Məlum olduğu kimi, avqustun 15-dən etibarən "Bakı Metropoliteni" QSC tərəfindən həyata keçiriləcək "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması layihəsinin tikinti mərhələsi başlayacaq. Layihə çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti təxminən 1 il müddətinə dayandırılacaq.
Belə şəraitdə marşrutunu davam etdirmək üçün metrodan əlavə yerüstü nəqliyyatdan istifadə etməli olacaq sərnişinlər üçün hər gediş üzrə əlavə 1 manat 20 qəpik xərc yaranacaq. Bu isə yalnız həftəiçi işə gedib-gələn bir sərnişin üçün ay ərzində orta hesabla 26,4 manat, bir il ərzində isə təxminən 316,8 manat əlavə xərc deməkdir.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sərnişinlərin əlavə xərcə məruz qalmaması üçün alternativ həll yolu nəzərdə tutulub.

Onun sözlərinə görə, vətəndaşlar əlavə 1 manat 20 qəpik ödəməmək üçün təşkil ediləcək ekspres avtobuslardan istifadə edə bilərlər: "Vətəndaş əlavə 1 manat 20 qəpik ödəməmək üçün ekspres avtobusdan istifadə edə bilər. Sərnişinlər "Əhmədli" və ya "Koroğlu"ndan "Elmlər", "İnşaatçılar", "20 Yanvar" istiqamətində metrodan istifadə etmədən həmin vəsaiti avtobusa xərcləməklə hərəkət edə bilərlər. Təbii ki, davamlı olaraq monitorinqlər aparacağıq".
Ancaq məsələ burasındadır ki, metropoliten rəsmisinin bu təklifi vətəndaşların seçim imkanlarına təsir göstərir. Belə ki, onları metrodan uzaqlaşdıraraq yalnız avtobusdan istifadə variantı ilə üz-üzə qoyur. Bu isə bir çox sərnişin üçün əlavə vaxt itkisinə səbəb ola bilər. Digər tərəfdən, vətəndaşların toplu şəkildə avtobuslara yönəldilməsi sıxlıq və digər xoşagəlməz hallarla müşahidə oluna bilər.
Artıq bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri ən azından "Nizami" – "28 May" istiqamətində ödənişsiz avtobusların təşkilini tələb edirlər. Sərnişinlər düşünürlər ki, bu halda, ən azından, onların üzləşdikləri maliyyə itkisi kompensasiya edilə bilər.
Bəs, həqiqətən də, gələcəkdə bu cür pulsuz avtobuslar sərnişinlərin istifadəsinə verilə bilərmi?
Bu barədə nəqliyyat eksperti Raqif Raufoğlu "AzPolitika"ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı həm "Bakı Metropoliteni", həm də AYNA ilə əlaqə saxlayaraq məlumat almağa çalışıblar.
Ekspertin sözlərinə görə, tikinti dövründə sərnişinlərin daşınması üçün avtobuslardan istifadə nəzərdə tutulsa da, həmin marşrutlarda tətbiq olunacaq gediş haqqı hələ müəyyənləşdirilməyib: "Onlar hazırda bunun üzərində ciddi işləyirlər ki, gediş haqqı elə müəyyən edilsin ki, bu müddət ərzində vətəndaş əlavə maliyyə yükü hiss etməsin".

R. Raufoğlu hesab edir ki, metro ilə daşınan sərnişin axınını tam şəkildə avtobuslarla əvəz etmək mümkün olmayacaq: "Əgər söhbət yalnız "28 May"–"Nizami" istiqamətindən gedirsə, metronun bugünkü iş rejimini avtobuslarla eyni səviyyədə təmin etmək real görünmür. Metrodakı intervalı avtobuslarla yaratmaq mümkün deyil. Oraya 70-80 avtobus cəlb etmək də real variant deyil".
Onun sözlərinə görə, sərnişin axınının bölüşdürülməsi üçün alternativ marşrutlardan istifadə nəzərdə tutulur. Belə ki, sərnişinlərin bir hissəsi marşrutunu əvvəlcədən dəyişərək "Koroğlu" stansiyası istiqamətini seçəcək və oradan avtobuslarla hərəkətini davam etdirəcək.
Ekspert bildirib ki, hazırda aidiyyəti qurumlar hazırlıq mərhələsindədir və prosesə uyğun olaraq ortaya çıxacaq problemlərin aradan qaldırılması istiqamətində addımlar atılacaq.
"İndiki mərhələdə gözləmək lazımdır. Hesab edirəm ki, əvvəlcədən tənqid etmək düzgün olmaz. Həm "Bakı Metropoliteni", həm də AYNA bu məsələdə açıq mövqe nümayiş etdirir. İşlər getdikcə ortaya çıxacaq çatışmazlıqlar aradan qaldırılacaq. Əsas məqsəd isə vətəndaşların bu dəyişiklikləri mümkün qədər az hiss etməsini təmin etməkdir", – deyə R. Raufoğlu vurğulayıb.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər