Türkiyə, AB-yə qəbul edilməyəcəyini bilsə də, NATO üzvü kimi onun ən böyük ordusu olaraq qalmaq və Avropa Birliyi ilə münasibətlər qurmaq istəyir.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın VQTRK dövlət kanalına verdiyi müsahibədə Moskvanın Ukrayna məsələsində Ankaraya vasitəçi kimi güvənə biləcəyi ilə bağlı suala cavab olaraq deyib.

Lavrovun sözlərinə görə, Ankara Rusiya ilə yaxşı münasibətlərin tərəfdarıdır, çünki "bizim bir çox iqtisadi layihələrimiz, ortaq tariximiz var: Qafqaz, Qara dəniz".

"Türkiyə Qara dənizdə sabitlik olmasında səmimi şəkildə maraqlıdır. İndi Türk həmkarlarımız yenidən gəmiçiliyin hədəfə alınmasının qarşısını almaq üçün bir şəkildə razılığa gəlməyin vacibliyindən danışırlar. Amma bunu biz başlamamışıq" – Lavrov bildirib.

Nazir Qara dənizdəki gərginliyə görə, gözlənildiyi kimi, müharibəni başlayan Rusiyanı yox, Ukraynanı ittiham edib. Üstəlik, Türkiyənin Ukraynaya adekvat cavab verməməsindən gileylənib: “Ukrayna silahlı qüvvələrinin pilotsuz təyyarəsi Türkiyənin yük daşıyıcısına, tankerinə və ya mülki gəmisinə zərbə endirəndə, eyni dronlar Xəzər dənizindəki Xəzər Boru Kəməri Konsorsiumu infrastrukturuna dəfələrlə hücum edəndə, Amerika şirkətləri “Chevron” və “ExxonMobil” ilə əlaqəli gəmilərə birbaşa zərbə endirəndə nə Türkiyə, nə də ABŞ Ukrayna terrorçularının bu hərəkətlərinin qəbuledilməz olduğunu açıq şəkildə bəyan etmir… Görünür, ABŞ-nin vitse-prezidenti C.D. Vens Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı Vladimir Zelenskiyə bir növ siqnal göndərib.

Türklər bizə dedilər ki, onlar da həmçinin ukraynalılara bu barədə tapşırıblar. Amma ictimaiyyət qarşısında hamı susur. Bu da çox şeydən xəbər verir. Maraqlıdır ki, bu çağırışlara cavab olaraq, ortaya çıxan məlumatlara əsasən, Zelenski rejimi zərbələri dayandıracağına söz verməyib. Yalnız Rusiya Federasiyası ilə əlaqəsi olmayan gəmilərə hücumları dayandıracağına söz verib və görünür, bu izahat məqbul hesab edilib”.

Lavrov sonda bildirib ki, hər şeyə rəğmən Rusiyanın Türkiyə ilə əsas münasibətlər gündəliyi aktual olaraq qalır.

“AzPolitika.info”