Ukrayna Silahlı Qüvvələri Sankt-Peterburq Neft Terminalına zərbə endirib. Nəticədə terminalda yanğın baş verib.
“AzPolitika” xəbər verir ki, Sankt-Peterburq Neft Terminalına zərbələr barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun sözlərinə görə, şəhər genişmiqyaslı dron hücumuna məruz qalıb. Sankt-Peterburqdakı Pulkovo hava limanı fəaliyyətini dayandırıb.
Aeroportun məlumatına görə, 37 uçuş təxirə salınıb, daha 11 uçuş ləğv edilib və 10 təyyarə alternativ aerodromlara yönləndirilib.
Beqlov şəhər sakinlərinə dron təhlükəsi aradan qalxana qədər evdə qalmağı və çölə çıxmamağı tövsiyə edib. O, həmçinin mobil internet xidmətində fasilələrin yaranacağını qeyd edib.
Sosial mediada paylaşılan foto və videolara əsasən, əsas hədəf Baltik dənizində Rusiyanın ən böyük dəniz terminallarından biri olan yerli neft terminalı olub.
Limanda bir neçə dəfə partlayış baş verdiyi bildirilir və qeyd edilir ki, hazırda neft terminalı yanır.
Bundan əlavə, 4 iyul gecəsi Rusiyanın digər bölgələrindən və işğal olunmuş ərazilərdən partlayışlar barədə məlumatlar verilib.
Luqanskda partlayışlar qeydə alınıb. Cəbhədən çox uzaq Çuvaşiyada hava hücumu sirenləri verilib və yerli sakinlər tərəfindən paylaşılan videolarda “Flamingo” raketlərinin uçduğunu görmək mümkündür.
Eləcə də Ukrayna Silahlı Qüvvələri Belqoroda daha bir raket zərbəsi endirib.
Qeyd edək ki, bir neçə gün öncə Ukrayna Rusiyanı sülhə məcbur etmək üçün əməliyyat başlatdığını bəyan edib.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) July 4, 2026

Şərhlər