Bu gün "Azərikard" MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı olan insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

"Əhalinin diqqətinə çatdırılır ki, AMB-nin ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.

Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb", - açıqlamada deyilir.

Bildirilir ki, bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur.

***

Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarında balansların mənfi göstərilməsi və vəsaitlərin silinməsi ilə bağlı şikayətlər fonunda məlum olub ki, oxşar problemlər digər bank və ödəniş xidmətlərinin istifadəçiləri tərəfindən də qeydə alınır.

"AzPolitika" xəbər verir ki, Oxu.Az-a daxil olan yeni görüntülər və sosial şəbəkələrdə yayılan paylaşımlar göstərir ki, son saatlarda bəzi müştərilər kart hesablarında və əməliyyat tarixçəsində uyğunsuzluqlarla üzləşiblər.

Belə ki, istifadəçilərdən biri AFB Bank hesabından ABB kartına 417 manat köçürmə etdikdən sonra balansın 422.89 manat əvəzinə mənfi 1 500.69 manat göstərildiyini iddia edib.

Digər paylaşımlarda isə ABB müştəriləri kart hesablarında mənfi balansların yarandığını, bəzi hallarda vəsaitlərin səbəbi ilə bağlı hər hansı bir bildiriş gəlmədən silindiyini qeyd ediblər.

Eyni zamanda, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bəzi banklar və ödəniş xidmətləri də texniki çətinliklərlə bağlı müştərilərinə xəbərdarlıq edib.

"AccessBank" isə müştərilərinə ünvanladığı SMS-də texniki çətinliklərlə əlaqədar kart əməliyyatlarının müvəqqəti əlçatan olmayacağını bildirib.

Bundan başqa, "Yelo Bank"ın mobil tətbiqində də istifadəçilərə "Müvəqqəti texniki fasilə" barədə bildiriş göstərilib. Bildirişdə aparılan təkmilləşdirmə işləri səbəbindən mobil tətbiqdən istifadənin müvəqqəti mümkün olmayacağı qeyd olunub.

Eyni problem "Rabitə Bank" müştəriləri tərəfindən də müşahidə olunur.

Azərbaycanda bir çox banklara məxsus kartlardan VƏSAİT SİLİNİR - AÇIQLAMA - FOTO

Hazırda problemin dəqiq səbəbi məlum deyil. Nasazlığın ayrı-ayrı bankların daxili sistemləri, kart prosessinq infrastrukturu və ya üçüncü tərəf xidmətləri ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat verilməyib.

***

Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.

Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.

Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.

"Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - açıqlamada qeyd olunub.

***

ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.

"AzPolitika" xəbər verir ki, bu haqda bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.

"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq", – məlumatda bildirilib.

Bank müştərilərdən yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.