Rusiyanın mülki aviasiya sektoru Qərbin tətbiq etdiyi sanksiyaların dağıdıcı təsirlərini ən kəskin şəkildə hiss etməyə başlayıb. Rusiyanın nüfuzlu "Kommersant" qəzetinin apardığı araşdırma və statistik təhlillər ölkə aviasiyasında vəziyyətin kritik həddə çatdığını ortaya qoyub.

"AzPolitika" xəbər verir ki, sərnişin axınının 90%-dən çoxunu təmin edən Rusiyanın 11 aparıcı aviaşirkətinin balansındakı 673 təyyarədən 130-u (yəni parkın 19,3%-i) bu yay mövsümündə uça bilmir və yerdə qalıb.

Aviasiya ekspertləri və şirkət rəsmiləri bildirirlər ki, sərnişin daşınmasının ən pik nöqtəsi sayılan yay mövsümündə təyyarələrin nasazlıq və ya texniki baxış səbəbindən yerdə qalma göstəricisi maksimum 10% civarında normal qəbul edilir. Hazırda isə bu rəqəm normadan iki dəfə çoxdur.

Məlumata görə, bu standarta yalnız dövlət dəstəyi alan və tərkibinə üç aviaşirkəti ("Aeroflot", "Rossiya", "Pobeda") daxil edən "Aeroflot" qrupu yaxınlaşa bilib. Qrupun 349 təyyarəsindən 37-si (10,6%-i) yerdədir. "Aeroflot" istisna olmaqla, yerdə qalan digər 8 aviaşirkətdə vəziyyət fəlakətlidir. Bu şirkətlərin ümumi parkının demək olar ki, üçdə biri - 322 hava gəmisindən 93-ü uça bilmir.

Şirkətlər üzrə acınacaqlı statistika belədir:

“S7 Airlines”: 104 təyyarədən 33-ü yerdədir (Parkın düz üçdə biri);

“Nordwind”: 27 təyyarədən 12-si sıradan çıxıb;

“Ural Airlines”: 51 təyyarədən 10-u uçmur;

“Utair”: 59 təyyarədən 9-u dayanb;

“Azur Air” (Çarter): 23 təyyarədən 6-sı nasazdır;

“Red Wings”: 26 təyyarədən 5-i yerdədir;

“Azimut”: 19 təyyarədən 4-ü istifadəsizdir;

“Smartavia”: 13 təyyarədən 3-ü proqramdan kənardadır.

"Kommersant" qeyd edir ki, kütləvi dayanmaların əsas səbəbi laynerlərin texniki xidmətinin (TO) həddindən artıq uzanması və qlobal detal qıtlığıdır.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra tətbiq edilən sanksiyalar ölkəyə Qərb istehsalı olan təyyarələrin və ehtiyat hissələrinin idxalını tamamilə qadağan edib. Rusiya mülki aviasiya parkının təxminən 75%-i isə məhz ABŞ (Boeing), Avropa İttifaqı (Airbus) və Kanada (Bombardier) istehsalıdır.

Xüsusilə Airbus A320/A321neo təyyarələrindəki ABŞ istehsalı olan Pratt & Whitney və fransız-amerikan birgə istehsalı olan CFM LEAP mühərriklərinin Rusiyada təmiri texnoloji olaraq qeyri-mümkündür. "Paralel idxal" və üçüncü ölkələr vasitəsilə detal gətirilməsi zənciri isə Qərbin sərt nəzarəti səbəbindən qırılmaq üzrədir.

Mütəxəssislərin fikrincə, Rusiyanın sanksiyaların ilk illərində yararlandığı "aviasiya cannibalizmi" (bəzi təyyarələri sökərək digərlərini təmir etmək) artıq öz resursunu tükədib. Sökülən təyyarələrin hissələri bitdikcə, yerdə qalan parkın da sürətlə sıradan çıxması qaçılmaz olur. Rusiya hökumətinin köhnə sovet laynerlərini (Tu-214, İl-96) yenidən göylərə qaytarmaq chdləri isə həm istehsalın ləngliyi, həm də iqtisadi səmərəsizlik baxımından problemi həll edə bilmir.

Bu böhran artıq Rusiya daxilində aviabiletlərin qiymətinin kəskin bahalaşmasına və reyslərin kütləvi şəkildə təxirə salınmasına yol açıb.

Rasim Əliyev

"AzPolitika.info"