İyunun 18-də Moskvadakı Kapotnya Neft Emalı Zavoduna (NEZ) endirilən ağır zərbədən sonra Rusiyada yanacaq böhranı yeni, daha kritik mərhələyə qədəm qoyub.
"AzPolitika" xəbər verir ki, Kremlin paytaxt sakinlərində panika yaratmamaq və "hər şey nəzarət altındadır" görüntüsü vermək cəhdləri tamamilə iflasa uğrayıb. Artıq Rusiya rəhbərliyi paytaxt Moskva da daxil olmaqla, ölkənin bir çox regionunda benzin və dizel satışına rəsmi məhdudiyyətlər və xüsusi rejim tətbiq etməyə məcbur olub.
Rusiya iqtisadiyyatının onurğa sütununu hədəf alan dron hücumları ölkədə yanacaq paylanması sistemini iflic edib. Əldə olunan son məlumatlara görəKrımda tam qıtlıq hökm sürür. İki gün öncəki hesablamalara görə, Rusiyanın ilhaq etdiyi Krım və Sevastopolda yanacağın sərbəst satışı tamamilə dayanıb – yanacaqdoldurma məntəqələrində (YDM) benzin ümumiyyətlə yoxdur.
19 regionda sərt məhdudiyyətlər qoyulub. Bryansk, Kurqan və Kursk vilayətlərinin də qoşulması ilə yanacaq satışına rəsmi məhdudiyyət qoyan Rusiya regionlarının sayı 19-a yüksəlib.
Bundan başqa Bryansk və Kursk vilayətlərində YDM-lərdə fərdi qablara, kanistrlərə və çəlləklərə yanacaq doldurulması qəti qadağan edilib. Yanacaq yalnız birbaşa avtomobillərin bakına vurulur. Bryansk rəhbərliyi bunu Ukrayna dronlarının hücum təhlükəsi səbəbindən logistikada yaranan "müvəqqəti çətinliklər" və süni qiymət artımı ilə izah edib.Kurqan vilayətində isə vəziyyət daha ağırdır. Burada həm panikanın qarşısını almaq, həm də spekulyasiyaya yol verməmək üçün bir avtomobilə maksimum 40 litr benzin satılması barədə sərt limit qoyulub.

Kapotnya NEZ-nin sıradan çıxması Moskva daxilində benzin təminatında dərhal ciddi deşik yaradıb. Çünki bu zavod nəhəng meqapolisin yanacaq ehtiyacının azı 40%-ni təkbaşına qarşılayırdı. Müəssisə fəaliyyətini dayandırdıqdan sonra Moskvada YDM-lərdə uzun növbələr yaranıb.
Vəziyyətin siyasi xaos hədindən çıxmasını əngəlləmək üçün Moskva Nəqliyyat Departamenti təcili və fövqəladə qərar qəbul edib. Qərara əsasən, bütün böyük tutumlu benzindaşıyan yük maşınlarına Moskvaya sutkanın istənilən vaxtında tam buraxılışsız və rüsumsuz daxil olmaq və hərəkət etmək icazəsi verilib. Hakimiyyət bu addımla digər regionlardan paytaxta təcili yanacaq daşımağa və süni şəkildə Moskvada "həyat davam edir" illüziyasını qorumağa çalışır.
"Reuters" agentliyinin sahə ekspertlərinə istinadən yaydığı təhlildə qeyd olunur ki, Ukrayna Ordusunun son bir ayda Rusiyanın 16 böyük neft emalı zavoduna vurduğu sistemli zərbələr nəticəsində ölkə ümumi benzin istehsalının 25%-ni (dörddə birini) itirib.
Ekspertlərin fikrincə, bu kəsir Rusiyanı çox çətin və riskli iki ssenari qarşısında qoyur:
Moskvanı xilas edib, regionları qurban vermək: Kreml paytaxtda üsyan və narazılıq olmasın deyə bütün uzaq regionların yanacaq ehtiyatını Moskvaya yönəldə bilər. Lakin bu halda Rusiyanın vilayətlərində iqtisadiyyat, kənd təsərrüfatı və nəqliyyat tamamilə dayanacaq.
Defisiti rəsmən tanımaq: Bu isə sentyabrın 20-nə təyin olunmuş Dövlət Dumasına seçkilər ərəfəsində Putinin "güclü lider" imicinin tamamilə yerlə-yeksan olması və Rusiyanın daxilində böyük psixoloji qırılma deməkdir.
Vəziyyətin kritikliyini o da sübut edir ki, neft nəhəngi olan Rusiya rəhbərliyi daxili bazarı qorumaq üçün artıq Asiya ölkələrindən dəniz yolu ilə benzin idxal etmək barədə gizli danışıqlar aparır. Lakin Ukrayna dronlarının Rusiyanın qərb limanlarını da vura bilməsi bu alternativ xilas yolunu da ciddi sual altında qoyur.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər