Natiq Cəfərli: “İnsanların öz gəlirlərini artırmaq imkanları genişləndikcə həm iqtisadiyyat inkişaf edir, həm də sosial təminatın maliyyə bazası güclənir”
ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli ilə müsahibənin bu hissəsində Azərbaycandakı iqtisadi problemlərin səbəbləri, çıxış yolları barədə danışmışıq.
Müsahibəni təqdim edirik:
– Natiq bəy, ilin birinci yarısında qlobal geosiyasi gərginliklər fonunda neftin dünya bazarında qiymətləri yüksək səviyyədə qaldı və bu, Azərbaycanın enerji gəlirlərinə də müsbət təsir göstərdi. Bununla yanaşı, ilk dörd ayın statistikası ÜDM-də artımın məhdud olduğunu göstərir. Sizcə, bu vəziyyəti hansı amillərlə izah etmək olar?
–Məncə, bunun əsas səbəblərindən biri seçilmiş iqtisadi idarəetmə modelinin mövcud xüsusiyyətləri ilə bağlıdır. Digər mühüm məqam isə iqtisadi proseslərin qiymətləndirilməsi zamanı prioritetlərin müəyyənləşdirilməsi ilə əlaqədardır. Adətən əsas diqqət büdcə gəlirlərinin azalmasına yönəldilir. Halbuki mən hesab edirəm ki, bu, daha çox mövcud proseslərin nəticəsidir. Həmin nəticəni formalaşdıran səbəblərin daha dərindən təhlil olunmasına ehtiyac var.
Nəticədə əsas məqsəd büdcə gəlirlərinin artırılması olur. Bunun üçün isə daha çox vergi, rüsum və cərimə mexanizmlərindən istifadə edilir. Mən hesab edirəm ki, bu yanaşmanın iqtisadi fəallığa təsiri daha geniş qiymətləndirilməlidir.
– Bu yanaşmanın iqtisadi proseslərə təsiri nədən ibarətdir?
– İqtisadiyyatın fəallığına birbaşa təsir göstərir. İstər iş adamı olsun, istər adi vətəndaş, xərcləri artdıqca, yəni vergisi, cəriməsi və digər ödənişləri çoxaldıqca, daha ehtiyatlı davranmağa başlayır. Nəticədə istehlak və investisiya qərarları təxirə salınır, iqtisadiyyata yönələn vəsaitin həcmi azalır.
Bunun nümunəsi yaxın iqtisadi tarixdə də var. ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri olmuş Ben Bernankenin buna dair bir nəzəriyyəsi var. O, ən böhranlı dövrdə – 2008-ci ilin qlobal maliyyə böhranı zamanı FED-ə rəhbərlik edirdi. Onun nəzəriyyəsi "helikopter pulları" adlanır. Yəni söhbət ondan getmir ki, böhranlı vəziyyətdə iqtisadiyyat dayananda hökumət helikopterdən pul səpməlidir. Məsələ ondadır ki, hökumət iqtisadiyyata pul buraxmalıdır və bundan çəkinməməlidir. Bu, inflyasiyaya səbəb olmur, çünki insanların böhrana görə təxirə saldıqları xərclər olur. Vəsait onların əlinə çatdıqda daha çox alış-veriş etməyə başlayırlar. Məsələn, bir ayaqqabı əvəzinə iki ayaqqabı alırlar, evlərini təmir etdirirlər, avtomobil alırlar və ya onu təmirə verirlər. Nəticədə iqtisadiyyatda mərhələli canlanma yaranır.
– Bəs Azərbaycanda bu istiqamətdə tətbiq olunan yanaşmanı necə qiymətləndirirsiniz?
– Bizdə isə daha çox fiskal alətlər vasitəsilə büdcə daxilolmalarının artırılmasına üstünlük verildi. Mən təkcə vətəndaşları nəzərdə tutmuram, sahibkarlığın üzərində olan cərimə yükü də son illərdə xeyli artıb. Bu barədə kifayət qədər danışılmır, halbuki biznes mühitinə təsiri baxımından əhəmiyyətli məsələdir.
Xüsusən də kiçik və orta sahibkarın üzərinə əlavə cərimələr və inzibati yük də gələndə, biznesin inkişaf imkanları məhdudlaşır. Məsələn, sahibkar 5 min manat cərimə olunursa, o, həmin vəsaiti ödəməklə yanaşı, vergilərini də verməli, eyni zamanda fəaliyyətini genişləndirmək üçün də resurs tapmalıdır. Bu isə hər zaman asan olmur.
Məncə, dövlətin əsas məqsədi sahibkarlığın inkişafını təşviq etmək olmalıdır. Lakin son 3–4 ildə, xüsusilə COVID pandemiyasından sonra tətbiq olunan tənzimləmə mexanizmləri biznes üçün əlavə inzibati və maliyyə yükü yaradıb. Bu yanaşma müəyyən mənada Avropa İttifaqında tətbiq olunan tənzimləmə modelini xatırladır.
– Siz qeyd etdiniz ki, bu yanaşma müəyyən mənada Avropa İttifaqında tətbiq olunan tənzimləmə modelini xatırladır. Bu müqayisəni hansı əsaslarla aparırsınız?
– Bəli, amma Avropa İttifaqında bunun müsbət tərəfləri də var. Bununla yanaşı, mənim fikrimcə, Avropa İttifaqının hazırda qlobal iqtisadi rəqabətdə, xüsusilə Çin və ABŞ-la müqayisədə müəyyən çətinliklərlə üzləşməsinin səbəblərindən biri də iqtisadiyyatın həddindən artıq tənzimlənməsidir. Son illərdə çoxsaylı tənzimləmə mexanizmləri və nəzarət prosedurları tətbiq olunub.
Halbuki 20 il əvvəl Avropada biznes qurmaq daha sadə idi. Hazırda isə hətta kiçik biznes fəaliyyəti üçün belə həm milli qanunvericiliyin, həm də Avropa İttifaqının çoxsaylı standartlarının tələblərinə əməl etmək tələb olunur. Bu da sahibkarlar üçün əlavə inzibati yük yaradır və nəticə etibarilə rəqabət qabiliyyətinə müəyyən təsir göstərir.
Mən hesab edirəm ki, Azərbaycanda da son illərdə tənzimləmə mexanizmlərinin əhatə dairəsi genişlənib. Lakin Avropa İttifaqı ilə Azərbaycanın iqtisadi imkanları və bazar miqyası fərqlidir. Buna görə də eyni səviyyədə tənzimləmə yükünün tətbiqi daha həssas nəticələr doğura bilər. İqtisadiyyatın mövcud imkanları nəzərə alınmalıdır.
Bu barədə müxtəlif görüşlərdə də fikirlərimi bölüşmüşəm. Sadə bir nümunə götürək. Gəlir vergisinin bir neçə faiz artırılması büdcəyə müəyyən əlavə vəsait gətirə bilər.

– Sizcə, belə artımların büdcəyə təsiri ilə iqtisadi fəallığa təsiri arasında hansı balans qorunmalıdır?
– Əslində büdcənin ümumi həcmi ilə müqayisədə bu artımların gətirdiyi əlavə gəlir o qədər də böyük olmur. Tutaq ki, söhbət 400–500 milyon manatdan gedir. Büdcənin ümumi həcmini nəzərə alsaq, bu, nisbətən məhdud məbləğdir.
Amma digər tərəfdən vergi ödəyicisinin üzərinə düşən əlavə yük biznes qərarlarına təsir edir. Bir çox işəgötürən yeni işçi qəbul etməyə və ya əməkhaqlarını artırmağa daha ehtiyatla yanaşır. Çünki əməkhaqqı artdıqca həm işçinin, həm də işəgötürənin vergi və sosial ödəniş öhdəlikləri də artır.
– Bu, qeyri-rəsmi məşğulluq risklərini də artıra bilərmi?
– Belə risklər də mövcuddur. Bəzi hallarda sahibkarlar qeyri-rəsmi uçota üstünlük verməyə çalışırlar, sonradan isə bu, inzibati məsuliyyət və cərimələrlə nəticələnir. Məncə, əsas məsələ elə biznes mühitinin elə formalaşdırılmasıdır ki, sahibkar qeyri-rəsmi fəaliyyətə maraq göstərməsin.
Ümumilikdə hesab edirəm ki, həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən maliyyə yükünün artması iqtisadi fəallığa təsirsiz ötüşmür. Bu gün iqtisadi artım tempinin zəifləməsinin səbəblərindən biri də məhz bununla bağlı ola bilər.
Məsələn, qonşu Gürcüstana baxsaq, kiçik sahibkarlıq üçün 500 min lariyə qədər dövriyyə üzrə sadələşdirilmiş vergi cəmi 1 faizdir. Sahibkar yalnız dövriyyədən 1 faiz vergi ödəyir və əlavə vergi öhdəlikləri ilə üzləşmir.
