“Cəmiyyətdə palma yağı ilə bağlı kifayət qədər yanlış təsəvvür formalaşıb. İnsanlarda belə bir fikir var ki, palma yağı digər bitki yağları ilə müqayisədə daha təhlükəlidir. Əslində isə bu, belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı yağdır”.
Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yerli mediaya verdiyi müsahibədə bildirib.
Sədr bazarlarda kərə yağı adı ilə satışa çıxarılan yağlarda bitki tərkibli yağlardan, palma yağı və saxta kərə yağları ilə bağlı nəzarət tədbirlərindən də danışıb. Q.Təhməzli əlavə edib ki, ölkəyə idxal olunan yağlarda keyfiyyət və kəmiyyət göstəricilərinin normadan kənara çıxması, eləcə də saxtalaşdırma hallarının aşkar edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. İdxal olunan bütün qida məhsulları kimi, yağlar da xüsusi dövlət nəzarəti altındadır. Yüksək riskli məhsullar hesab edildiyi üçün onların bütün partiyaları müvafiq yoxlamalara cəlb olunur.
Palma yağı uzun illərdir Azərbaycanda da ən çox müzakirə olunan qida məhsullarından biridir. Bir çox istehlakçı onu sağlamlıq üçün zərərli hesab edir və tərkibində palma yağı olan məhsullardan uzaq durmağa çalışır. Bununla yanaşı, dünyanın bir sıra ölkələri və beynəlxalq qurumlar palma yağının istehlakını azaltmaq, yaxud onun istehsalının ətraf mühitə təsirini minimuma endirmək üçün müxtəlif addımlar atırlar.

Məsələn, Avropa İttifaqı palma yağını qida məhsullarında tam qadağan etməsə də, onun istehsalı nəticəsində yaranan meşə qırıntılarının qarşısını almaq üçün ciddi qaydalar tətbiq edir. Yeni tələblərə əsasən, Avropa bazarına çıxarılan palma yağı və ondan hazırlanan məhsulların meşələrin məhv edilməsi hesabına istehsal olunmadığı sübut edilməlidir
Norveç də palma yağının istifadəsinin azaldılması istiqamətində addımlar atan ölkələrdəndir. Ölkə palma yağından istehsal olunan bioyanacağın istifadəsini dayandırıb və Avropa İttifaqının meşələrin qırılmasının qarşısını almağa yönəlmiş qaydalarının tətbiqinə hazırlaşır.
"Nə tamamilə "zəhər", nə də digər bitki yağlarından tam üstün hesab etmək düzgün deyil"
Fransa isə son illərdə davamlı istehsal olunmuş xammalın istifadəsini təşviq edir və şirkətləri palma yağından asılılığı azaltmağa həvəsləndirən ekoloji siyasət həyata keçirir. Ölkədə istehlakçılar arasında da palma yağı olmayan məhsullara maraq artıb.
Qida mütəxəssisi Fərid Səfərov “AzPolitika”ya bildirib ki, palma yağı ətrafında çox müzakirələr aparılsa da, onu nə tamamilə "zəhər", nə də digər bitki yağlarından tam üstün hesab etmək düzgün deyil: “Palma yağının təsiri onun hansı növdə olmasından, necə emal edilməsindən və nə qədər istehlak olunmasından asılıdır. Palma yağı doymuş yağ turşuları ilə digər bitki yağlarının əksəriyyətindən daha zəngindir. Həddindən artıq qəbul edildikdə qanda LDL ("pis") xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Lakin bu risk yalnız palma yağına məxsus deyil. Kərə yağı, quyruq yağı və digər doymuş yağlarla zəngin məhsullar da həddindən artıq istifadə olunduqda oxşar təsirlər göstərə bilər”.

