Ramiz YUNUS,

Xəzər Universitetinin politologiya professoru

XXI əsr təkcə beynəlxalq sistemi dəyişmir, həm də dövlətlər arasındakı mübarizənin mahiyyətini kökündən başqalaşdırır. Əgər XIX əsrdə dövlətlər əraziləri genişləndirir, XX əsrdə isə ideologiyalar və dünya nizamı modelləri uğrunda vuruşurdurlarsa, XXI əsrdə gözlərimiz qarşısında daha incə və eyni zamanda daha təhlükəli bir qarşıdurma müstəvisi formalaşır: keçmişin interpretasiyası (şərhi) uğrunda mübarizə.

Bu, artıq siyasətin periferik (ikinci dərəcəli) elementi deyil, onun nüvəsinə çevrilməkdədir. Tarix universitetlərdə və arxivlərdə mövcud olan neytral akademik fənn statusundan çıxır. O, auditoriyaları tərk edərək diplomatiya, sanksiyalar, parlament qərarları və beynəlxalq böhranlar məkanına daxil hissolunacaq dərəcədə nüfuz edir.

Keçmiş artıq bitmiş, tamamlanmış bir reallıq deyil. O, siyasətin digər vasitələrlə davamıdır. Məhz burada prinsipial bir dönüş yaranır: dövlətlər təkcə bu gün baş verənlər uğrunda deyil, həm də dünyanın dünəni necə xatırlamalı olduğu uğrunda mübarizə aparırlar. Faktiki olaraq, bəşəriyyət tarixi yaddaşın siyasiləşməsi dövrünə qədəm qoyur ki, burada keçmişin interpretasiyasına nəzarət strateji təsir elementinə çevrilir.

Bu gün tərəziyə qoyulan tək şey ərazi, resurslar və ya təhlükəsizlik deyil. Ortada tarixin mənasını müəyyənləşdirmək hüququ var. Keçmişin şərhinə nəzarət edən tərəf, qaçılmaz olaraq gələcəyin arxitekturasına da təsir etməyə başlayır.

Yaddaşın özəlləşdirilməsi və qlobal qarşıdurma xətləri

Bəs keçmiş uğrunda mübarizə praktikada necə reallaşır? Tarixi yaddaş niyə birdən-birə elmi analiz obyekti olmaqdan çıxıb beynəlxalq təzyiq, diplomatik münaqişə və siyasi qərarlar alətinə çevrildi?

Bu sualın cevabı bizi müasirliyin əsas fenomeninə – tarixi yaddaşın sistemli şəkildə siyasi resursa çevrilməsi prosesinə aparır. Bu transformasiyanın baş mexanizmi isə yaddaşın özəlləşdirilməsidir. Bu termin siyasi elitaların tarixi hadisələrin şərhini inhisara almaq, kollektiv yaddaşı ümumbəşəri humanitar məkandan cari siyasətin alətinə çevirmək cəhdlərini ifadə edir.

Bunun lokal və ya regional münaqişə olduğunu düşünənlər yanılırlar; bu, qlobal bir prosesdir və özünü müxtəlif coğrafiyalarda qabarıq göstərir:

Polşa və Ukrayna arasındakı strateji tərəfdaşlığa və ümumi təhlükəsizlik çağırışlarına baxmayaraq, Volın qırğını ilə bağlı tarixi yaddaş bu gün də siyasi dialoqa mənfi təsir etməkdədir.

Şərqi Asiyada Yaponiya, Çin və Cənubi Koreya arasında İkinci Dünya müharibəsi və müstəmləkəçilik dövrünün traktovkası ilə bağlı fundamental fikir ayrılıqları hələ də qalmaqdadır.

Qərb siyasətində tarixi faciələrin tanınması barədə qərarlar çox vaxt Türkiyə ilə münasibətlərin pisləşdiyi dövrlərə təsadüf edir və bu, tarixi yaddaşın Ankaraya qarşı diplomatik təzyiq alətinə çevrildiyini açıq göstərir.

Rusiyanın Ukraynaya qarşı təcavüzü isə keçmişin şərhinin müasir geosiyasi mübarizənin necə birbaşa və amansız bir hissəsinə çevrildiyini xüsusi aydınlıqla nümayiş etdirir.

Bütün bu hallarda söhbət tarixi hadisələrin eyniliyindən deyil, prosesin məntiqindən gedir – tarix elm sahəsi olmaqdan çıxır və siyasi rəqabət meydanına çevrilir.

Təl-Əvivin 1915-ci il kartı, Vaşinqtonla gərginlik və NATO sammiti

Bu fonda XX əsrin əvvəllərinin tarixi yaddaşına olan siyasi həssaslıq daha kəskin nəzərə çarpır. İsrail və Türkiyə arasındakı mövcud gərginlik fonunda Təl-Əvivin Osmanlı imperiyasındakı 1915-ci il hadisələri ilə bağlı irəli sürdüyü və qabartdığı istənilən təşəbbüs, bəyan edilən motivlərdən asılı olmayaraq, qaçılmaz olaraq sırf siyasi xarakter alır.

Bu cür addımlar nadir hallarda təmiz tarixi jest kimi qəbul edilir. Qətiyyən belə deyil. Çox vaxt onlar cari diplomatik oyunun tərkib hissəsi kimi oxunur. Xüsusilə də bu təşəbbüslərin Təl-Əvivin təkcə Türkiyə siyasətinə qarşı deyil, həm də ABŞ-ın İsraillə razılaşdırmadan İranla imzaladığı memorandumdan sonra ABŞ-İsrail münasibətlərində yaranan ciddi soyuqluq dövrünə təsadüf etməsi mənzərəni tamamilə ifşa edir. Buna ABŞ Prezidenti Donald Trampın Türkiyədə keçiriləcək NATO sammiti ərəfəsində Prezident Rəcəb Tayyib Ərdoğanı açıq şəkildə tərifləməsini də əlavə etsək, bu tarixi yaddaş kartının pərdəarxası manipulyasiyası və bunun ayaqlarının haradan gəldiyi tam aydın görünür.

Burada əsas problem ortaya çıxır: tarixi yaddaş qısamüddətli siyasi konyunkturanın alətinə çevrilməməlidir. Bu prosesin səbəbləri cari siyasi epizodlardan daha dərindir. Tarixi yaddaş bir çox digər siyasət alətlərinin malik olmadığı unikal bir gücə sahibdir: o, emosional yüklüdür, milli kimliklərlə bağlıdır, kollektiv travmalara söykənir və ictimai rəyi anındaca səfərbər etmək iqtidarındadır (necə ki, bu yaxınlarda Polşa və Ukrayna arasında yaşanan gərginlikdə Ukrayna cəmiyyətinin Prezident Zelenskini müdafiə etmək üçün necə güclü şəkildə səfərbər olmasının şahidi olduq).

Məhz buna görə dövlətlər keçmişə araşdırma obyekti kimi deyil, siyasi təsir mexanizmi kimi müraciət edirlər. Beləcə, beynəlxalq münasibətlərin yeni forması – yaddaş diplomatiyası yaranır ki, burada mübahisə predmeti ərazi deyil, keçmişi interpretasiya etmək hüququdur.

Tarix cəbhə xəttinə çevriləndə hamı uduzur

Bu tendensiya özünü ən qabarıq şəkildə yüksək intensivlikli müasir münaqişələrdə büruzə verir. Rusiya-Ukrayna qarşıdurması tarixin şərhinin münaqişənin ikinci dərəcəli deyil, struktur elementi olduğunu kəskinliklə sübut edir. Tarixi hadisələr, rəmzlər və qiymətləndirmələr siyasi ritorikaya daxil edilir, qarşıdurmanın emosional temperaturunu yüksəldir və eyni zamanda kompromis imkanlarını daraldır.

Ümumi məxrəc birdir: tarixin tədricən elmi müstəvidən siyasi müstəviyə sürüşməsi. Tarix artıq həqiqətin axtarışı məkanı deyil, interpretasiya uğrunda mübarizə meydanıdır və bunun fəsadları artıq bu gündən özünü qorxulu şəkildə göstərir:

Tarix elminin nüfuzu və avtoriteti aşınmaya məruz qalır;

Beynəlxalq gərginlik artır, çünki keçmiş dövlətlər tərəfindən təzyiq alətinə çevrilir;

Münaqişələr təkcə siyasi deyil, həm də simvolik xarakter alır ki, bu da onları daha davamlı və həlli çətin olan formaya salır.

Tarix nə dövlətlərə, nə parlamentlərzə, nə də müvəqqəti siyasi elitalara məxsusdur. O, bütün səhvləri və dərsləri ilə birlikdə bəşəriyyətin ortaq təcrübəsidir. Hər bir nəslin keçmişi yenidən qiymətləndirmək hüququ var, lakin bu, yalnız elmi dürüstlük və tarixi mənbələrə sarsılmaz hörmət çərçivəsində mümkündür.

Tarix siyasi mübarizə alətinə çevrildiyi an, o, özünün əsas funksiyasını – indiki zamanı izah etmək və bəşəriyyəti gələcəyin səhvlərindən qorumaq missiyasını itirir. Həmin an tarix yaddaş olmaqdan çıxır və cəbhə xəttinə çevrilir. O zaman isə siyasi məqsədlərdən asılı olmayaraq, hamı uduzur.

İngilis tarix filosofu Arnold Toynbinin dediyi kimi: "Tarix bəşəriyyətin təkrar-təkrar qarşılaşdığı və mütləq cavab verməli olduğu çağırışlardan başqa bir şey deyil".

"AxPolitika.info"