– Azərbaycanda tətbiq olunan mexanizm bununla müqayisədə hansı xüsusiyyətləri ilə fərqlənir?
– Azərbaycanda hazırda regionlarda illik dövriyyəsi 200 min manata qədər olan sahibkarlar üçün sadələşdirilmiş vergi 2 faizdir, Bakıda isə bu göstərici 5 faiz təşkil edir. Bununla yanaşı, məsələ yalnız sadələşdirilmiş vergi ilə məhdudlaşmır. İşçi çalışdıran sahibkar Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, icbari tibbi sığorta üzrə və digər istiqamətlərdə də ödənişlər edir. Bütün bunlar birlikdə sahibkarın ümumi xərclərinə təsir göstərir.
Eyni zamanda Gürcüstanda ƏDV-yə cəlb olunmayan dövriyyə həddinin daha da artırılması ilə bağlı müzakirələr aparılır. Hətta bu həddin 10 milyon lariyə qədər yüksəldilməsini təklif edənlər də var. Bu yanaşma daha çox Dubay modeli ilə müqayisə olunur. Əslində bu modelin kökləri Britaniya vergi praktikasına dayanır, lakin daha çox Dubay nümunəsi ilə tanınır.
Dubayda uzun illər tətbiq olunan prinsip kifayət qədər sadə olub: sahibkar dövriyyədən müəyyən faiz vergi ödəyir və əlavə mürəkkəb mühasibat prosedurları ilə üzləşmir. Məsələn, bank hesabına 100 min vəsait daxil olursa, onun 5 minini vergi kimi ödəyir. Sadə və aydın vergi sistemi həm sahibkar, həm də vergi inzibatçılığı üçün daha rahat işləyir.
Mən hesab edirəm ki, vergi sisteminin sadəliyi və proqnozlaşdırıla bilməsi biznes mühitinin inkişafı baxımından mühüm amillərdəndir.
– İqtisadi artım tempinin azalması müəyyən büdcə layihələrinin təxirə salınması ilə də izah olunur. Siz bu yanaşmanı necə qiymətləndirirsiniz?
– Qeyd etdiyimi kimi, ölkədə formalaşmış iqtisadi modeldə büdcə xərclərinin rolu kifayət qədər böyükdür. Bu baxımdan iri büdcə layihələrinin icrasında yaranan ləngimələr iqtisadi fəallığa da təsir göstərə bilir.
Digər tərəfdən, bu vəziyyət onu da göstərir ki, özəl sektorun iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilməsi istiqamətində hələ görüləsi işlər var.
Statistik göstəricilərə baxdıqda, məsələn, qeyri-neft ixracının artdığı qeyd olunur. Lakin burada diqqət yetirmək lazımdır ki, qeyri-neft ixracında mühüm paya malik məhsullardan biri qızıldır. Şübhəsiz ki, bu da ixracdır, lakin mahiyyət etibarilə yenə təbii resurslardan biridir.
Ona görə də mən uzun müddətdir hesab edirəm ki, iqtisadiyyatın yalnız "neft" və "qeyri-neft" bölgüsü ilə qiymətləndirilməsi tam mənzərə yaratmır. Mənə görə, "resurs iqtisadiyyatı" və "qeyri-resurs iqtisadiyyatı" anlayışlarından istifadə olunması daha məqsədəuyğundur. Bu yanaşma iqtisadiyyatın strukturunu daha dolğun göstərir.
Burada diqqət yetirilməli başqa bir məsələ də büdcə profisiti ilə bağlıdır. Adətən profisit müsbət göstərici kimi təqdim olunur. Əlbəttə, fiskal sabitlik baxımından bunun əhəmiyyəti var. Ancaq dövlət büdcəsini şəxsi büdcə ilə eyniləşdirmək doğru deyil.
Əgər büdcədə nəzərdə tutulmuş vəsaitlər iqtisadiyyata vaxtında yönəldilmirsə, həmin vəsaitlərin iqtisadi fəallığa təsiri də gecikir. Bu baxımdan müəyyən həcmdə büdcə kəsirinin olması bir çox ölkələrdə qeyri-adi hal hesab edilmir. Əsas məsələ onun idarəolunan səviyyədə saxlanılmasıdır.
Belə hallarda dövlət müxtəlif maliyyə alətlərindən, o cümlədən daxili borclanma mexanizmlərindən istifadə etməklə maliyyələşməni təmin edə bilir. Maliyyə Nazirliyinin də bu istiqamətdə kifayət qədər alətləri mövcuddur.