Ekspertə görə, keyfiyyətli və standartlara uyğun istehsal olunmuş palma yağı E vitamini və bəzi antioksidant maddələr də ehtiva edir: “Əsas problem onun xüsusilə hazır qidalarda, şirniyyatlarda, peçenye və fast-food məhsullarında çox istifadə olunmasıdır. Belə qidaların tez-tez istehlakı ümumi doymuş yağ qəbulunu artıraraq sağlamlığa mənfi təsir göstərə bilər. Yəni düzgün yanaşma palma yağını tamamilə qadağan etmək deyil, ümumi qidalanmada doymuş yağların miqdarını nəzarətdə saxlamaqdır. Gündəlik rasionda zeytun, günəbaxan və ya kanola kimi doymamış yağlarla zəngin bitki yağlarına üstünlük vermək, palma yağı olan emal olunmuş məhsulları isə normada istehlak etmək daha sağlam seçim hesab olunur. Ən vacib məsələ tək bir yağ deyil, ümumi qidalanma vərdişləridir”.
Qida mütəxəssidi Asim Vəliyev “AzPolitika”ya şərhində bildirib ki, palma yağının zərərli, ya faydalı olması ilə bağlı illərdir müzakirələr davam edir, amma palma yağı ətrafında yaranan mübahisələr çox vaxt elmi faktların deyil, emosional mövqelərin üzərində qurulur: “Palma yağı Malayziya, İndoneziya və digər tropik ölkələrdə yetişən yağ palması ağacının meyvəsindən əldə edilir. Palma yağı ucuz xammal olduğu üçün bütün dünyada tələbat çoxdur. Xüsusilə də qida sənayesində geniş istifadə olunur. Biz də dünyanın bir parçası olduğumuz üçün son illər Azərbaycan bazarında palma yağına tələbatın artması normaldır. İdxalın əsas səbəbi ucuz olması, uzun saxlanma müddəti və qida sənayesində texnoloji üstünlükləri ilə bağlıdır. Beynəlxalq təşkilatlar tərəfindən rəsmi olaraq tanınır. Xüsusilə də qida sənayesin geniş istifadə olunur. Amma hər yağ eyni deyil. Burada diqqət etməli olduğumuz məqam odur ki, palma yağının tərkibinin təxminən yarısı doymuş yağ turşularından ibarətdir. Bu göstərici zeytun, günəbaxan və kanola yağı ilə müqayisədə xeyli yüksəkdir. Üstəlik biz palma yağını təbii şəkildə yox, emal edərək qidaların tərkibində qəbul edirik”.

"Qidalardakı palma yağı təbii vəziyyətdəki palma yağı deyil. Yağın özü də, bütün qida da dəyişir"
Ekspert qeyd edir ki, doymuş yağların həddindən artıq və uzunmüddətli istehlakı qanda pis xolesterol səviyyəsinin yüksəlməsinə, bununla da ürək-damar xəstəlikləri riskinin artmasına gətirib çıxara bilər: “Bu hal yalnız palma yağına xas bir təhlükə deyil. Ümumilikdə doymuş yağla zəngin bütün məhsullara aid olan qidalanma prinsipidir. Avropa Qida Təhlükəsizliyi Agentliyinin araşdırmalarına görə bitki yağları, o cümlədən palma yağı 200 dərəcədən yuxarı yüksək temperaturda emal edildikdə, tərkibində insan sağlamlığı üçün zərərli ola biləcək və xərçəng riskini artıra bilən maddələr əmələ gələ bilər. Diqqət edəcəyimiz məqam budur. Düzgün standartlara uyğun rafinasiya edilmiş yağda bu risklər minimuma endirilir. Palma yağındakı yüksək doymuş yağ tərkibinə görə gündəlik istifadə üçün düzgün seçim deyil. Sadəcə bir alternativ ola bilər. Qidalardakı palma yağı təbii vəziyyətdəki palma yağı deyil. O, yüksək temperaturda emal olunur, digər komponentlərlə birlikdə istifadə olunur və nəticədə yağın özü də, bütün qida da dəyişir”.
Qida mütəxəssisi bildirir ki, qidaların etiketində bitki yağları yazıla bilər. Palma yağı xüsusi göstərilməyə bilər: “Bir porsiyada kiçik miqdar görünsə də, gündəlik birdən çox emal olunmuş qida istehlak edildikdə təsir gücü artır. Uşaqlar və gənclər emal olunmuş qidalara daha çox meyllidirlər. Palma yağı qəbulu onlarda daha yüksək ola bilər. Bir daha qeyd edim ki, emal olunmuş qidalardakı palma yağı ilə təbii palma yağı eyni deyil. Emal prosesi yağın kimyəvi tərkibini və bütövlükdə qidanın sağlamlıq profilini dəyişir. Yuxarıda da qeyd etdiyim kimi etiketdə bitki yağı adı ilə palma yağı qatıla bilər. Məcbur deyiliksə, bu yağın istifadəsini minumuma endirmək ən yaxşı seçim olar”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər