin edən, manatın məzənnəsini sabit saxlayan "təhlükəsizlik yastığı"dır. Bu vəsaət birbaşa kommersiya kreditlərinə yönəldilə bilməz.

Lakin məsələ yalnız valyuta ehtiyatında da deyil. Mərkəzi Bankın əlində yerli valyutanı — manatı ucuzlaşdırmaq və banklara aşağı faizlə re-finanslaşdırma kreditləri vermək üçün bütün hüquqi və mexaniki imkanlar var. 

Bəs sistem niyə işləmir?

Azərbaycan bank sektorunda əsas problem resurs azlığı deyil. Əksinə, banklar əhalidən və şirkətlərdən 8-10% civarında depozit yığır. Amma həmin pulu vətəndaşa çatdıranda üstünə inzibati xərclərini, marjasını və ən əsası - yüksək risk faizini gəlir.

İnkişaf etmiş ölkələrdə Mərkəzi Bank uçot dərəcəsini endirəndə kommersiya bankları dərhal Mərkəzi Bankdan ucuz pul götürüb bazara aşağı faizlə ötürür. Bizdə isə transmissiya mexanizmi paralic vəziyyətdədir. Banklar Mərkəzi Bankdan borc almaqda maraqlı deyillər, çünki əhalinin depozitləri və öz daxili imkanları kifayət edir.

Kredit faizlərinin kəskin yüksək olması fondunda digər acınacaqlı reallıq vətəndaşların borc yüküdür. Ekspert hesablamalarına və bazar göstəricilərinə görə, ölkədə hazırda 2.5 milyona yaxın şəxsin aktiv kredit borcu var. Əgər iqtisadi fəal əhalinin sayının təxminən 5 milyon nəfər olduğunu nəzərə alsaq, bu, dəhşətli bir statistikanı ortaya çıxarır: Ölkədə işləyən hər 2 nəfərdən 1-nin banklara borcu var.

Üstəlik, Azərbaycan Kredit Bürosunun bazasında 3.5 milyondan çox şəxsin kredit faylı var. Borcunu vaxtında ödəyə bilməyən, son 5 ildə gecikməyə düşən yüz minlərlə vətəndaşın kredit tarixçəsi korlanıb. Bu şəxslər faktiki olaraq finans sistemindən kənarda qalıb və yeni kredit ala bilmirlər. Banklar isə riski azaldacaq mexanizmlər qurmaq əvəzinə, korlanmış tarixçəsi olanları "qara siyahı"ya salır, qalan kontingentə isə faizləri daha da qaldıraraq riski onların üzərinə yükləyir.

Mərkəzi Bankın bazara sadəcə "ucuz manat" buraxması da çıxış yolu deyil - bu, inflyasiyanı tətikləyə və dollara tələbatı kəskin artıra bilər. Çünki real sektora və istehsalata getməyən ucuz pul dərhal istehlak kreditlərinə və idxala yönəlir.

Kredit faizlərinin həqiqi mənada aşağı düşməsi üçün:

-Kommersiya bankları arasında real rəqabət mühiti yaradılmalı, sektor monpoliyadan çıxarılmalıdır;

-Alternativ maliyyə alətləri - qiymətli kağızlar bazarı və qeyri-bank kredit təşkilatları inkişaf etdirilməlidir;

-Biznes riskləri və məhkəmə-icra sistemindəki ləngimələr aradan qaldırılmalıdır ki, banklar risk marjasını süni şəkildə yuxarı saxlamasınlar.

Əks halda, Mərkəzi Bankın valyuta ehtiyatları rekorda imza atmağa davam edəcək, banklar ilin sonunda yüz milyonlarla manat mənfəət elan edəcəklər, vətəndaş isə 22-24%-lik kreditlərin altında əziyyət çəkməkdə davam edəcək.

E.Rüstəmli

"AzPolitika.info"