Mənim narahat olduğum əsas məsələ ondan ibarətdir ki, iqtisadiyyatda pulun dövretmə sürəti aşağı düşür. Bu isə iqtisadi fəallığa təsir göstərən amillərdən biridir. Bu gün müxtəlif sahələrə baxdıqda bunu müşahidə etmək mümkündür. Avtomobil bazarında əvvəlki dinamika müşahidə olunmur, daşınmaz əmlak sektorunda müəyyən ləngimələr hiss edilir.
Nisbətən aktiv qalan sahələrdən biri pərakəndə ticarətdir. Bunun da əsas səbəbi insanların gündəlik tələbat mallarına olan zəruri xərcləridir. Ailə büdcəsində ərzaq xərclərinin payının yüksək olması isə iqtisadi ədəbiyyatda adətən əhalinin gəlir səviyyəsini xarakterizə edən göstəricilərdən biri kimi qiymətləndirilir.
– ƏDV-yə cəlb olunan dövriyyə həddi ilə bağlı son dəyişiklikləri necə qiymətləndirirsiniz?
– Dövriyyə həddi nominal olaraq artırılıb. Lakin bunun tətbiqi ilə bağlı müəyyən şərtlər müəyyən edilib. Mənim fikrimcə, praktikada həmin şərtlərdən yararlanmaq bütün sahibkarlar üçün eyni dərəcədə əlçatan deyil.
Məsələn, dövriyyənin böyük hissəsinin nağdsız formada aparılması, POS-terminal vasitəsilə ödənişlərin xüsusi çəkiyə malik olması kimi tələblər mövcuddur.
Ümumiyyətlə, mən hesab edirəm ki, burada daha geniş müzakirə olunmalı məsələ nağd və nağdsız ödənişlər arasında balansın necə qurulmasıdır. Azərbaycan qanunvericiliyində ödəniş vasitəsi manatdır. Bu baxımdan nağd və nağdsız ödəniş formalarının hər birinin iqtisadi dövriyyədə öz yeri var.
Əsas məqsəd elə vergi inzibatçılığı sistemi qurmaq olmalıdır ki, istər nağd, istərsə də nağdsız ödəniş zamanı vergidən yayınma riskləri minimuma ensin.
Mən, məsələn, istehlakçı kimi hansısa kafedə nağd ödəniş edirəmsə, bunun vergi uçotunun necə aparılması daha çox sistemin səmərəliliyindən asılı məsələdir.
Digər tərəfdən, nağd pul dövriyyəsinin müəyyən həcmdə qorunmasının şəxsi maliyyə seçimləri və məlumatların məxfiliyi baxımından da tərəfdarları var. Müasir rəqəmsal texnologiyalar böyük həcmdə məlumatların toplanmasına və təhlilinə imkan verir. Bu isə artıq iqtisadiyyatdan kənara çıxaraq şəxsi məlumatların qorunması ilə bağlı daha geniş müzakirə mövzusudur.

– Son dövrlər reklam bazarında da müəyyən durğunluğun müşahidə olunduğu bildirilir. Məsələn, Dünya Çempionatının yayımları zamanı da yerli şirkətlərin reklamlarının nisbətən az olduğu diqqət çəkir. Siz bunu iqtisadi proseslərlə necə əlaqələndirirsiniz?
– Bəli, məncə, bu da iqtisadi aktivliyi qiymətləndirmək üçün müəyyən indikatorlardan biridir. Çünki reklam ticarətin inkişafına təkan verən əsas alətlərdən biridir və bu, uzun illərdir belədir.
Yenə Gürcüstan nümunəsinə baxsaq, reklam bazarının həcmi Azərbaycandan xeyli böyükdür. Bunu internet üzərindən də müqayisə etmək mümkündür. İstənilən Gürcüstan televiziya kanalında reklam bloklarına baxanda görürük ki, reklamların böyük əksəriyyəti yerli şirkətlərə məxsusdur. Biz vaxtilə bununla bağlı monitorinq də aparmışdıq. Kolbasa istehsalçıları, spirtli və spirtsiz içki istehsalçıları, turizm obyektləri və digər yerli şirkətlər televiziya reklamlarında kifayət qədər fəaldırlar.
Azərbaycanda isə əsasən beynəlxalq şirkətlərin – "Pepsi", "Coca-Cola", müxtəlif şokolad istehsalçılarının və digər qlobal brendlərin reklamları üstünlük təşkil edir. Bunun da öz izahı var. Ola bilər ki, iri idman yarışlarının yayımı zamanı reklam qiymətləri bir çox yerli şirkətlər üçün yüksək olsun. Bu amili də nəzərə almaq lazımdır. Amma adi günlərdə yayımlanan verilişlərdə də reklam bazarının məhdud olduğunu müşahidə edirik.
Mən müxtəlif beynəlxalq şirkətlərlə məsləhətçi kimi çalışmışam. Belə şirkətlərdə reklam büdcələri ölkələr üzrə əvvəlcədən təsdiqlənir və həmin vəsaitin istifadə olunması planlaşdırılır. Əgər ayrılmış büdcə xərclənmirsə, bu, şirkətin həmin bazardakı fəaliyyətinin effektivliyi ilə bağlı suallar yarada bilir.
Məsələn, əgər beynəlxalq şirkət Azərbaycanda reklam üçün 1 milyon dollar büdcə ayırıbsa, həmin vəsait plan üzrə müxtəlif media platformalarında istifadə olunur. Bu, daha çox korporativ marketinq strategiyasının tərkib hissəsidir.
– Mövcud iqtisadi göstəricilər fonunda vətəndaşların gəlirləri, sosial ödənişlər və dövlətin sosial siyasəti ilə bağlı hansı gözləntilər formalaşa bilər?
– ÜDM-in artım tempi ilə əhalinin gəlirləri arasında birbaşa əlaqə var. İqtisadi artım zəiflədikcə gəlirlərin artım imkanları da məhdudlaşır. Gəlirlər azalanda vergi daxilolmalarına da təsir göstərir. Bu isə öz növbəsində dövlət büdcəsinin gəlirlərinə və dövlət xərclərinə təsirsiz ötüşmür.
Təbii ki, dövlətin qanunvericilikdən irəli gələn sosial öhdəlikləri var və maaşların, pensiyaların indeksləşdirilməsi kimi məsələlər həmin öhdəliklərin tərkib hissəsidir.
Mən burada daha çox iki məsələyə diqqət yetirərdim.
Birincisi, sosial dövlət modelinin tətbiqi ilə bağlıdır. Bu model müəyyən sosial təminatlar nəzərdə tutur. Bununla yanaşı, həmin öhdəliklərin davamlı şəkildə maliyyələşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Əgər gözləntilərlə imkanlar arasında fərq yaranırsa, bu, cəmiyyətdə narahartlıq yarada bilər.
Digər tərəfdən, hesab edirəm ki, bazar iqtisadiyyatının imkanlarından daha geniş istifadə olunması da müzakirə oluna bilər. İnsanların öz bizneslərini qurması, daha çox gəlir əldə etməsi və iqtisadi fəallığının artması uzunmüddətli baxımdan sosial rifaha da müsbət təsir göstərə bilər.
Vergi və digər maliyyə öhdəlikləri optimal səviyyədə olduqda insanlar öz təşəbbüslərini daha rahat həyata keçirə bilirlər. Mən daha çox iqtisadi azadlıqların genişləndirilməsinin tərəfdarıyam.
Son illərdə sosial dəstək mexanizmlərinin əhəmiyyəti artsa da, hesab edirəm ki, eyni zamanda insanların öz iqtisadi imkanlarını genişləndirməsinə şərait yaradan siyasətlər də prioritet olmalıdır. Bu zaman dövlətin üzərinə düşən sosial yük də tədricən azalır.
– Bununla belə, müəyyən sosial təbəqələr üçün dövlət ödənişləri əsas gəlir mənbəyi olaraq qalır.
– Əlbəttə. Bu səbəbdən həmin insanların gözləntiləri də daha yüksək olur. Pensiya və ya maaş artımları baş verdikdə insanlar bunu adətən inflyasiya fonunda qiymətləndirirlər. Ona görə də artımların kifayət qədər olub-olmaması ilə bağlı müxtəlif fikirlər yaranır.
Şəxsən mən maaşların, pensiyaların və sosial təminatın artırılmasının vacibliyini müzakirə etmirəm. Hesab edirəm ki, insanların layiqli həyat səviyyəsinin təmin olunması vacibdir.
Mənim daha çox diqqət yetirdiyim məsələ biznes mühitidir. İnsanların öz gəlirlərini artırmaq imkanları genişləndikcə həm iqtisadiyyat inkişaf edir, həm də sosial təminatın maliyyə bazası güclənir.
Mən sağ-mərkəzçi və liberal iqtisadi yanaşmanın tərəfdarıyam. Bu modeldə dövlət biznes üçün əlverişli mühit yaradır, sahibkarlığın inkişafını dəstəkləyir və iqtisadi fəallığı stimullaşdırır.
– Son dövrlərdə kommunal xidmətlər və infrastrukturla bağlı müxtəlif məsələlər bəzən geniş ictimai müzakirə mövzusuna çevrilir. Məsələn, Bakıda su təchizatındakı çatıçmazlıqlar, bank sektorunda baş verən texniki problemlər və sair. Sizcə, bu kimi halların artmasının əsas səbəbləri nədir?
– Bu məsələlərin müxtəlif səbəbləri var və onların hər birinin ayrıca təhlil olunmasına ehtiyac var. Mənim fikrimcə, burada ən mühüm məqamlardan biri insanların gündəlik həyat keyfiyyətidir. Beynəlxalq təcrübə göstərir ki, cəmiyyətlərdə sosial narahatlıqların əsas səbəbi təkcə gəlirlərin aşağı olması deyil, insanların həyat səviyyəsində geriləmə hiss etməsidir.
Yəni insanlar müəyyən xidmət səviyyəsinə alışdıqdan sonra həmin xidmətlərin keyfiyyətində və ya əlçatanlığında geriləmə baş verərsə, bu, cəmiyyətdə narahatlıq yarada bilir. Ona görə də əhalinin yaşayış səviyyəsinin qorunması və yüksəldilməsi iqtisadi siyasətin əsas istiqamətlərindən biri olmalıdır. Bu, xüsusilə sosial sabitliyin qorunması baxımından da əhəmiyyətlidir.
Məncə, burada bir neçə amil rol oynayır. Onlardan biri büdcə investisiyalarının dinamikası ilə bağlıdır. İnfrastruktur sahələri davamlı maliyyələşmə və mütəmadi yenilənmə tələb edir. İnvestisiyaların həcmi və ya icra tempi dəyişdikdə bunun təsiri müəyyən müddətdən sonra özünü göstərə bilir.
Digər mühüm məsələ ayrılan vəsaitlərin səmərəli istifadəsidir. İstənilən ölkədə dövlət investisiyalarının effektivliyi, şəffaflıq və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi daim diqqət mərkəzində olan məsələlərdir. Bu istiqamətdə davamlı təkmilləşdirmə iqtisadi səmərəliliyin artırılmasına xidmət edir.
Bundan başqa, yerli idarəetmə institutlarının səlahiyyətləri ilə bağlı məsələ də əhəmiyyətlidir. İdarəetmənin daha çevik təşkili, səlahiyyət və məsuliyyət bölgüsünün aydın müəyyənləşdirilməsi qərarların qəbulunu və icrasını sürətləndirə bilər.
Mən hesab edirəm ki, idarəetmədə məsuliyyət və səlahiyyət arasında balansın qorunması çox vacibdir. Qərar qəbul edən qurumun həmin qərarın icrası və nəticələrinə görə məsuliyyət daşıması idarəetmənin effektivliyini artıran əsas prinsiplərdən biridir.
Əgər hər hansı sahədə yaranan məsələ vaxtında həll olunmursa, zaman keçdikcə bu, digər sahələrə də təsir göstərə bilir. İqtisadiyyat qarşılıqlı əlaqədə olan sistemdir. Bir istiqamətdə yaranan çətinlik digər sahələrdə də özünü göstərə bilər. Buna görə problemlərin erkən mərhələdə müəyyən edilməsi və operativ həlli xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda uzunmüddətli inkişaf prioritetlərinin indidən nəzərə alınması vacibdir. Məsələn, demoqrafik proseslər göstərir ki, gələcəkdə pensiya sistemi və əmək bazarı ilə bağlı yeni çağırışlar yarana bilər. Bu məsələlərin indidən nəzərə alınması gələcəkdə daha dayanıqlı iqtisadi modelin formalaşdırılmasına kömək edər.
Məncə, iqtisadi siyasətdə yalnız cari məsələlərin deyil, uzunmüddətli inkişaf hədəflərinin də nəzərə alınması vacibdir. Bu baxımdan strateji planlaşdırma və institusional idarəetmənin təkmilləşdirilməsi gələcək çağırışlara daha hazırlıqlı olmağa imkan verə bilər.
E.Rüstəmli
E.Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər