Ukrayna ərazisinə endirilən zərbələrin trayektoriyasını tənzimləmək üçün Belarus ərazisində quraşdırılmış Rusiya retranslyatorları (siqnal gücləndiriciləri) iyunun 22-dən etibarən fəaliyyətini dayandırıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı və kəşfiyyat strukturlarından bu barədə gündəlik məlumatlar aldığını vurğulayıb:
"Onların tamamilə sökülüb-sökülmədiyini, düzünü desəm, hələ dəqiq bilmirəm. Lakin biz bu istiqamətdə işləyirik, mən vəziyyəti çox diqqətlə izləyirəm və hər gün hesabatlar alıram. Fakt budur ki, sözügedən retranslyatorlar bu günə olan məlumata görə artıq işləmir", — deyə Zelenski qeyd edib.
Xatırladaq ki, Ukrayna tərəfi bundan əvvəl rəsmi Minskə xəbərdarlıq edərək, pilotsuz uçuş aparatlarının (PUA) hərəkətini tənzimləyən həmin cihazların Belarus-Ukrayna sərhədindən yığışdırılmasını tələb etmişdi.
"AzPolitika.info"

Şərhlər