ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Zirvə toplantısında iştirak etmək məqsədilə Türkiyəyə rəsmi səfər edib. Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanan Tramp ikitərəfli görüşdən əvvəl mühüm siyasi və hərbi mesajlar verib. ABŞ lideri Türkiyəyə qarşı tətbiq olunan CAATSA sanksiyalarının aradan qaldırılacağını bəyan edib, F-35 proqramı ilə bağlı müsbət siqnallar verib, Türkiyəni "etibarlı müttəfiq" adlandırıb və Prezident Ərdoğanı "möhtəşəm lider" kimi xarakterizə edib.

17 ildən sonra Türkiyəyə səfər edən ilk ABŞ prezidenti olan Donald Trampı daşıyan "Air Force One" təyyarəsi Ankaranın Esenboğa hava limanına enib. Rəsmi qarşılanma mərasimindən sonra liderlər Prezident Sarayına yollanıblar. Saray qarşısında keçirilən rəsmi mərasimdə iki ölkənin dövlət himnləri səsləndirilib, tarixi türk dövlətlərini təmsil edən bayraqlar nümayiş etdirilib, 21 top atəşi açılıb və Türk Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" akrobatika qrupu salamlama uçuşu həyata keçirib.

Ərdoğan: "Bir yerdə olmaq bizə güc verir"
İkitərəfli görüşdən əvvəl çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin səfərinin əhəmiyyətini xüsusi vurğulayıb:"Bir yerdə olmaq bizə güc verir. Bu səfərin nə qədər əhəmiyyətli olduğunu xüsusilə qeyd etmək istəyirəm. Cənab Trampın Türkiyəyə səfəri olduqca önəmlidir."
Tramp: "Ərdoğan möhtəşəm liderdir"
Donald Tramp isə çıxışında Türkiyə Prezidenti haqqında olduqca müsbət fikirlər səsləndirib"Çox təşəkkür edirəm. Hər kəsin bildiyi kimi, biz çox yaxşı dostuq. Cənab Prezident ölkəsini çox uğurla idarə edir. Məni hava limanında şəxsən qarşıladı. Hətta burada mənim adımı daşıyan bir bina da var. Bu, çox xoş jestdir. Ərdoğan möhtəşəm liderdir və bütün dünyada hörmət qazanan dövlət başçısıdır. İlk tanışlığımızdan etibarən aramızda çox yaxşı qarşılıqlı anlaşma yaranıb və münasibətlərimiz həmişə yüksək səviyyədə olub."
ABŞ prezidenti Türkiyənin son illərdə hərbi potensialını əhəmiyyətli dərəcədə artırdığını da bildirib:"Cənab Prezidentin rəhbərliyi altında Türkiyə hərbi baxımdan son dərəcə güclü ölkəyə çevrilib. Dünyada hamı Türkiyənin nə qədər qüdrətli olduğunu bilir. Silahlı qüvvələri də, hərbi texnikası da çox yüksək səviyyədədir. Türkiyə ilə münasibətlərimiz həmişə nümunəvi olub. Mən Prezident Ərdoğana böyük hörmət bəsləyirəm və bu münasibətlər hər iki ölkənin maraqlarına xidmət edir."

Tramp görüşdə müzakirə olunacaq əsas mövzular barədə də danışıb: "Bu gün ticarət əlaqələrini, hərbi əməkdaşlığı və bir sıra digər məsələləri müzakirə edəcəyik. Böyük ehtimalla İran məsələsi də gündəmdə olacaq. İranın hərbi imkanlarını ciddi şəkildə zəiflətdik və onların nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Türkiyə ilə ticarətimiz uğurla inkişaf edir. Onlar yaxşı işlər görür, biz də yaxşı işlər görürük və qarşılıqlı əməkdaşlığımız davam edir. Burada olmaq mənim üçün böyük şərəfdir."
F-35-lərlə bağlı yeni mesaj
ABŞ prezidentinə Türkiyəyə F-35 qırıcılarının satışı barədə verilən suala cavabında Tramp Ankaranı Vaşinqtonun ən etibarlı tərəfdaşlarından biri adlandırıb: "Bu məsələ ilə bağlı qərarı biz verəcəyik. Türkiyə ilə münasibətlərimiz çox yaxşıdır. Türkiyə uzun illərdir bizim ən sadiq müttəfiqlərimizdən biridir, hətta bir çox ölkədən daha etibarlı tərəfdaş olub. F-35 dünyanın ən müasir döyüş təyyarələridir və bu məsələni müzakirə edəcəyik."
Tramp iki lider arasında şəxsi münasibətlərin də bu əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb: "Aramızda xüsusi bir kimya var. Əgər belə olmasaydı, bunu gizlətməzdim. İlk gündən münasibətlərimiz qarşılıqlı etimada əsaslanıb."

NATO müttəfiqlərini sərt tənqid etdi
Donald Tramp çıxışında NATO üzvü olan bir sıra Avropa dövlətlərini də tənqid edib. Onun sözlərinə görə, ABŞ uzun illər alyansın əsas maliyyə yükünü daşısa da, bəzi müttəfiqlər Vaşinqtonun gözləntilərini doğrultmayıblar: "Mən NATO-dan narazılığımı dəfələrlə bildirmişəm. ABŞ trilyonlarla dollar xərcləyərək Avropanı qoruyur. Lakin bəzi ölkələr eyni məsuliyyəti bölüşmək istəmirlər. İtaliya, Almaniya və Fransa müəyyən məqamlarda bizi tək qoydu. Əgər belədirsə, niyə biz yüz milyardlarla dollar xərcləməliyik?"
Ərdoğan: "5 F-35 təyyarəsi ilə bağlı Trampın sözü var"
F-35 proqramı ilə bağlı sualı cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu məsələ Ankara ilə Vaşinqton arasında yeni müzakirə mövzusu deyil və tərəflər arasında əvvəllər əldə olunmuş razılaşmalar mövcuddur: "F-35 məsələsi bizim üçün yeni mövzu deyil. Bu barədə ABŞ tərəfi ilə daha əvvəl də danışıqlar aparmışıq. Beş F-35 təyyarəsi ilə bağlı söz almışıq. Cənab Trampın da bu məsələ ilə bağlı bizə verdiyi söz var. Liderlər arasında keçiriləcək görüşdə əvvəllər əldə etdiyimiz razılaşmaların müsbət nəticə verəcəyinə inanıram. Tramp həmişə verdiyi sözün arxasında duran siyasətçidir. Hesab edirəm ki, bu zirvədən də müsbət qərar çıxacaq."

Tramp: "Türkiyə ABŞ üçün əla müttəfiqdir"
ABŞ Prezidenti çıxışında Türkiyənin strateji əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, Vaşinqton Türkiyəni etibarlı tərəfdaş hesab edir və müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır: "Türkiyə bu təyyarələri satın alıb və bunlar dünyanın ən yaxşı döyüş təyyarələridir. Əgər bir ölkəyə təyyarə satırıqsa, onun texniki xidmətini və modernləşdirilməsini də təmin etmək bizim öhdəliyimizdir. Bir çox insanlar əvvəl bu fikirlə razı deyildi, amma zaman keçdikcə hamı başa düşdü ki, Türkiyə ABŞ üçün əla müttəfiqdir."
Tramp Türkiyənin İranla bağlı regional proseslərdə də mühüm rol oynadığını bildirib:"Türkiyə İranı çox yaxşı tanıyır. Bu ölkə regiondakı proseslərə mühüm təsir göstərir. İsraillə münasibətlərinə baxmayaraq, Türkiyə münaqişəyə qoşulmadı. Mən hesab edirəm ki, bu, düzgün qərar idi. Əminəm ki, Prezident Ərdoğan da İranın nüvə silahına sahib olmasını istəmir."
Ukrayna müharibəsi: "Həm Putin, həm də Zelenski razılaşmaq istəyir"
Donald Tramp Rusiya-Ukrayna müharibəsinə də toxunaraq bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə son telefon danışıqları məhsuldar keçib: "Cənab Putinlə çox yaxşı danışığımız oldu. O, Prezident Ərdoğana böyük hörmət bəsləyir. Daha sonra Prezident Zelenski ilə də danışdım. Mənə elə gəlir ki, hər iki tərəf artıq razılaşma əldə etmək istəyir və müharibənin uzanmasını arzulamır. Prezident Ərdoğan da bu prosesə öz töhfəsini verir. Ümid edirəm ki, yaxın vaxtlarda müsbət nəticə əldə olunacaq."
Tramp müharibənin insan itkilərini də xüsusi vurğulayıb:"Təkcə ötən ay 35 min nəfər, onların əksəriyyəti isə gənc əsgərlər həlak olub. Bundan əvvəlki aylarda da on minlərlə insan həyatını itirib. Bu, dəhşətli faciədir və mütləq dayandırılmalıdır."

Tramp: "CAATSA sanksiyalarını ləğv edəcəyik"
Görüşün ən diqqətçəkən açıqlaması isə Türkiyəyə tətbiq olunan CAATSA sanksiyaları ilə bağlı olub.
ABŞ Prezidenti bu məhdudiyyətlərin aradan qaldırılacağını bəyan edib:"CAATSA sanksiyalarını ləğv edəcəyik. Bunu açıq şəkildə deyirəm. Prezident Ərdoğanın bu suala cavab verməsinə ehtiyac yoxdur. Dövlət katibi Marko Rubio da, maliyyə naziri Skott Bessent də, müdafiə naziri Pit Heqset də buradadır. Artıq bu sanksiyaların ləğv edilməsinin vaxtı çatıb. Biz dostlarımıza qarşı sanksiya tətbiq etmək istəmirik. Dost ölkələrə sanksiya tətbiq etmirik."
Bu bəyanat Ankara-Vaşinqton münasibətlərində son illərin ən mühüm siyasi mesajlarından biri kimi qiymətləndirilir. CAATSA sanksiyaları Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə tətbiq edilmişdi və iki ölkə arasında münasibətlərdə ciddi gərginlik yaratmışdı.
Suriya ilə bağlı yeni mesajlar
Donald Tramp Suriyada hakimiyyətə gələn yeni administrasiya barədə də danışıb və Ankara ilə Vaşinqtonun bu istiqamətdə əməkdaşlığını yüksək qiymətləndirib: "Prezident Ərdoğanla çox yaxşı münasibətlərimiz var. Hazırda Suriyanın yeni prezidenti Əhməd əş-Şəra ilə də yaxşı əlaqələr qurmuşuq. Biz Türkiyə ilə birlikdə Suriyanın sabitləşməsi istiqamətində çalışırıq. Mən də onun hakimiyyətini dəstəkləyənlərdən biriyəm. O, ölkəsini birləşdirmək üçün çətin, lakin vacib iş görür."

Tramp: "S-400-lərlə bağlı narahat deyiləm"
ABŞ Prezidenti çıxışında Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri məsələsinə də toxunub.
O bildirib ki, bu mövzu ilə bağlı narahatlıq keçirmir və Türkiyə ilə münasibətlərin hazırda əvvəlkindən daha yaxşı vəziyyətdə olduğunu düşünür: "S-400-lərlə bağlı hər hansı narahatlığım yoxdur. Qarşımızda öz ölkəsini daha güclü dövlətə çevirən bir lider var. Türkiyəyə baxın – yollarına, infrastrukturuna, ümumi inkişafına. Hər şey təsir edicidir. Türkiyə ilə münasibətlərimiz heç vaxt indiki qədər yaxşı olmayıb. Mənim ilk prezidentlik dövrümdə də yaxşı idi, indi isə daha yüksək səviyyədədir."
ABŞ iqtisadiyyatı və xarici investisiyalar
Donald Tramp çıxışının bir hissəsini ABŞ iqtisadiyyatındakı göstəricilərə həsr edib.
O bildirib ki, rəhbərliyi dövründə ölkəyə rekord həcmdə xarici investisiya cəlb olunub: "ABŞ son 12 ay ərzində 19,2 trilyon dollar həcmində xarici investisiya cəlb edib. Bu, təkcə Amerikanın deyil, dünya tarixinin rekord göstəricisidir. Tarif siyasətimiz nəticəsində bir çox iri şirkətlər istehsalı yenidən ABŞ-a qaytarırlar. Hazırda dünyanın ən güclü iqtisadiyyatına malik ölkəyik və məşğulluq tarixdə görünməmiş səviyyəyə çatıb. Türkiyə də ABŞ-ın mühüm ticarət tərəfdaşlarından biridir."
İtaliya və bəzi NATO müttəfiqlərinə növbəti iradlar
Tramp çıxışında yenidən bəzi Avropa ölkələrinin siyasətini tənqid edib. Xüsusilə İtaliyanın İranla bağlı proseslərdə ABŞ-a dəstək vermədiyini bildirib: "Mən İtaliyanın Baş naziri Corcia Melonini yaxşı insan hesab edirəm. Amma münasibətlərimiz bir qədər gərginləşdi, çünki onlar İran məsələsində bizə dəstək verməkdən imtina etdilər. Bu, məni məyus etdi. ABŞ-ın enerji baxımından heç kimə ehtiyacı yoxdur. Bizim öz resurslarımız kifayət qədərdir. Lakin müttəfiqlərimizdən daha çox həmrəylik gözləyirdik."
"Müharibələr artıq dronlarla aparılır"
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsində müasir texnologiyaların rolundan da danışıb.
O bildirib ki, döyüşlərin xarakteri tamamilə dəyişib və pilotsuz uçuş aparatları müharibələrin əsas elementinə çevrilib: "Bu müharibə artıq dron müharibəsinə çevrilib. Yeni texnologiyalar döyüş meydanını tamamilə dəyişib. ABŞ bu sahədə dünyanın ən qabaqcıl ölkəsidir və ən müasir dron texnologiyalarına malikdir. Lakin hər gün yayılan görüntülərə baxmaq belə ağırdır. Mənə cəbhədən şəkillər göndərirlər, amma onları izləmək istəmirəm. Bu, əsl qırğındır və mütləq dayandırılmalıdır."
Tramp qeyd edib ki, ABŞ artıq Ukraynaya əvvəlki administrasiya kimi pulsuz hərbi texnika vermir, silahların Avropa ölkələri tərəfindən satın alınması modelinə üstünlük verir: "Əvvəlki administrasiya yüz milyardlarla dollarlıq silahı pulsuz verirdi. Biz isə silahları ədalətli qiymətlə satırıq və Avropa bunun ödənişini edir. Mənim əsas məqsədim insanların həyatını xilas etməkdir."
Qrenlandiya ilə bağlı mübahisəli açıqlama
ABŞ Prezidenti çıxışının sonunda Qrenlandiyanın geosiyasi əhəmiyyətindən danışaraq bu ərazinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirib:"Qrenlandiya ABŞ üçün son dərəcə vacib bölgədir. Ada Çin və Rusiya gəmilərinin fəaliyyət zonasındadır. Hesab edirəm ki, Qrenlandiya Danimarkanın deyil, ABŞ-ın nəzarətində olmalıdır. Biz uzun illər Avropanın təhlükəsizliyi üçün böyük vəsait xərcləmişik. Lakin bugünkü Avropa artıq 20 il əvvəlki Avropa deyil. Əgər enerji və miqrasiya problemlərinə lazımi diqqət yetirilməsə, yaxın gələcəkdə tamamilə fərqli mənzərə ilə üzləşəcəyik."

Ankara görüşü ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin anonsudur
Ankarada keçirilən Ərdoğan–Tramp görüşü son illərdə ABŞ-Türkiyə münasibətlərində baş verən ən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilir. Xüsusilə CAATSA sanksiyalarının ləğvi ilə bağlı verilən mesaj, F-35 proqramına Türkiyənin qayıtması ehtimalı, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə açıqlamalar Vaşinqtonla Ankara arasında yeni mərhələnin başlanğıcına işarə kimi dəyərləndirilir.
Bununla yanaşı, Trampın NATO müttəfiqlərinə yönələn tənqidləri, Rusiya-Ukrayna müharibəsi, İran, Suriya və Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlər də beynəlxalq gündəmdə geniş rezonans doğuracaq bəyanatlar sırasında yer alır.
Gülnar İsmayıllı
"AzPolitika.info"

Şərhlər