Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz.

"AzPolitika" “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov sosial şəbəkələrdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin vasitəçilər və turizm şirkətləri tərəfindən toplu şəkildə alınıb yenidən satılması ilə bağlı iddialara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, sosial mediada yayılan elan və paylaşımlar, eləcə də satış statistikaları və sərnişinlərin bilet alışı üzrə davranışları mütəmadi izlənilir və təhlil edilir: “Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyim kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir".

Azər Fərəcov qeyd edib ki, sosial şəbəkələrdəki iddialardan biri də Bakı–Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır: “Bir məqamı da qeyd edim ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır. Məlum olduğu kimi, Bakı–Tbilisi–Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minirlər. Məsələn, 25 may – 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Yevlaxdan 909, Gəncədən 1345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib. Əks istiqamətə, yəni Tbilisidən Bakıya 5592, Gəncəyə 1048, Yevlaxa 1522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 min bilet kassalarında satılıb”.

Azər Fərəcov - Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı hansı mexanizmlə həyata keçirildiyini də açıqlayıb: " Azərbaycan Dəmir Yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir.

ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.

Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.

Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.

Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib. Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb.

Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq".