Dünyada əhali üçün elektrik enerjisinin qiymətləri ölkələr arasında kəskin şəkildə fərqlənir.

“AzPolitika” xəbər verir ki “Visualcapitalist” portalının araşdırmasına görə, bəzi ölkələrdə əhali elektrik enerjisinə görə digərlərindən yüz dəfələrlə çox ödəniş edir.

Araşdırmada 2023–2026-cı illər üzrə orta məişət elektrik tarifləri müqayisə olunub. Nəticələr göstərir ki, enerji siyasəti, dövlət subsidiyaları, yanacaq ehtiyatları, vergilər və infrastruktur xərcləri elektrik enerjisinin qiymətinə birbaşa təsir göstərir.

Reytinqə əsasən, dünyada əhali üçün ən bahalı elektrik enerjisi Bermudada qeydə alınıb. Burada bir kilovat-saat elektrik enerjisinin orta qiyməti 0,466 ABŞ dollarıdır.

İlk onluqda əsasən Avropa ölkələri və enerji idxalından asılı ada dövlətləri yer alıb:

1. Bermud adaları – 0,466 dollar

2. İrlandiya – 0,447 dollar

3. İtaliya – 0,415 dollar

4. Kayman adaları – 0,411 dollar

5. Almaniya – 0,406 dollar

6. Belçika – 0,404 dollar

7. Böyük Britaniya – 0,404 dollar

8. Lixtenşteyn – 0,402 dollar

9. İsveçrə – 0,366 dollar

10. Danimarka – 0,361 dollar

11. Çexiya – 0,352 dollar

12. Avstriya – 0,351 dollar

13. Baham adaları – 0,348 dollar

14. Kipr – 0,340 dollar

15. Kabo-Verde – 0,329 dollar

16. Barbados – 0,313 dollar

17. Qvatemala – 0,297 dollar

18. Estoniya – 0,290 dollar

Mütəxəssislərin fikrincə, Avropada enerji qiymətlərinin yüksək olmasının əsas səbəbləri idxaldan asılılıq, karbon vergiləri, enerji keçidi siyasəti və şəbəkə xərcləridir.

Digər tərəfdən, araşdırmaya görə, dünyada ən ucuz elektrik enerjisi İranda qeydə alınıb. Burada bir kilovat-saat elektrik enerjisinin orta qiyməti cəmi 0,003 ABŞ dollarıdır. Ən aşağı tariflərə malik ölkələr sırasında həmçinin Efiopiya, Qırğızıstan, İraq, Anqola və Misir yer alır. Araşdırmada qeyd olunur ki, bu ölkələrdə aşağı tariflər əsasən dövlət subsidiyaları və daxili enerji resurslarının bolluğu hesabına təmin edilir.

Qeyd edək ki, Azərbaycanda əhali qrupu üçün elektrik enerjisinin daxili bazardakı tarifi mərhələli şəkildə müəyyənləşdirilib. Belə ki, aylıq istehlak:

- 200 kVt-saata qədər olduqda – 8,4 qəpik;

- 200–300 kVt-saat arasında olduqda – 10 qəpik;

- 300 kVt-saatdan yuxarı olduqda isə 15 qəpik təşkil edir.

Bundan əlavə, əhali abonentləri üçün aylıq 1 manat sabit tarif tətbiq olunur.

Mövcud tariflər nəzərə alındıqda, ölkə üzrə əhali üçün elektrik enerjisinin orta qiyməti təxminən 11,2 qəpik, yəni təxminən 0,066 ABŞ dolları/kVt-saat təşkil edir.

Bu göstərici ilə Azərbaycanın elektrik enerjisinin ən ucuz olduğu ölkələr sırasında yer almasa da, Avropa ölkələri ilə müqayisədə xeyli aşağı tarif tətbiq etdiyini göstərir. Məsələn, Azərbaycanda elektrik enerjisinin orta qiyməti Almaniyadan təxminən 6 dəfə, İrlandiyadan isə təxminən 7 dəfə ucuzdur.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə dünya üzrə ən bahalı və ən ucuz elektrik enerjisi bazarları arasındakı fərqdir. Belə ki, Bermudada elektrik enerjisinin orta qiyməti İranla müqayisədə 155 dəfədən çox yüksəkdir.

Elvin

“AzPolitika.info”