Ukrayna dronlarının Rusiya ərazisində müxtəlif təyinatlı obyektlərə endirdiyi zərbələr ölkənin iqtisadi və sosial həyatına ciddi təsir göstərməklə yanaşı, əhali arasında təşviş yaradır və hakimiyyətə qarşı narazılığı artırır.
Ümumiyyətlə, Rusiya vətəndaşlarının psixoloji portretini daha yaxşı anlamaq üçün iki məqama xüsusi diqqət yetirmək lazımdır. Bir tərəfdən, rusiyalılar müharibədəki hərbi itkilərə böyük ölçüdə laqeyd yanaşırlar, digər tərəfdən isə dron hücumları nəticəsində bizneslərinin zərər görməsinə, yaşayış şəraitinin pisləşməsinə və gündəlik rahatlıqlarının pozulmasına son dərəcə həssas reaksiya verirlər. Bu, Rusiya cəmiyyətində Vətən anlayışının və rasional düşüncənin əhəmiyyətli dərəcədə deqradasiyaya uğradığını, əvəzində isə sırf praqmatik maraqların üstünlük təşkil etdiyini göstərir.
Əslində, uzun müddət bu vəziyyət Kreml üçün əlverişli idi. Çünki belə bir cəmiyyətin idarə olunması və istənilən istiqamətə yönləndirilməsi daha asandır. Artıq dörd ildən çoxdur ki, Rusiya ordusu əsasən müqaviləli hərbçilər hesabına döyüşür və böyük itkilərə baxmayaraq, "ət maşını" adlandırılan sistemin fasiləsiz işləməsi üçün davamlı şəkildə yeni döyüşçülər cəlb edə bilir. Kremlə də məhz tənqidi düşünən insanlar deyil, maddi maraq naminə həyatını riskə atan şəxslər lazımdır.

Putin yaxşı görür ki, müqaviləli hərbçilərin ailələrinin əhəmiyyətli hissəsi üçün cəbhəyə yollanan yaxınlarının taleyindən daha çox bunun gətirəcəyi maddi gəlir önəm daşıyır. Sosial şəbəkələrdə və internetdə yayılan çoxsaylı videolar da bunu kifayət qədər təsdiqləyir. Dron hücumlarının ictimai həyata ciddi təsir göstərməsinə qədər Rusiyada müəyyən sabit tarazlıq mövcud idi: bir tərəfdən cəbhəyə yeni "top yemi" göndərilməsi prosesi davam edir, digər tərəfdən isə əhali gündəlik qayğıları ilə yaşayırdı.
Lakin hazırda bu tarazlıq tədricən pozulmağa başlayıb.
Əvvəla, cəbhədə baş verən döyüşlərdə ölənlərin sayı artır və onların yerini eyni sayda yeni müqaviləli hərbçi ilə doldurmaq getdikcə çətinləşir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ordusu iyul ayında 42 860 nəfər itki verib ki, bu da müharibə başlayandan bəri ən yüksək aylıq göstərici hesab olunur. Müharibə ərzində Rusiyanın ümumi hərbi itkilərinin 700 min nəfərə çatdığı barədə müxtəlif qiymətləndirmələr də mövcuddur.

İkincisi, dron hücumları insanların gündəlik həyatındakı rahatlığı pozmağa başlayıb. Yaşayış səviyyəsinin aşağı olması və inflyasiyanın yüksəlməsinə baxmayaraq, əhali müəyyən mənada bu şəraitə uyğunlaşmışdı. İndi isə müharibənin təsirlərini arxa cəbhədə hiss edənlər arasında həm hakimiyyətə, həm də Ukraynaya qarşı qəzəb artır. Kremlin siyasətinin ölkəni çıxılmaz vəziyyətə sürüklədiyini açıq şəkildə dilə gətirənlərin sayı çoxalır.
Hələlik bu narazılıq genişmiqyaslı və təşkilatlanmış xarakter daşımır. Çünki hakimiyyət ictimai etirazı siyasi qüvvəyə çevirə biləcək müxalif strukturları demək olar ki, tamamilə sıradan çıxarıb. Bununla belə, müharibə şəraitində narazılığın böyüməsi gözlənilməz nəticələrə səbəb ola bilər. Xüsusilə də kritik məqamda siyasi və ya hərbi elita daxilindən kütləni arxasınca apara biləcək fiqurların meydana çıxması istisna deyil.
Kremldəki analitiklər, xüsusilə Federal Təhlükəsizlik Xidmətinin müvafiq strukturları mövcud təhlükəni yaxşı anlayır və buna uyğun tədbirlər görməyə çalışırlar. Onlar Rusiya cəmiyyətinin psixologiyasını, dünyagörüşünü və davranış modellərini dərindən öyrəndikləri üçün ölkədə vəziyyətin tədricən kritik mərhələyə yaxınlaşdığını hiss edir və buna cavab olaraq yeni təbliğat strategiyası hazırlayırlar. Bu prosesdə Vladimir Putin də şəxsən iştirak edir.

Müharibənin hazırkı mərhələsində Rusiya cəmiyyətində Putinə əvvəlki səviyyədə rəğbət formalaşdırmağın artıq xeyli çətin olduğunu anlayan rəsmi təbliğat korpusu kütlənin diqqətini başqa istiqamətə yönəltməyə çalışır. Yeni təbliğat modelində Putinin Qərbin Rusiyanı parçalamaq planlarına qarşı dura biləcək yeganə lider olduğu tezisi ön plana çıxarılır. Beləliklə, Rusiya cəmiyyətinin "dəhşətli düşmən" obrazı ilə qorxudulmasının yeni mərhələsinə start verilib. Kremlin təqdimatında bu düşmən artıq Ukrayna deyil, ondan qat-qat güclü göstərilən bütöv Qərb dünyasıdır.
Sözügedən təbliğatın əsas mesajı ondan ibarətdir ki, Putinsiz Rusiyanı daha ağır günlər gözləyir. ABŞ və Avropanın guya əsas məqsədi Rusiyanı zəiflətmək, onun sərvətlərini ələ keçirmək, əhalini yoxsullaşdırmaq və ölkəni məhrumiyyətlərə, məşəqqətlərə düçar etməkdir. Putin isə Rusiyanı bu təhlükələrdən qoruyan yeganə şəxs kimi təqdim olunur və hətta bu missiyanın ona ilahi iradə tərəfindən verildiyi fikri təlqin edilir. Başqa sözlə, cəmiyyətə aşılanmağa çalışılır ki, "hələ sevinin ki, rəhbəriniz Putindir, əks halda vəziyyət bundan da ağır olardı". İlk baxışdan bu cür təbliğat sadə və primitiv görünə bilər. Lakin eyni tezislərin uzun müddət fasiləsiz təkrarlanması onların müəyyən auditoriyaya təsirini artırır və tədricən insanların şüurunda möhkəmlənməsinə səbəb olur.

Göründüyü kimi, Kreml analitikləri mürəkkəb ideoloji konstruksiyalar deyil, sadə və emosional təbliğat üsullarına üstünlük verirlər. Burada əsas məqsəd Putinin strateji səhvlərinin ictimai müzakirə mövzusuna çevrilməsinin qarşısını almaqdır. Ukraynanın zəifləmək əvəzinə hərbi baxımdan güclənməsi, Finlandiyanın NATO-ya qoşulması, dron hücumlarının Rusiyanın infrastrukturuna vurduğu zərər və əhalinin getdikcə daha çox çətinliklərlə üzləşməsi kimi məsələlərdə Putinin daşıdığı siyasi məsuliyyət barədə açıq müzakirələrin aparılması faktiki olaraq "düşmənin maraqlarına xidmət" kimi təqdim edilir. Kremlin ideoloqlarının hazırkı mərhələdə başlıca məqsədi əhalinin hakimiyyətə qarşı yönələn qəzəb və narazılığını nəzərə alaraq müharibəni dayandırmaq deyil, manipulyativ təbliğat vasitəsilə insanları yenidən aldatmaq və Putinin sürətlə zəifləyən nüfuzunu qorumaqdır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ukrayna rəhbərliyinin də həm hərbi strategiyada, həm də informasiya siyasətində kifayət qədər nöqsanları var. Ukrayna bu illər ərzində Hava Hücumundan Müdafiə sistemlərini lazımi səviyyədə gücləndirə bilməyib və bu məsələdə daim ABŞ-ın dəstəyinə arxalanıb. Halbuki Rusiyanın məğlub edilməsi Vaşinqton üçün heç də mütləq strateji prioritet sayılmır. Bu məsələdə Co Bayden və Donald Trampın siyasi baxışları arasında əsasən ritorik fərqlər mövcuddur, strateji xətt isə ümumilikdə dəyişməz qalır.
Hava Hücumundan Müdafiə sistemlərinin inkişafı baxımından Ukrayna üçün texnoloji cəhətdən inkişaf etmiş Skandinaviya ölkələri ilə uzunmüddətli əməkdaşlığın qurulması daha səmərəli ola bilərdi. Təəssüf ki, Kiyev indiyədək bu istiqamətə lazımi diqqət ayırmaq əvəzinə daha çox ABŞ prezidentlərinin vədlərinə güvənib.
Ukraynanın informasiya və təbliğat siyasəti isə əsasən daxili auditoriyada döyüş ruhunun yüksək saxlanılmasına yönəlib. Bir çox ukraynalı videobloqer müharibənin geosiyasi səbəblərini sadələşdirilmiş arqumentlərlə izah edir və hesab edir ki, Rusiya cəmiyyəti gec-tez Putini bu müharibənin əsas səbəbkarı kimi qəbul edəcək. Halbuki onların Rusiya auditoriyasına hesablanmış, psixoloji və emosional təsir gücünə malik xüsusi məzmunlu videolar hazırlaması daha səmərəli nəticə verə bilərdi.
Bu baxımdan Ukraynanın təbliğat strategiyası daha sadə, lakin daha təsirli əks tezislərə üstünlük verməlidir. Məsələn, müharibənin "Putinin müharibəsi" kimi təqdim olunması ilə yanaşı, Putinin Rusiyanın milli maraqlarına ciddi zərər vurduğu qabardılaraq onun "slavyanların düşməni" və "ikinci Qorbaçov" kimi təqdim edilməsi daha böyük effekt verə bilər. Lakin bu cür tezislər mütləq faktlara söykənən sanballı arqumentlərlə əsaslandırılmalı və davamlı şəkildə təkrarlanmalıdır ki, onların təsir gücü artsın.
Vaqif Nəsibov
AzPolitika.info

Şərhlər