Tanınmış politoloq Fərhad Məmmədov Böyük Britaniyanın BBC ictimai yayımçısının Azərbaycan bürosunu qeyri-peşəkarlıqda və qərəzli yanaşmada ittiham edib.

"AzPolitika" xəbər verir ki, ekspert ötən həftə BBC tərəfindən ondan alınan müsahibənin bəhanələrlə yayılmamasından yazıb.

Fərhad Məmmədov qeyd edib ki, iyunun 17-də BBC-nin Azərbaycan bürosunun əməkdaşı Ermənistandakı parlament seçkilərindən sonra Bakı və İrəvan arasındakı sülh gündəliyinə dair ondan müsahibə istəyib:

"Səfərdə olmağıma baxmayaraq, səhər saat 09:00-da müsahibə üçün vaxt ayırdım. Britaniya təbliğatının suallarını dinləmək və küləyin hara əsdiyini anlamaq həmişə maraqlıdır. Suallar Ermənistandakı referendum, onun keçirilməsinin qeyri-mümkünlüyü, Azərbaycanın mümkün addımları və Ermənistanın daxili siyasi vəziyyətinin mürəkkəbliyi ilə bağlı idi. Suallarda belə bir məqam var idi ki, guya Bakı referendum tələbi ilə Ermənistan hökumətini nəticə əldə etmək üçün inzibati resurslardan istifadə etməyə təhrik edir".

Politoloq müsahibədə həmin suallara verdiyi cavabların detallarını da paylaşıb:

"Mən isə öz tərəfimdən bildirdim ki, Vaşinqton, London və Brüssel Ermənistandakı seçkiləri demokratiyanın qələbəsi kimi tanıyıb. Ermənistan Baş nazirinin seçkidən əvvəl və sonra etdiyi hər şey demokratik addım sayılır. Deməli, Baş nazir eyni qaydada, demokratik metodlarla referenduma nail ola bilər, xüsusən də bu, Ermənistanın daxili işidir.

Sonuncu sual isə Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılmaması üçün Türkiyəyə təzyiq göstərməyə davam edib-etməyəcəyi ilə bağlı idi. Cavab verdim ki, Türkiyə Prezidenti qərarları müstəqil qəbul edir, onun məsləhətə ehtiyacı yoxdur və ona təzyiq göstərmək qeyri-mümkündür. Azərbaycanın mövqeyi və Ermənistanla razılaşdırılmış sülh gündəliyi var, rəsmi Ankara da bu gündəliyi dəstəkləyir".

Ekspert vurğulayıb ki, suallardan Londondan gələn əsas tezislər açıq-aydın hiss olunurdu. Lakin müsahibənin üzərindən günlər keçsə də, material BBC-nin "YouTube" kanalında işıq üzü görməyib:

"İki gün keçdi, jurnalistə yazdım, cavab verdi ki, mətn üzərində işləyirlər. Daha bir neçə gün keçdikdən sonra isə görüntüdə problem olduğunu dedilər. Zarafatla bildirdim ki, başım kadrdan çıxsa belə, incimərəm. Artıq məndə idman marağı yaranmışdı. Bir həftə keçdi... Son xatırlatmamda isə bildirdilər ki, sən demə, səs boğuq çıxıb".

Fərhad Məmmədov dünyaşöhrətli medianın bu yanaşmasını kəskin tənqid edərək fikrini belə tamamlayıb:

"Adətən media operativ olmalıdır, amma bu, BBC-yə aid deyil. Dünyaşöhrətli media peşəkar olmalıdır, amma bu da BBC-yə aid deyil.

Belə qənaətə gəldim ki, mənim cavablarım BBC-nin maraqlarına cavab verməyib. Müsahibədən 3 və 5 gün sonra kadrın əyri, səsin isə boğuq olması barədə gətirilən arqumentlər heç bir tənqidə dözmür".

Rasim

"AzPolitika.info"