"Bizim xüsusən də Krımla bağlı əməliyyatımız dəqiq hesablanıb və onun davam etmə tərzi sübut edir ki, əgər Ukrayna G7-dəki tərəfdaşlarımızla müzakirə etdiyimiz şeyi tam əldə edərsə - bu, tərəfdaşlarımızın qərarlarından asılıdır - Rusiyanı sülhü seçməyə məcbur edəcək şərtləri tez bir zamanda təmin edəcəyik. Tərəfdaşlarımızdan müsbət cavab gözləyirik Onlar nədən söhbət getdiyini dəqiq bilirlər".
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşam dərc olunan müraciətində deyib. Zelenski G7-dən məhz nəyi gözlədiyini açıqalmasa da, bunun xüsusilə Krımda əməliyyat keçirmək üçün lazım olduğuna və hesablandığına eyham vurub.
Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın müharibə aparmaq üçün istifadə etdiyi hədəflərə qarşı qabaqlayıcı zərbələr endirəcək: "Mən kəşfiyyat xidmətlərimizə və silahlı qüvvələrimizə Rusiyanın hərbi əməliyyatlarını genişləndirmək üçün istifadə etdiyi hədəflərə qarşı qabaqlayıcı tədbirlər görməyi tapşırmışam".
Bu arada Kiyev Moskvanı danışıqlar masasına oturtmaq üçün enerji infrastrukturuna hücumları gücləndirir. Dünən Ukrayna dronları Krımın ən böyük şəhəri olan Sevastopolun elektrik enerjisini kəsib. Şəhər bütünlüklə qaranlığa qərq olub. Rusiyanın mərkəzi və cənubundakı hədəflərə də zərbələr endirilib. Kiyevin neft emalı zavodlarına və enerji obyektlərinə endirdiyi zərbələr nəticəsində yanacaq böhranı daha da kəskinləşib və paytaxt Moskva da daxil olmaqla, az qala bütün Rusiya regionlarını əhatə edib.

Krımda gözlənilən əməliyyata gəlincə, mütəxəssislər bununla bağlı fərqli fikirlər səsləndirirlər. Belə ki, sırf quru əməliyyatı ilə işğal olunmuş Zaporojye və Xerson ərazilərindən keçərək Krıma daxil olmaq hazırda real görünmür. Bunun üçün Ukraynanın kifayət qədər canlı qüvvəsi və imkanları yoxdur. Hava və dəniz desantı ilə də yarımadanı birbaşa nəzarətə götürmək olduqca çətindir. Bunun üçün Ukraynaya böyük desant gəmiləri lazımdır, o da Kiyevdə yoxdur. Üstəlik, belə əməliyyatlar üçün ərazinin hava məkanı tamamilə nəzarətə götürülməlidir. Bunu da təmin etmək tək Ukraynanın imkanları daxilində deyil. Ona görə də Zelenskinin nəyə eyham vurduğunu birmənalı söyləmək çətindir. Bu, informasiya müharibəsinin və psixoloji təzyiqin bir hissəsi də ola bilər...
Lakin hər halda, Krımda vəziyyətin getdikcə Rusiyanın nəzarətindən çıxmağa başladığını göstərən xeyli aydın əlamət var. Bunlar yalnız yanacaq və elektrik böhranı deyil. Faktiki olaraq “yarımcan” Krım körpüsündən başqa hazırda yarımadanı təmin edə bilən hər hansı bir təhlükəsiz, tam işləyən yol, dəhliz, arteriya mövcud deyil. Hətta bərələr, gəmilər vasitəsilə təminat da kəsilib. Ukrayna bütün yolları və daşıma vasitələrini vurur, yandırır.
Artıq Rusiya Qara Dəniz Donanması komandanlığının Krımdan Novorossiyskə təxliyə edilməyə başladığı barədə məlumatlar var. Rusiyalı hərbçilərin ailələrini təxliyə etdiyi bildirilir. Üstəlik, sıravi vətəndaşların da yarımadanı tərk etməyə başladığı barədə məlumatlar və görüntülər yayımlanmaqdadır. Bütün bunlar hadisələrin gələcək gedişi barədə müəyyən təsəvvür yaradır və bu təsəvvür qətiyyən Rusiyanın xeyrinə deyil...
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər