Rusiya–Ukrayna müharibəsi uzandıqca tərəflərin yalnız döyüş meydanındakı fəaliyyəti deyil, informasiya müstəvisində apardıqları mübarizə də getdikcə sərtləşir. Müasir müharibələr göstərir ki, hərbi uğur təkcə cəbhədə qazanılan nəticələrlə ölçülmür. Rəqibin psixoloji vəziyyətinə təsir göstərmək, cəmiyyətin dözümlülüyünü qorumaq və beynəlxalq ictimai rəyə təsir etmək də strateji əhəmiyyət daşıyır.

Son aylarda Kremlin informasiya siyasətində müşahidə olunan dəyişikliklər təsadüfi deyil. Rusiyanın psixoloji üstünlüyü itirməsinin əsas səbəbi təbliğat aparatının zəifliyi deyil, illər ərzində cəmiyyətə təqdim edilən və reallıqla uzlaşmayan bəyanatların etibarını itirməsidir. Müharibə artıq beşinci ilinə qədəm qoyduğu halda, Vladimir Putinin vəd etdiyi "qəti qələbə" nəinki görünmür, əksinə, ölkə daxilində yanacaq qıtlığı, iqtisadi problemlər və paytaxt Moskvada artan təhlükəsizlik riskləri cəmiyyətdə narahatlığı daha da artırır.

Məhz buna görə Kreml yeni informasiya kampaniyasına start verib. Maraqlıdır ki, bu dəfə əsas təbliğat missiyası dövlət televiziyalarının aparıcılarına deyil, birbaşa Vladimir Putinin özünə həvalə olunub. O, son çıxışlarında "qələbəyə yaxınlaşırıq", "Qərb bizi məhv etmək istəyir", "Rusiyanı heç kim məğlub edə bilməz" kimi artıq dəfələrlə səsləndirilmiş tezisləri yenidən təkrarlayır.


Bir sıra ekspertlər Putinin reallıq hissini itirdiyini iddia edirlər. Lakin bu yanaşma müəyyən qədər emosional görünür. Kremlin rəhbəri ölkədə baş verən proseslərdən kifayət qədər məlumatlıdır. Mövcud şəraitdə onun susması mümkün deyildi və cəmiyyət qarşısında çıxış etməsi zərurətə çevrilmişdi. Sadəcə olaraq, ictimai əhval-ruhiyyəni yüksəldə biləcək yeni arqumentləri olmadığından, o, həm "Vahid Rusiya" Partiyasının qurultayında, həm də jurnalist Pavel Zarubinə verdiyi müsahibədə köhnə təbliğat tezislərinə qayıtmağa məcbur qaldı.

Müsahibə zamanı Putinin telesuflyordan istifadə etməsi də diqqətdən yayınmır. Onun çıxışından belə təsəvvür yaranır ki, guya cəbhədə vəziyyət tam nəzarət altındadır, müdafiə xətləri yarılıb və Rusiya ordusu fasiləsiz irəliləyir. Bununla belə, o, artıq uzun müddət istifadə etdiyi "hər şey plana uyğun gedir" ifadəsini işlətmir. Bu isə Kremlin reallığın müəyyən hissəsini qəbul etdiyini göstərən mühüm detaldır.

Putinin ritorikasında ən mühüm xətt yenə də "Qərb təhlükəsi" narratividir. Tarixən Kremlin ideoloji arsenalında Rusiyanı daim məhv etməyə çalışan xarici düşmən obrazı xüsusi yer tutub. Müasir mərhələdə də həmin model dəyişməyib. Putin iddia edir ki, Qərb Rusiyanı döyüş meydanında məğlub edə bilmədiyi üçün ölkəni daxildən zəiflətməyə çalışır.


Bu tezis isə tarixi faktlarla ciddi ziddiyyət təşkil edir.

Əgər tarixə nəzər salsaq, həm Rusiya imperiyasının, həm də SSRİ-nin inkişaf mərhələlərində Qərb texnologiyası, kapitalı və mütəxəssislərinin mühüm rol oynadığını görərik.

Birinci Pyotrun həyata keçirdiyi islahatların əsasını Avropa dövlətlərindən gətirilən gəmiqayırma, metallurgiya və silah istehsalı texnologiyaları təşkil edirdi. Sankt-Peterburqun salınmasında yüzlərlə xarici mühəndis və memar iştirak etmişdi. Peterburq Elmlər Akademiyasının ilk alimlərinin böyük hissəsi də Avropadan dəvət olunmuşdu.

Eyni mənzərə SSRİ dövründə də müşahidə olunurdu. 1930-cu illərin sənayeləşməsi prosesində ABŞ şirkətləri, xüsusilə Albert Kanın rəhbərlik etdiyi "Albert Kahn Associates", minlərlə sənaye obyektinin layihələndirilməsi və tikintisində iştirak etmişdi. Tarixçilərin hesablamalarına görə, bu şirkətin iştirakı ilə 1500-dən çox müəssisə inşa edilmişdi.

1921–1923-cü illərin aclığı zamanı milyonlarla sovet vətəndaşı ABŞ humanitar yardımı hesabına həyatda qalmışdı. İkinci Dünya müharibəsində isə ABŞ-ın "Lend-Lease" proqramı çərçivəsində göstərdiyi hərbi və iqtisadi yardım olmasaydı, SSRİ-nin Almaniya qarşısında müqaviməti qat-qat çətin olardı.

Hətta SSRİ dağıldıqdan sonra da Qərbin dəstəyi davam etmişdi. 1990-cı illərdə həyata keçirilən "Nann-Lugar" proqramı çərçivəsində ABŞ Rusiyada nüvə silahlarının təhlükəsiz utilizasiyasına, nüvə obyektlərinin mühafizəsinə və minlərlə nüvə mütəxəssisinin maliyyələşdirilməsinə milyardlarla dollar vəsait ayırmışdı.

Bütün bunlar göstərir ki, Kremlin bu gün yaratmağa çalışdığı "Qərb həmişə Rusiyanı məhv etmək istəyib" tezisi tarixi faktlarla uzlaşmır.

Bununla yanaşı, Rusiyanın qarşısında duran əsas problem artıq hərbi deyil, iqtisadi xarakter daşıyır. Mövcud tendensiyalar davam edərsə, ölkə tədricən 1990-cı illərin ağır iqtisadi vəziyyətinə yaxınlaşa bilər. Bunun baş verməsi üçün müəyyən vaxt tələb olunsa da, uzunmüddətli müharibənin yaratdığı maliyyə yükü və texnoloji məhdudiyyətlər Rusiyanın inkişaf potensialını zəiflədir.


Putinin son çıxışları da göstərir ki, Kreml yaxın perspektivdə müharibəni dayandırmaq niyyətində deyil. Əksinə, Donetsk vilayətində Konstantinovka, Kramatorsk və Slavyansk istiqamətlərində əməliyyatların davam etdirilməsi əsas hərbi məqsədlərdən biri olaraq qalır. Lakin bu istiqamətdə mümkün irəliləyiş Rusiyaya son dərəcə baha başa gələ bilər. Bir sıra hərbi ekspertlərin qiymətləndirmələrinə görə, belə əməliyyatlar on minlərlə əlavə itki ilə nəticələnə bilər.

Digər mühüm məqam Belarus amilidir. Kreml Minsk üzərində hərbi-siyasi təzyiqi artırmağa çalışsa da, Aleksandr Lukaşenko açıq şəkildə ölkəsinin müharibəyə cəlb olunmasını istəmədiyini bəyan edir. Onun Çin rəhbərliyi ilə intensiv məsləhətləşmələri də Minsk rəhbərliyinin əlavə siyasi təminatlar axtardığını göstərən əlamətlərdən biri kimi qiymətləndirilir.


Bütün bunlara baxmayaraq, Ukraynanın strateji təşəbbüsü yenidən ələ keçirmək imkanları tam tükənməyib. Bunun üçün Kiyev bir neçə istiqamətdə fəaliyyətini gücləndirməlidir.

Əvvəla, uzaq və orta mənzilli yüksək dəqiqlikli raketlərin istehsalı və tətbiqi genişləndirilməlidir.

İkincisi, Rusiyanın neft ixracı və yanacaq infrastrukturu üzərində təzyiq artırılmalıdır. Enerji gəlirləri Rusiya büdcəsinin əsas maliyyə mənbələrindən biri olduğundan, bu istiqamətdəki zərbələr iqtisadi təsir baxımından xüsusi əhəmiyyət daşıyır.

Üçüncüsü, neft emalı müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması davam etdirilməlidir. Son aylarda həyata keçirilən dron hücumları nəticəsində Rusiyanın benzin istehsal gücünün təxminən dörddə biri müxtəlif müddətlərdə fəaliyyətini dayandırıb. Bu isə daxili yanacaq bazarında ciddi problemlər yaradıb.

Dördüncüsü, hərbi-sənaye kompleksinin müəssisələri prioritet hədəflər sırasında qalmalıdır. Raket, pilotsuz uçuş aparatları, sursat, mikroelektronika və xüsusi təyinatlı avadanlıq istehsal edən zavodların fəaliyyəti məhdudlaşdırıldıqca Rusiyanın döyüş potensialı da zəifləyəcək.

Nəhayət, logistika mərkəzləri, dəmir yolu qovşaqları, enerji infrastrukturu və hərbi rabitə sistemlərinin sıradan çıxarılması əməliyyatların davamlılığına ciddi təsir göstərə bilər.

Hazırda Ukraynanın həyata keçirdiyi dron zərbələri Rusiya iqtisadiyyatına və hərbi sənayesinə müəyyən zərbə vurur. Bununla belə, müharibənin strateji gedişini dəyişdirəcək nəticələrin əldə olunması üçün yalnız pilotsuz uçuş aparatları kifayət etməyə bilər. Bu baxımdan uzaqmənzilli qanadlı və ballistik raketlərin istehsalının artırılması Kiyev üçün əsas prioritetlərdən biri olaraq qalır. 

Mövcud məlumatlar Ukraynanın bu istiqamətdə istehsal imkanlarını genişləndirməyə çalışdığını göstərir və yaxın dövrdə bunun müharibənin dinamikasına təsir göstərə biləcəyi istisna edilmir.

Vaqif Nəsibov

"Azpolitika.info"