Baltikyanı ölkələrin hakimiyyəti "rusdilli sakinlərin kütləvi deportasiyasına" hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev deyib.

Onun Rusiya mediasında dərc edilən açıqlamasında deyilir ki, "Baltikyanı ölkələr açıq şəkildə rusdilli sakinlərin kütləvi deportasiyasına hazırlaşır, görünür, "Rusiya məsələsi"ni və xüsusilə 21-ci əsrdə görünməmiş kütləvi vətəndaşsızlaşdırma problemini nəhayət həll etməyə ümid edirlər".

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Latviya, Litva və Estoniyada etnik rusların hüquqlarının "sistemli şəkildə pozulması" ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək niyyətini açıqlayıb. 

Nazirlik iddia edib ki, Baltikyanı dövlətlər “rus dilinin istifadəsini qadağan edir, tarixi yenidən yazır və cəzaverici repressiya və qorxutma siyasəti aparır”: "Münaqişənin danışıqlar yolu ilə həlli üçün bütün cəhdlər nəticəsiz qalıb. Buna görə də, şübhəsiz ki, iddialarımızı məhkəmələrə göndərməli olacağıq".

“AzPolitika.info”