Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Özbəkistan millisi ilə oyunda vurduğu qoldan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq Dioqo Dalotu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Minlərlə istifadəçi bu anın görüntülərini paylaşsa da, hadisə ilə bağlı bəzi məlumatlar qarışdırılıb.

Əvvəlcə qeyd edək ki, yayılan bəzi paylaşımlarda göstərildiyi kimi, Dalot Portuqaliya millisində debütünü 2016-cı ildə etməyib. Müdafiəçi əsas millidə ilk oyununa 2021-ci ildə çıxıb. O, 2016-cı ildə isə Portuqaliyanın U-17 yığması ilə Avropa çempionu olmuşdu.

Bəs Ronaldonun qol sevincini məhz Dalotla bölüşməsinin səbəbi nədir?

"AzPolitika" xəbər verir ki, hər iki futbolçu arasında uzun illərə söykənən xüsusi münasibət var. Onlar "Mançester Yunayted"də birlikdə çıxış etdikləri dövrdə yaxın dostlaşıblar. Dalot dəfələrlə Ronaldonu özünə örnək və mentor hesab etdiyini bildirib.

Bu münasibətin ən diqqətçəkən nüanslarından biri isə Ronaldonun 2022-ci ildə verdiyi məşhur Pirs Morqan müsahibəsində ortaya çıxmışdı. Portuqaliyalı ulduz gənc futbolçuların peşəkarlığını tənqid etsə də, Dioqo Dalotun adını xüsusi çəkərək onu fərqləndirmiş, gələcəyinin çox parlaq olacağını demişdi.

Dalot da öz növbəsində Ronaldonun karyerasının çətin dönəmlərində ona açıq dəstək verən futbolçulardan biri olub. O, müxtəlif açıqlamalarında Ronaldonun həm Portuqaliya millisi, həm də komandaları üçün əvəzolunmaz lider olduğunu vurğulayıb.

Məhz buna görə Ronaldonun son qoldan sonra ənənəvi sevincini qeyd etmək əvəzinə birbaşa Dalota tərəf qaçması bir çoxları tərəfindən dostluq və minnətdarlıq jesti kimi qiymətləndirilib.

Matçdan sonra Dalotun Ronaldonun şəklini paylaşaraq "uşaq kimi gülümsəyir" yazması isə iki futbolçu arasındakı səmimi münasibətin növbəti göstəricisi olub.


"AzPolitika.info"