Süni intellekt texnologiyalarının sürətlə inkişafı insanların gündəlik həyatında yeni vərdişlər formalaşdırmağa başlayıb.
Artıq bir çox insan məlumat almaq, məsləhət öyrənmək və hətta gündəlik söhbət etmək üçün süni intellekt platformalarına müraciət edir. Xüsusilə gənclər arasında bu texnologiyalara marağın artdığı müşahidə olunur. Bəzi insanlar süni intellektlə ünsiyyəti daha rahat və sürətli hesab edir.
Bəs insanların süni intellektlə daha çox ünsiyyət qurmasının əsas səbəbi nədir və bu tendensiya gələcəkdə insan münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən psixoloq Ramin Allahverdiyev bildirib ki, insanların süni intellektə daha çox müraciət etməsinin bir neçə sadə, eyni zamanda dərin səbəbi var. İlk səbəb rahatlıq və sürətdir: “İnsanlar artıq suallarına dərhal cavab almaq istəyirlər. Gecənin yarısı olsa belə, süni intellekt yorulmadan və gözlətmədən cavab verir. Kiməsə zəng etmək, cavab gözləmək insanlarda vaxt itkisi hissi yaradır. Buna görə də insanlar daha çox süni intellekti seçirlər. Məsələn, iş yerində şəxsiyyətlərarası münasibətlərlə bağlı problem yarananda gecə saat 2-də və ya 3-də belə süni intellektə sual verib cavab almaq mümkündür. Həmin vaxt dostumuza, iş yoldaşımıza və ya mütəxəssisə zəng edib narahat edə bilmərik. Bu sürət anlayışı insanları getdikcə gözləməyə qarşı daha dözümsüz edir”.
R.Allahverdiyev qeyd edib ki, ikinci əsas səbəb insanların mühakimə olunmaq qorxusundan uzaqlaşmaq istəməsidir: “İnsanlar bəzən mühakimə olunmaq və ya günahlandırılmaq qorxusundan süni intellektə üz tuturlar. Bu, çox vaxt açıq şəkildə ifadə olunmasa da, əsas səbəblərdən biri hesab oluna bilər. İnsanlar bəzən real həyatda sual verməyə çəkinirlər. “Bu sadə suala görə məni qınayarlar” kimi düşüncələr yaranır. Amma süni intellektlə ünsiyyətdə bu qorxular olmur. İnsan özünü anonim və təhlükəsiz mühitdə hiss edir. Xüsusilə sağlamlıq, maliyyə və şəxsi münasibətlərlə bağlı həssas suallarda insanlar daha rahat davranırlar. Süni intellekt insanlarda zəif görünmək qorxusunu azaldır”.
Psixoloqun fikrincə, üçüncü səbəb isə süni intellektin hər zaman əlçatan olmasıdır: “Dostların, ailə üzvlərinin və ya mütəxəssislərin öz vaxtı və əhvali-ruhiyyəsi olur. Süni intellekt isə daim cavab verməyə hazırdır. Xüsusilə özünü tənha hiss edən və ya onu dinləyən insan tapmayan şəxslər üçün bu daha cəlbedici görünür. Süni intellekt heç vaxt “vaxtım yoxdur”, “sonra danışarıq” demir və narazılıq göstərmir.
Texnologiyanın inkişafı və gənclərin rəqəmsal mühitdə böyüməsi də bu meyli gücləndirir. Müasir gənclər rəqəmsal mühitdə formalaşıblar. Onlar üçün ekran vasitəsilə ünsiyyət qeyri-təbii deyil, əksinə, adi prosesdir. Sürətli mesajlaşma və dərhal cavab almaq artıq gündəlik həyatın bir hissəsinə çevrilib”.
Psixoloq vurğulayıb ki, süni intellekt bəzi hallarda insan münasibətlərinə müsbət təsir də göstərə bilər: “Məsələn, təhsil alan tələbələr, iş axtaran insanlar və ya müəyyən məlumat əldə etmək istəyən şəxslər üçün süni intellekt faydalı vasitədir. Amma süni intellektə həddindən artıq bağlılıq real münasibətlərdə müəyyən problemlər yarada bilər. Belə insanlar digər insanlarla münasibətlərdə daha çox fikir ayrılığı yaşayır, çünki süni intellektdən aldıqları cavablara öyrəşirlər və real həyatda eyni reaksiyanı görmədikdə narazı qalırlar.
Əsas məsələ texnologiyanın özündə deyil, insanın ondan necə istifadə etməsindədir. İnsan süni intellekti gündəlik işlərində yardımçı vasitə kimi istifadə edə bilər. Əsas olan onun insan münasibətlərini tam əvəz etməsinə imkan verməməkdir”.
Oğuz Ayvaz
AzPolitika.info

Şərhlər