Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə yerli mətbuata verdiyi müsahibədə “Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi də əksini tapacağını bildirib.

"Birinci məsələ budur ki, təqribən tələbə kontingentinin üçdə ikisi Bakı şəhərində və yaxud onun ətrafında, üçdə biri Bakıdan kənardadır. Son illər tələbələrin sayı artmaqdadır, çünki ali təhsil daha əlçatandır, qəbul planlarımız artır. Biz daha çox şəxsin ali təhsilli olmasının tərəfdarıyıq. Birmənalı olaraq Bakıdan kənarda olan universitetlərimizdə say etibarilə artım var. Bunun mütləq köçürmə üsulu ilə deyil, həm də başqa məsələlərlə həllinə baxmalıyıq. Köçürməkdən daha çox tələbə kontingentinin sayını azaldıb keyfiyyətin artırılması istiqamətində işləməliyik və bu istiqamətdə işimiz artıq 2 ildir davam edir", - deyə nazir qeyd edib.

E. Əmrullayevin açıqlamasından aydın olur ki, hazırda Bakıdakı universitetlərin kütləvi şəkildə regionlara köçürülməsi planlaşdırılmır. Bunun əvəzinə, ali təhsil sistemində balansın yaradılması məqsədilə paytaxt universitetlərində tələbə sayının tənzimlənməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi prioritet hesab olunur.

Bəs maraqlıdır, bu yanaşma tələbələrin keyfiyyətli ali təhsil ala bilmələrinə şərait yaradacaqmı?

Həmçinin o da maraqlıdır ki, tələbə sayının azalması şəhərdəki sıxlığa necə təsir edə bilər?


Təhsil eksperti Elçin Əfəndi "AzPolitika"ya açıqlamasında bildirib ki, tələbələrin paytaxt universitetlərində sayının azaldılması, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək: "Amma həmin universitetlərdə olan ixtisaslar üzrə plan yerlərinin azalması bəzi ixtisaslarda formalaşan keçid ballarının da artmasına gətirib çıxara bilər. Bu qərarla universitetlərdə təhsil keyfiyyətinin artırılmasına, eyni zamanda şəhərdəki sıxlığın müəyyən qədər azalmasına şərait yaradıla bilər. Bunun paralelində region universitetlərinin sosial-iqtisadi və turizm istiqamətində inkişafına, həmin ali təhsil müəssisələrinin tələbə kontingentinin böyüməsinə və nəticə etibarilə inkişafının sürətlənməsinə təkan verilə bilər ".

Ekspert qeyd edir ki, region universitetlərində infrastruktur baxımından yenilənmə aparılmalı, kampuslar yaradılmalıdır: "Belə olduğu halda müasir çağırışlara uyğun təhsil sisteminin formalaşdırılması üçün zəruri şərait yaranacaq. Yeni korpusların tikilməsi, daha böyük inzibati binaların istifadəyə verilməsi və universitetlərin qəbul imkanlarının genişləndirilməsi daha çox tələbənin bu ali təhsil müəssisələrinə cəlb olunmasına imkan verə bilər".

E. Əfəndinin sözlərinə görə, qərarın qəbul edilməsi tələbələrin həm sosial həyatına, həm də əmək bazarına çıxış imkanlarına müsbət təsir göstərəcək: "Şamaxı Dövlət Universiteti, Quba Dövlət Universiteti və digər region ali təhsil müəssisələri bu baxımdan mühüm rol oynaya bilər. Həmin universitetlərdə təhsil alan tələbələr dövlət universitetlərinin məzunlarıdır və onlar da əmək bazarında ixtisaslarına uyğun şəkildə karyera qurmaq imkanına malikdirlər".

"Universitetlərə yalnız təhsil müəssisəsi kimi yanaşmamalıyıq. Burada tələbə şəhərcikləri formalaşdırılmalı, tələbələrin sosiallaşması üçün şərait yaradılmalıdır. Eyni zamanda onların yalnız nəzəri deyil, praktiki biliklər əldə etməsinə imkan verən mexanizmlər qurulmalıdır. Bu baxımdan belə qərarların qəbul edilməsini vacib və zəruri hesab etmək olar", deyə təhsil eksperti E. Əfəndi bildirib.

E. Bəyməmmədli

"AzPolitika.info"