Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı məhkəmə prosesi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, məhkəmədə sabiq deputatın vəkili Əfsər Talıbov vəsatət qaldırıb. O bildirib ki, noyabrın 20-də Türkiyə məhkəməsi Səlcuq Ağayan barəsində bəraət qərarı çıxarıb.
“Buna görə də Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə Gülər Əhmədovaya hökm çıxarıla bilməz. Eyni zamanda Sevinc Babayevanın Tabat Şirinovaya və Gülər Əhmədovaya göndərdiyi mesajlar da eks-deputat barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə ittihamın əsassız olduğunu göstərir”.
Vəkil həmçinin deyib ki, video materiallarda "1" və "500" rəqəmlərinin adı çəkilsə də, söhbətin nədən getdiyi bilinmir. Vəkilin sözlərinə görə, dəfələrlə Elşad Abdullayevin istintaqa cəlb olunması üçün Bakı Şəhər Prokurorluğuna müraciət etsə də, heç bir əsas göstərilmədən vəsatət təmin olunmayıb:
“Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sübut kimi qəbul etdiyi həmin videolar nəinki qanuna, heç bir məntiqə də sığmır.
Gülər Əhmədova videoda heç kimdən pul almır. İqtidarın yolunda can qoymuş insanı 9 aydır ki, həbsdə saxlayıblar”.


Şərhlər